ABŞ-İsrail-Azərbaycan Oxu Güclənir: Ermənistan üçün Yeni Strateji Reallıq

2026/01/1769584102.jpg
Oxunub: 1048     16:07     30 Yanvar 2026    
Bu yaxınlarda “Truth” sosial şəbəkəsində ABŞ Prezidenti Donald Tramp ABŞ-nin Azərbaycanla strateji tərəfdaşlığı gücləndirməyi planlaşdırdığını, həmçinin Azərbaycana ABŞ istehsalı olan müdafiə avadanlıqları, zirehli gödəkçələr, katerlər və bir sıra digər vasitələr satmaq niyyətində olduqlarını bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Sülh yalnız bir kağız parçası deyil, ərazi güzəştləri sülh gətirmir”: İsrailin xarici işlər nazirinin Ermənistana dolayı mesajı” başlıqlı məqlaəsində yazıb.

Nəşrə görə, bundan sonra hərbi-ekspert dairələrində ABŞ-nin Azərbaycana daha hansı vasitələri tədarük edə biləcəyi mövzusunda müzakirələr başlayıb və belə qənaətə gəlinib ki, müəyyən mərhələdə bunlara FPV tipli pilotsuz uçuş aparatları, antidron sistemləri və radioelektron mübarizə vasitələri də daxil ola bilər.


“Yəni Azərbaycanda əmindirlər ki, ABŞ-Azərbaycan hərbi-texniki əməkdaşlığı qarşıdakı 3 il ərzində genişlənəcək.

Qeyd edək ki, eyni dövrdə təhlükəsizlik sahəsində ABŞ ilə İsrail arasında 10 illik yeni sazişin imzalanması ehtimalı ilə bağlı məlumatlar da yayılır, çünki mövcud razılaşma 2028-ci ilə qədər nəzərdə tutulub.

Bu arada İsrailin xarici işlər naziri Gideon Saar Bakıya səfər edib. Səfər çərçivəsində o, azərbaycanlı həmkarı və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Onu biznes dairələrinin nümayəndələri müşayiət etsə də, Azərbaycan mediası Azərbaycan-İsrail strateji münasibətlərinin səviyyəsinin hərbi-texniki əməkdaşlıqla qiymətləndirilməli olduğunu vurğulayıb. Məhz bu kontekstdə 2025-ci ildə Bakıda keçirilən hərbi paradda nümayiş etdirilən İsrail istehsalı silah sistemləri də unudulmayıb”, - deyə nəşr bildirib.

KİV vurğulayıb ki, söhbət, xüsusilə zərbə, taktiki və kəşfiyyat təyinatlı pilotsuz uçuş aparatlarından və sistemlərindən gedir: “Orbiter-1KM”, “Orbiter-2”, “Orbiter-3”, “Orbiter-4”, “Orbiter-5”, “Aerostar”, “Hermes-450”, “Hero-120” (HIRO), “Sky Striker”, “Harop” və digərləri.

“Qeyd edək ki, həmin paradda ilk dəfə olaraq Azərbaycanın yeni formalaşdırılmış insansız sistemlər qoşunları da iştirak edib. Bundan başqa, Azərbaycan-İsrail hərbi-texniki əməkdaşlığı kontekstində Azərbaycan tərəfi “Sea Breaker” sistemini də daim xatırlatmağı vacib sayır.

2025-ci ilin sonlarında bu sistemə və onun Bakı üçün əhəmiyyətinə ətraflı şəkildə toxunmuşduq. Həmin vaxt Bakıya Müdafiə Tədqiqatları və İnkişafı İdarəsinin rəhbəri, ehtiyatda olan briqada generalı Daniel Qold səfər etmişdi.

“Haqqin.az” nəşri yazmışdı ki, Azərbaycan regionda İsrailin ən müasir silah sistemlərinə, o cümlədən “Sea Breaker” və “Ice Breaker” hava modifikasiyası olan 5-ci nəsil yüksək dəqiqlikli raketlərə birbaşa çıxışı olan yeganə dövlətdir. Biz də bunu müvafiq təhlildə xatırlatmışdıq.

Azərbaycanda hesab edirlər ki, Bakı ilə İsrail arasındakı əməkdaşlıq ABŞ faktorunu daha da əhəmiyyətli edir. Xüsusilə də nəzərə almaq lazımdır ki, ABŞ öz “Bullseye” raketi üçün əsas texnologiya kimi məhz İsrailin “Sea Breaker” raketinin texnologiyasını seçib”, - deyə KİV bildirib.

Nəşr vurğulayıb ki, Azərbaycanın xarici işlər nazirinin İsrailə səfəri zamanı Bakı 44 günlük müharibə dövründə göstərilən yardımı da unutmayıb.

“Bu amil İsrail-Türkiyə münasibətlərindəki gərginliyə baxmayaraq, yaddaşlardan silinmir.

İsrailin xarici işlər nazirinin Bakıya səfəri ilə bağlı daha bir məqamı da xüsusi qeyd etmək istəyirik.

Gideon Saar Azərbaycan APA agentliyinə müsahibə verib və İsrail-Fələstin münaqişəsinə toxunarkən bildirib ki, İsrail vaxtilə mühüm güzəştlərə, o cümlədən ərazi güzəştlərinə gedib. O, Oslo razılaşmasını və Fələstin Muxtariyyətinin yaradılmasını xatırladıb.


“Anlamalısınız ki, fələstinlilər bu ərazilərin bir santimetrini belə fəth etməyiblər. Bütün ərazilər İsrail tərəfindən verilib, ya ikitərəfli, ya da birtərəfli kontekstdə.

Amma məsələ ondadır ki, bizim təcrübəmiz, sizin də şahidi olduğunuz kimi, İsrail xalqına göstərdi ki, biz yalnız sülhə yaxınlaşmamışıq, əksinə təhlükəsizlik vəziyyətimiz pisləşib. Buna görə də, bu gün insanlar fələstinlilərə daha çox güzəşt təklif edərkən daha ehtiyatlıdırlar, çünki bu, sülh gətirməyəcək. Bu gün lazım olan Fələstin cəmiyyətində dərin dəyişiklikdir, lazım olan budur ki, Fələstin cəmiyyəti özünü üç mənfi yanaşmadan ayırmalıdr. Birincisi, terrorçulara və onların ailələrinə ödənişlərdir və Fələstin Muxtariyyəti hələ də bunu edir. Bu yolla onlar terrorçuları təşviq edir və Fələstin cəmiyyətində terror zehniyyətini qoruyurlar. Vurğulayıram ki, indi HAMAS-dan yox, Fələstin Muxtariyyətindən danışıram. İkincisi, təhrik məsələsində böyük bir dəyişiklik etməkdir. Tədris proqramlarında, təhsil sistemində, Fələstin mediasında İsrailə qarşı təhriki dayandırmaq lazımdır, çünki bu artıq yeni nəslin zehnini zəhərləyir. Sülh yalnız bir kağız parçası deyil. Sülh insanların arasında olur. İnsanlar sizə nifrət edirsə, siz sülh qura bilməzsiniz. Bu, ikinci vacib məsələdir. Üçüncüsü isə İsrail Dövləti əleyhinə, qanunsuz müharibəni dayandırmaqdır — həm beynəlxalq forumlarda, həm də “beynəlxalq” adlandırılan məhkəmələrdə. Əgər onlar bu üç şeyi yerinə yetirsələr, məncə, İsrail xalqı sülh prosesində etibarlı tərəfdaşımız olduğunu düşünəcək. Hazırda isə belə bir hiss yoxdur və buna görə də daha çox güzəşt təklif etməyə əsas yoxdur. Çünki kimsə açıq şəkildə “səni məhv etmək istəyirəm” deyəndə, səni yemək istəyən timsahı bəsləməzsən”, - deyə Saar qeyd edib.

Buradan çıxarılmalı olan sadə həqiqət budur ki, İsrail kimi bir dövlətin rəsmi nümayəndəsi açıq şəkildə bildirir: ərazi güzəştləri hər zaman sülhə gətirib çıxarmır, çünki sülh sadəcə kağız parçası deyil”, - deyə məqalədə vurğulanıb.

Nəşr yazıb ki, bir vaxtlar Ermənistan Silahlı Qüvvələrinin inkişafı məsələsində İsrail təcrübəsinin nümunə götürülməsinin vacibliyi barədə çox danışılırdı, sonra bu müzakirələr səngiyib.

“Ola bilsin ki, yaxın dövrdə, parlament seçkilərində iştirak etmək niyyətində olan siyasi qüvvələr öz təhlükəsizlik proqramlarını təqdim edərkən bu mövzu yenidən aktuallaşsın, bəlkə də kimsə yəhudi təcrübəsindən və ya tövsiyələrindən yararlanmaq qərarına gəlsin.

Hər halda, indiki mərhələdə İsrailin xarici işlər nazirinin səsləndirdiyi bu sadə həqiqətə ciddi yanaşmaq faydalı olardı”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin