Suqovuşan işi üzrə proses uzanır: 2020-ci il sentyabrın 26-sı ilə bağlı iddialar

2026/01/1769497000.jpg
Oxunub: 593     16:27     27 Yanvar 2026    
“2025-ci il noyabrında məlumat vermişdik ki, 2020-ci ilin 44 günlük müharibəsi zamanı Suqovuşan hərbi hissəsinin komandiri Sevak Abrahamyanla bağlı cinayət işinin araşdırılmasına yenidən başlanılıb”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Sevak Abrahamyanın işi üzrə dindirilmiş Onik Qasparyan və Karen Şakaryan yenidən dindiriləcəkmi?” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, hakim Artuş Qabrielyana qarşı ittiham irəli sürülməsi və onun səlahiyyətlərinin dayandırılmasından sonra icraatında olan işlər digər hakimlərə yenidən paylanıb.

“Əlavə edək ki, 44 günlük müharibə ilə bağlı bu iş 2023-cü il yanvar ayından məhkəmədədir. İş əvvəlcə Zəngəzur vilayətinə göndərilib, daha sonra isə İrəvana köçürülüb”, - deyə KİV vurğulayıb.

Erməni polkovnik Abrahamyanın vəkili Arman Tamrazyan “168.am”a işə baxılmasının hansı mərhələdə odluğunu izah edib.

“Artıq əsas məhkəmə iclaslarına keçmişik. Hazırkı mərhələdə hələ heç bir sübut araşdırılmayıb. Noyabrdan sonra iclas keçirməmişik, növbəti iclasın ehtimal ki, mart ayında olacağı gözlənilir”, - deyə o bildirib.

KİV bildirib ki, məhkəməyə çağırılmış şahidlərin sayı 51 nəfərdir və hələ yarısı belə dindirilməyib.

“Sevak Abrahamyanın vəkili daha əvvəl bizə bildirmişdi ki, Artuş Qabrielyanın icraatında cəmi 11 nəfər dindirilmişdi”, - deyə məqalədə qeyd edilib.

Nəşr yazıb ki, indi isə işin başqa hakimə təhvil verilməsindən sonra məhkəmə təkcə hələ dindirilməmiş şahidləri deyil, indiyədək dindirilmiş şəxsləri də yenidən dindirməlidir.

“Əgər məhkəmə araşdırması başlanıbsa, qanuna görə hamı dindirilməlidir, bəli, o cümlədən artıq dindirilmiş şəxslər də dindirilməlidir. Bu şəxslərin yenidən dindirilməsi ilə bağlı fərqli yanaşmalar ola bilər, lakin hazırkı mərhələdə qanunun tələbinə əsasən hamı yenidən dindirilməlidir”, - deyə Abrahamyanın vəkili təsdiqləyib.

“Bildirmişdik ki, Suqovuşan hərbi hissəsinin komandirinin işi üzrə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Onik Qasparyan, “müdafiə ordusu”nun (ləğv edilmuş qanunsuz “hərbi birləşmə”-red.) keçmiş komandiri Calal Harutyunyan, 44 günlük müharibə zamanı “müdafiə ordusu”nun 10-cu dağatıcı diviziyasının komandiri Karen Şakaryan, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının hazırkı rəisi Edvard Asryan və digər şəxslər dindirilib.

Bundan başqa, məhkəmə sistemindən Onik Qasparyanın Suqovuşan hərbi hissəsinin komandirinin işi üzrə verdiyi ifadə və dindirilmə zamanı dedikləri barədə məlumat əldə etmiş və dərc etmişdik.

Lakin bir müddət sonra məhkəmə sistemindən təkcə bu məlumatlar və Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Onik Qasparyanın verdiyi əmrlər çıxarılmayıb (bu, müəyyən mənada başadüşüləndir, çünki məxfilik məsələsi ola bilər), eyni zamanda Suqovuşan hərbi hissəsinin komandirinin işi ilə bağlı əsas məlumatlar da silinib. Halbuki həmin məlumatlar istintaqın əvvəlində İstintaq Komitəsi tərəfindən ictimaiyyətə açıqlanmışdı”, - deyə nəşr bildirib.

KİV-ə görə, 2022-ci ildə Ermənistan İstintaq Komitəsi yaydığı məlumatda qeyd etmişdi ki, Abrahamyan müharibədən bir gün əvvəl, 2020-ci il sentyabrın 26-da Suqovuşan hərbi hissəsinin yaradılmasına həsr olunmuş ziyafət təşkil edib və keçirib.

“Ziyafətdə zabit heyətinin əsas hissəsi, eləcə də onun dəvət etdiyi digər qonaqlar, ümumilikdə “müdafiə ordusu”nun təxminən 100 zabiti iştirak edib. Həmin vaxt o, döyüş növbətçiliyində olan tabeli bölmələrin komandirlərindən ön xəttdə və rəqibin arxa cəbhəsində qüvvə və vasitələrin hərəkəti, cəmləşməsi və döyüş əməliyyatlarının başlanması təhlükəsinin kəskin artması barədə məruzələr alıb.

Lakin İstintaq Komitəsinin bildirdiyinə görə, xidmət vəzifəsinə əsasən hərbi hissənin bütün şəxsi heyətini və vasitələrini tam döyüş hazırlığı səviyyəsinə gətirmək, müdafiəyə keçərək döyüş mövqelərini doldurmaq, bununla da rəqibin qəfil hücumunu aşkar etmək, qarşısını almaq, dəf etmək və bu barədə ilk fürsətdə birbaşa rəhbərliyə məruzə etmək öhdəliyi olduğu halda, Suqovuşan hərbi hissəsinin komandiri Sevak Abrahamyan bu istiqamətdə heç bir tədbir görməyib. Halbuki onun vəkili bizimlə söhbətində Onik Qasparyanın bütün göstərişlərinin yerinə yetirildiyini bildirib.

Öz növbəsində Baş Qərargah rəisi Onik Qasparyan ifadəsində qeyd edib ki, “rəqibin uğurlarının səbəbi Sevak Abrahamyan tərəfindən döyüş növbətçiliyi qaydalarının pozulması olmayıb və ola da bilməzdi”.

Qeyd edək ki, həmin ziyafət barədə o dövrdə “müdafiə ordusu”nun komandiri olan Calal Harutyunyan məlumatlandırılıb və dəvət edilib, lakin iştirak etməyib”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Abrahamyan   Qasparyan   Şakaryan  


Bizi "telegram"da izləyin