KİV: Avropa İttifaqı Ermənistana 20 milyon avro məbləğində yardım göstərilməsini təsdiqləyib

2025/10/1761476356.jpg
Oxunub: 499     19:31     28 Yanvar 2026    
Avropa İttifaqına üzv olan 27 ölkə, o cümlədən Macarıstan Avropa İttifaqının Sülh Fondundan Ermənistana 20 milyon avro məbləğində yardım ayrılmasını təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Brüsseldəki mənbələri məlumat yayıb.

Qeyd edilib ki, qərar bu gün qəbul edilib.

Nəşr bildirib ki, Ermənistan ötən il fonddan yardım almaq üçün müraciət edib, lakin Macarıstan bunu bloklayıb. Rəsmi Budapeşt bildirirdi ki, Ermənistana yardım göstərilməsinə qarşı deyil, şərt odur ki, eyni həcmdə dəstək Azərbaycana da verilsin. Diplomatik görüşlər və pərdəarxası danışıqlardan sonra Macarıstan mövqeyini dəyişib.

KİV qeyd edib ki, Ermənistan Avropa fondundan ikinci dəfə yardım alır. İlk yardım 2024-cü ilin iyul ayında 10 milyon avro məbləğində verilib.

“Bu dəfə ayrılan vəsait iki dəfə artırılıb və əsas istiqamət kimi Ermənistan Silahlı Qüvvələrinin və müdafiə imkanlarının möhkəmləndirilməsi göstərilib. Bu məqsədlə logistika və tibbi avadanlıq təminatı, eləcə də zəruri texniki təlimlərin verilməsi nəzərdə tutulur. Vəsait növbəti 35 ay üçün planlaşdırılıb”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Ermənistan  


Bizi "telegram"da izləyin