Ordu.az xəbər verir ki, bunu “Yerablur”da 44 günlük müharibədə məhv edilmiş erməni mayor Robert Hasratyanın anası bildirib.
“Bu gün hökumət guya anım günü elan edib, amma bunun nə anım günü olduğunu mən başa düşə bilmirəm. Bütün valideynlər üçün anım günü sentyabrın 27-sidir, çünki biz övladlarımızı sonuncu dəfə həmin gün görmüşük.
Bizim üçün hər gün matəm günüdür. Ölən övladlarımızın bütün valideynləri üçün həyat sentyabrın 27-si səhər bir anın içində dayanıb. Sanki bizi ələ salırlar: bu gün anım günü edirlər, sabah isə ordu günü”, - deyə o bildirib.
Bu gün səhər saatlarında Ermənistanın Baş naziri Nikol Paşinyanın hakim elita ilə birlikdə gücləndirilmiş mühafizə şəraitində Ermənistan prezidenti ilə “Yerablur”u ziyarət etməsinə toxunan erməni mayorun anası deyib: “Yəqin bir daha bizi incitmək, məsxərəyə qoymaq üçün gəldi. Mən yalnız bunu deyə bilərəm. Bir daha gəlib yaralarımızın üstünə duz səpməyə gəldi. Onların bu səfərini başqa cür qəbul edə bilmirəm. Əgər onlar heç olmasa bir az bizim övladlarımızın xatirəsinə hörmət etsəydilər, bura ayaq basmazdılar. Onların gəlişi yalnız övladlarımızın xatirəsini təhqir edir”.
Alpər Mövludoğlu
Ordu.az