Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Zham.am” nəşri yazıb.
Nəşr qeyd edib ki, rəsmi olaraq TRIPP-in (Zəngəzur dəhlizi-red.) məqsədi Cənubi Qafqazda uzunmüddətli sülhü və rifahı təşviq etməkdir.
“Lakin əslində ABŞ Türkiyə və Azərbaycanın birgə layihəsi olan Zəngəzur dəhlizi üzərində birbaşa nəzarəti öz üzərinə götürür.
ABŞ və erməni mənbələri bildirir ki, “çərçivə proqramı TRIPP layihəsinin praktik icrasının konkret yolunu müəyyən edir və Ermənistan daxilində maneəsiz multimodal tranzit əlaqəsinin təmin olunmasını nəzərdə tutur”. Paşinyan rejimi iddia edir ki, Azərbaycanın materik hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirərək və Transxəzər ticarət marşrutu üzərində həyati əhəmiyyətli bağlantı yaradaraq, TRIPP-in Ermənistanın beynəlxalq və daxili nəqliyyat əlaqələrinə qarşılıqlı fayda gətirəcəyi gözlənilir. Lakin Çin nəşrinin qeyd etdiyi kimi, İrəvandakı hakimiyyət öz suverenliyinin bir hissəsini Ankaraya və Bakıya güzəştə getməyin Ermənistana necə fayda verəcəyini izah edə bilməyib”, - deyə müəllif bildirib.
Müəllif yazıb ki, Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir: “2025-ci il avqustun 8-də keçirilmiş tarixi sülh sammitində müəyyən edilmiş prinsipləri əks etdirərək, TRIPP-in icra çərçivəsi suverenliyin, ərazi bütövlüyünün və qarşılıqlılığın TRIPP-in ümumi uğuru üçün vacibliyini vurğulayır. TRIPP proqramının yekun məqsədi Ermənistan və Azərbaycanın rifahını və təhlükəsizliyini möhkəmləndirmək, eləcə də regional ticarət və nəqliyyat əlçatanlığını genişləndirməklə və Mərkəzi Asiyanı və Xəzər dənizini Avropa ilə birləşdirən yeni tranzit imkanları yaratmaqla Amerika ticarətini təşviq etməkdir”.
Nəşr bildirib ki, son bir neçə cümlə Vaşinqtonun Cənubi Qafqaza “qəfil” marağını anlamaq baxımından xüsusi əhəmiyyət daşıyır.
“Çin nəşrinin yazdığına görə, Cənubi Qafqaz həmişə Mərkəzi Asiyanı, Yaxın Şərqi və Şərqi Avropanı birləşdirən ən vacib regionlardan biri hesab olunub. Məhz buna görə də bu ərazi tarixən böyük güclər tərəfindən son dərəcə strateji zona kimi dəyərləndirilib.
Nəşr qeyd edir ki, ABŞ-nin məqsədi bu regiona nəzarət etmək və Rusiyanın, eləcə də İranın güclənməsinə imkan verməməkdir. Ermənistan bu baxımdan 2018-ci ilə qədər mərkəzi rol oynayıb.
Lakin nəşrin iddiasına görə, 2018-ci ildə Ermənistanda hakimiyyətə Qərbin satelliti olan Nikol Paşinyan gətirilib ki, ölkənin rolunu və əhəmiyyətini dəyişsin.
Çin nəşrinin vurğuladığı kimi, Paşinyanın təkcə “Qarabağ”a (ləğv edilmiş qondarma qurum-red.) deyil, elə Ermənistanın özünə qarşı nümayiş etdirdiyi misli görünməmiş xəyanət onun bədbəxt ölkəsini məhvə sürükləyir. Müəllif qeyd edir ki, Paşinyanın israrlı anti-Rusiya və türkpərəst siyasəti İrəvan üçün strateji fəlakətə çevriləcək.
Hazırda Ermənistan demək olar ki, bütün tərəflərdən rəqiblərlə əhatə olunub. Paşinyan hakimiyyətinin dəstəyi ilə rejim regionda Ermənistanın qorunmasında maraqlı olan yeganə iki ölkə olan Rusiya və İranla əlaqələri kəsir. Halbuki Paşinyanın başqa planları var. Nəşr yazır ki, o, təkcə Türkiyə və Azərbaycana deyil, həm də Ermənistanın gələcəyinə və mövcudluğuna faktiki olaraq biganə olan siyasi Qərbə fəal şəkildə xoş görünməyə çalışır”, - deyə “Zham.am” yazıb.
KİV-in məlumatına görə, Çin nəşri qeyd edir ki, bu problem Ankaranın təkbaşına həll edə biləcəyindən xeyli iddialı olsa da, ABŞ-nin başçılıq etdiyi siyasi Qərb Türkiyənin addımlarını geniş şəkildə dəstəkləyir.
“Bunun əsas səbəbi ondan ibarətdir ki, Qərb uzunmüddətli perspektivdə Türkiyənin bu hərəkətlərinin qaçılmaz şəkildə Rusiya, İran və Çinlə strateji toqquşmalara gətirib çıxaracağını anlayır.
Çin nəşrinin fikrincə, Qərbdə hesab edirlər ki, Rusiyada və Mərkəzi Asiyada yaşayan türkdilli xalqlar “yeni ukraynalılar” rolunu oynaya bilərlər.
Eyni zamanda, bu region Çin və İrana qarşı fəaliyyətlər üçün platformaya çevrilə bilər. Sintszyan xüsusilə həssas bölgə hesab olunur, çünki burada əhəmiyyətli sayda türkdilli, xüsusən də uyğur əhalisi yaşayır və onların, gözlənildiyi kimi, Ankarayla koordinasiyalı fəaliyyət göstərə biləcəyi ehtimal edilir. Bundan əlavə, daha bir problem mövcuddur: tarixi İran Azərbaycanı vilayəti. Qeyd olunur ki, bu vilayətdə şimalda yerləşən eyniadlı keçmiş sovet respublikasından daha çox azərbaycanlı əhali yaşayır.
ABŞ regiona, xüsusilə də qeyd olunan Zəngəzur dəhlizi vasitəsilə, bu qədər israrla müdaxilə etməyə və TRIPP proqramını həyata keçirməyə çalışır. Bu, əslində, bir çox müstəqil müəllifin, o cümlədən mənim, illərdir xəbərdarlıq etdiyim məsələlərin danılmaz sübutudur. Xüsusilə də Türkiyənin BRICS və Şanxay Əməkdaşlıq Təşkilatı kimi qurumlara cəlb olunması mövzusunda ciddi düşünmək lazımdır.
Çin nəşri analitik yazısını bu fikirlərlə yekunlaşdırır.
Qeyd edək ki, bu nəşr əsasən Pekinin rəsmi mövqelərini əks etdirir, lakin müxtəlif səbəblərdən onlar Çin hakimiyyətinin rəsmi mövqeyi kimi açıqlanmır.
Reallıq budur”, - deyə “Zham.am” bildirib.
Alpər Mövludoğlu
Ordu.az