Bu kontekstdə, Livanın siyasi elitasına yaxın mənbələrin bildirdiyinə görə, bu il keçirilməsi nəzərdə tutulan parlament seçkilərinin iki il müddətinə təxirə salınması variantı müzakirə olunur. Hesab edilir ki, bu müddət “Amal” şiə hərəkatının lideri Berrinin varis məsələsində qərar verməsi üçün kifayətdir. Məlumatlara görə, bu posta iki namizəd, Əhməd Bəalbəki və Əli Həsən Xəlil nəzərdən keçirilir. Sonuncu, Berrinin siyasi məsələlər üzrə köməkçisidir.
Məsələnin mürəkkəbliyi ondadır ki, Livanın şiə icması siyasi baxımdan fərqlənən iki əsas təşkilata malikdir: “Amal” və “Hizbullah”. Birincisi “praqmatik xətt” götürərək İsraillə əldə olunmuş razılaşmaların icrasını, ölkənin cənubunda qanuni sərhədlərin müəyyənləşdirilməsini və qeyri-dövlət silahlı birləşmələrinin tərksilah edilməsini dəstəkləyir. “Hizbullah” isə əksinə, hətta öz ixtiyarında olan ağır silahların Livanın nizami ordusuna verilməsi təklifini belə qətiyyətlə rədd edir.
“Hizbullah” yaxın vaxtlarda ciddi itki verib. İsrailin xüsusi əməliyyatı nəticəsində təşkilatın lideri Həsən Nəsrullah Beyrutda öldürülüb. Onu əvəz edən Naim Qasım əvvəlki nüfuza malik olmasa da, xarici siyasət məsələlərində sərt ritorikanı qoruyur, İsrailə və ABŞ-yə qarşı “müqəddəs müharibəni davam etdirmək” mövqeyindən çıxış edir. Yanvarın 27-də o, ABŞ Prezidenti Donald Trampa hədə-qorxu gələrək bildirib ki, əgər Tramp İranın ali dini lideri Xameneyinin “öldürülməsi barədə göstəriş versə”, onu “ədalətli qisas” gözləyir.
İsrail KİV-lərinin məlumatına görə, Livanın iki şiə qurumu arasındakı rəqabət fonunda parlamentin hazırkı sədri Berri “ötən ilin payızında öz yaxın çevrəsindən olan etibarlı şəxslər vasitəsilə Tehranla dialoq təşəbbüsü irəli sürüb”. Bu müzakirələr “İranın xarici işlər naziri Əraqçinin Beyruta səfəri zamanı da davam edib”. Təfərrüatlar açıqlanmır, lakin israilli ekspertlər hesab edirlər ki, Livanın Prezidenti Aun “Qərblə əlaqələrin dərinləşdirilməsini dəstəkləyən xətti müdafiə edir”.
Asif Cəfərov
Ordu.az