Sabiq erməni rəsmi: “Ordudan ixtisar edirlər, vəsaiti məmurların mükafatlarına yönəldirlər, amma əksinə olmalı idi”

2026/01/dsf47-1769603638.jpg
Oxunub: 325     16:34     28 Yanvar 2026    
“Sülhə nail olmaq üçün güclü orduya ehtiyac olmadığı barədə söylənən fikirlər politologiya, tarix və ümumiyyətlə məntiq baxımından heç bir sınağa tab gətirmir”.

Ordu.az xəbər verir ki, bunu bu gün “Yerablur”da jurnalistlərlə söhbətində Ermənistanın “Birləşmənin qanadları” siyasi təşəbbüsünün üzvü, Dövlət Gəlirləri Komitəsinin sabiq rəhbəri Davit Ananyan deyib.

“Hamımız anlayırıq ki, güclü olmalıyıq, güclü orduya, xarici hərbi-siyasi güclü ittifaqlara malik olmalıyıq və güclü orduya, hərbi-siyasi ittifaqlara sahib olaraq təhlükəsizliyimizi təmin etməliyik. Güclü ordumuz olmazsa, heç bir şəkildə təhlükəsiz ola bilmərik. Bu gün sanki hüquqla güc bir-biri ilə mübarizə aparır və güclü tərəf öz mövqeyindən istifadə edərək bir-iki onillik əvvəl adətən diplomatik kanallar və danışıqlar yolu ilə həll edilməyə çalışılan məsələləri zorla diktə edir”, - deyə o bildirib.

2026-cı il büdcəsində müdafiə xərclərinin azaldılmasına toxunan Ananyan deyib: “Azərbaycan builki büdcəsində hərbi xərcləri ötən illə müqayisədə təxminən 30 faiz artırıb, biz isə təxminən 110 milyard dram azaltmışıq. 110 milyard dram azaldılan fonda, məsələn, 3 milyard dram mükafat verildiyini görəndə, məsələn, parlamentin 2025-ci il dövlət büdcəsi üzrə qənaət edilmiş vəsaitlərin mükafatlara yönəldildiyini görəndə cəmiyyətdə suallar yaranır”.

O bildirib ki, yəni burada məntiqi olan heç bir yanaşma yoxdur.

“Nəticə etibarilə 110 milyard dram həcmində hərbi xərclərin azaldılması Azərbaycana ünvanlanmış reverans da ola bilər ki, qeyri-hərbi mövqeyimizi nümayiş etdirsin. Halbuki əksinə olmalı idi. 2020-ci ilin noyabrından sonra 2021-ci il dövlət büdcəsinin prioritetləri aydın şəkildə yenidən nəzərdən keçirilməli idi.

Əgər 2021-ci il, ondan sonrakı 2022, 2023 və 2024-cü illərin dövlət büdcələrinə baxsanız, müəyyən artım göstəriciləri var, amma məntiqi baxımdan elə bir yenidən formalaşma yoxdur ki, cəmiyyət müharibədən dərs çıxarıldığını və müharibə nəticəsində dəymiş zərərlərin, o cümlədən hərbi sənaye və müdafiə sahəsində dəymiş zərərlərin bərpasına dair aydın niyyətin olduğunu görsün”, - deyə Ananyan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ananyan   Ermənistan  


Bizi "telegram"da izləyin