Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “36 000 dram təqaüdçüyə, milyonlar məmurlara: sosial “ədalət”in paşinyanvari modeli” başlıqlı məqaləsində yazıb.
Nəşr qeyd edib ki, hakim partiyadan olan deputat Vahaqn Aleksanyanın “bizim dövrümüzdə təqaüdlər 16 000 dramdan təxminən 43 000 drama çatıb” açıqlaması reallıqla yalnız qismən və son dərəcə manipulyativ şəkildə “səsləşir”.
“Sadə bir həqiqətdən başlayaq: 16 000 dram təqaüdü təqaüdçülərin olduqca kiçik bir hissəsi alıb. Bu məbləğ yalnız əmək stajı olmayan və minimal təqaüd alan vətəndaşlara aid idi.
2023-cü ilin məlumatlarına görə, bu kateqoriya ümumi təqaüdçülərin təxminən 12 faizini təşkil edib, yəni söhbət təxminən 70 000 nəfərdən gedir. Başqa sözlə, hakimiyyət cəmiyyətə ən aşağı göstəricini “köhnə sistemin ümumi mənzərəsi” kimi təqdim edir ki, öz “artımını” daha təsirli göstərsin və ictimaiyyəti çaşdırsın.
Lakin bu manipulyativ başlanğıc nöqtəsindən sonra belə real yaxşılaşmadan danışmaq səmimi görünmür. 2024-cü ildə minimal təqaüd olan 36 000 dram hələ də minimal istehlak səbətinin yarısından da azını təşkil edir. 2018-ci ildə bu göstərici səbətin cəmi 26 faizi idisə, 2024-cü ildə təxminən 47 faizə çatıb. Yəni “artımdan” sonra da təqaüdçü minimal ehtiyaclarının yarısından da azı ilə yaşamağa məcbur qalır”, - deyə nəşr bildirib.
KİV yazıb ki, hakimiyyət isə orta təqaüd mövzusundan danışmaqdan yayınır, çünki burada mənzərə hakim tezislərə ümumiyyətlə uyğun gəlmir.
“Əgər 2018-ci ildə orta təqaüd minimal istehlak səbətinin 66 faizindən çoxunu təşkil edirdisə, 2024-cü ildə bu göstərici bir qədər də pisləşərək təxminən 65 faizə enib. Bu isə o deməkdir ki, təqaüdçülərin böyük əksəriyyətinin real alıcılıq qabiliyyəti nəinki yaxşılaşmayıb, əksinə, faktiki olaraq yerində qalıb. Bu hesablamalara inflyasiya, əmlak vergisinin, zibil haqqının artımı, dərman və digər həyati xərclərin yüksəlməsi belə daxil edilmir.
Sadə müqayisə üçün qeyd edək ki, Serj Sarkisyanın idarəçilik illərində orta təqaüd hər il təxminən 2700 dram artıb, Nikol Paşinyanın hakimiyyəti dövründə isə bu artım illik orta hesabla 1300 dram səviyyəsində qalıb”, - deyə məqalədə qeyd edilib.
Müəllif bildirib ki, “36 000 + 20%” tezisi də ayrıca bir manipulyasiyadır.
“Əslində, bu 20 faiz təqaüdün birbaşa artırılması deyil, hər kəsə şamil olunmayan geriödəmə proqramıdır. Əmək və sosial məsələlər naziri Arsen Torosyanın açıqladığı məlumatlara əsasən, 2025-ci ilin sonuna geriödəmə proqramından təqaüd və müavinət alanların təxminən 57 faizi istifadə edir və orta aylıq geriödəmə məbləği təxminən 4200 dram təşkil edir ki, bu da 2025-ci il üçün elan edilən “maksimum 6000 dram” həddindən xeyli aşağıdır.
Üstəlik, əgər geriödəmə təqaüd artımı kimi təqdim edilirsə, o zaman hesablamaya yalnız proqramdan faydalanan 57 faiz deyil, bütün təqaüd və müavinət alanlar daxil edilməlidir. Bu halda isə 4200 dram yox, təxminən 2400 dram alınır. Bundan başqa, geriödəmə kommunal ödənişlərə şamil edilmir ki, bu da proqramın təsirini ciddi şəkildə məhdudlaşdırır”, - deyə KİV vurğulayıb.
Nəşr qeyd edib ki, 2024-cü ildə geriödəmə üçün faktiki olaraq 10 milyard dram xərclənib.
“Əgər benefisiarların sayı nazirin səsləndirdiyi 660 000 yox, hətta 600 000 qəbul edilsə belə, bir təqaüd və ya müavinət alan şəxsə düşən orta aylıq geriödəmə məbləği 1400 drama belə çatmır. 2026-cı il dövlət büdcəsində geriödəmə üçün 20 milyard dram xərclənməsi planlaşdırılır ki, bu halda bir təqaüd və ya müavinət alan şəxs orta hesabla ayda təxminən 2500-2800 dram geriödəmə alacaq.
Bütün bunların fonunda hakimiyyətin təqaüdlərin “misilsiz artımı” ilə bağlı bəyanatları sosial siyasətdə real uğurdan daha çox rəqəmlərlə kələkbazlığı xatırladır. Təqaüdlər rəqəmlərlə arta bilər, amma onların minimal istehlak şəraiti ilə nisbəti yaxşılaşmırsa, ləyaqətli qocalıqdan danışmaq sadəcə olaraq, sinizmdir.
Hakimiyyət “təqaüdlərin artımı”ndan yüksək səslə danışdığı bir vaxtda, dövlət aparatında tamamilə başqa bir reallıq formalaşıb. Məmurların, deputatların və nazirlik əməkdaşlarının mükafatları milyonlarla dramla ölçülür. Bir tərəfdə təqaüdçü çörək, kommunal ödəniş və dərman arasında seçim etmək məcburiyyətində qalır, digər tərəfdə isə hakimiyyət nümayəndələri, adətən, ölçülə bilən nəticə olmadan “astronomik” mükafatlar alır.
Nəticə etibarilə faktlar açıqdır: son illərdə təqaüdçülərin böyük əksəriyyəti üçün həyat daha asan olmayıb. Hakimiyyət bunu nə qədər gözəl rəqəmlər və yarımhəqiqətlərlə təqdim etməyə çalışsa da, reallıq dəyişmir. Hakimiyyət nümayəndələri mükafatlarından zövq alarkən, təqaüdçüdən 36 000 drama bir neçə min dram geriödəmə əlavə etməklə özünə “ləyaqətli həyat” qurması gözlənilir”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az