ABŞ prezidenti and içdi, Putin isə “ayaq basdığı” torpaqlara baxır – BAXIŞ BUCAĞI

2025/06/1750951618.jpg
Oxunub: 588     11:36     27 İyun 2025    
Haaqada keçirilən NATO sammitindən ümumi təəssürat ondan ibarətdir ki, vaxtilə sovet hakimiyyəti haqqında “sosialist inqilabının tribunası” Mayakovskinin dediyi kimi – “iclas çağırıblar ki, qərar versinlər, növbəti iclası nə vaxt keçirsinlər”. Qeyd etmək lazımdır ki, növbəti sammitin Türkiyədə keçirilməsi qərara alınıb və bu, Rəcəb Tayyib Ərdoğanın ciddi diplomatik uğurudur: Şimali Atlantika Alyansı faktiki olaraq etiraf edir ki, “çəkindiricilik sisteminin” formalaşdırılması Türkiyənin müdafiə sənayesi olmadan mümkün deyil.

Məlum olduğu qədər, məhdud informasiyalar fonunda əsas mübahisə NATO-ya Ukraynanın üzvlüyü perspektivi ətrafında cərəyan edib və ABŞ prezidenti Donald Trampın avropalı opponentlərini sadəcə “əzdiyi” deyilir: Ukrayna yaxın gələcəkdə nəinki NATO-ya, hətta Avropa İttifaqına da üzv ola bilməyəcək.

Bu barədə maraqlı məlumatı “The Washington Post” yayıb. Qəzetin mənbələrinin bildirdiyinə görə, Avropa liderləri ABŞ prezidentini inandırmağa çalışıblar ki, Ukraynadan sonra Rusiya Baltikyanı ölkələrə hücum edə bilər. Bu zaman Tramp and içib ki, Vladimir Putin ən azı o, Ağ Evdə olduğu müddətdə belə bir addım atmayacaq.

Eyni zamanda Tramp NATO üzvü olan Avropa ölkələrinin hərbi xərcləri artırmaq barədə qəbul etdiyi qərarı alqışlayıb. “Avropalılar da ona bu addıma görə təşəkkür ediblər və bəzi liderlər ABŞ Hərbi Hava Qüvvələrinin İranın nüvə obyektlərinə endirdiyi zərbələri yüksək qiymətləndiriblər”.

Haaqada Tramp-Putin “razılaşmasının” əldə olunduğu artıq şübhə doğurmur. Qeyri-adi olan isə budur ki, ABŞ prezidenti Rusiyanın Avropa ölkələrinə qarşı mümkün hərbi hücumunu məhz özü ilə – yəni şəxsi vəzifədə olması ilə əlaqələndirir. ABŞ demokratik dövlətdir və Trampın prezidentlik müddəti üç ildən sonra başa çatır. Bu arada isə Rusiya prezidenti bir neçə gün öncə açıq şəkildə bildirib ki, müharibəni dayandırmağa ehtiyac yoxdur, çünki onlar irəliləyirlər. Putinin sözləri ilə desək: “Harada rus əsgəri ayaq basıbsa – ora artıq bizimdir”.

Putinin “harada rus əsgəri ayaq basıbsa – ora bizimdir” hərbi doktrinasının sərhədləri məlum deyil. Bu baxımdan, ABŞ prezidentinin “andı” və NATO üzvlərinin hərbi xərclərinin artırılması tələbi bir-birinə zidd görünür. Qərb mətbuatı Baltikyanı ölkələrin Rusiya ilə sərhədləri minalaşdırmaq planlarından yazır. Rusiyalı ekspertlər NATO-nun Kalininqrad vilayətini mühasirəyə almağa hazırlaşdığı barədə xəbərdarlıqlar edirlər. Daha radikal fikirlər isə Putinə “preventiv tədbirlər görməyi” tövsiyə edir.

Trampın ikinci prezidentlik dövrünü Avropanı Rusiya ilə müharibəyə hazırlamaq mərhələsi hesab etmək olarmı? “Mən Ağ Evdə olduğum müddətdə Putin Avropa ölkələrinə hücum etməyəcək” fikri, əslində, belə başa düşülür: NATO üzvlərinin hərbi xərclərini artırması, Avropa İttifaqı ilə Türkiyənin müdafiə sənayesində inteqrasiyası yalnız bir məqsədə xidmət edir – Rusiyanın mümkün hücumuna hazır olmaq və ona adekvat cavab vermək.

Bu halda isə məntiqli bir sual yaranır: Putin niyə bu imkanı Avropaya versin ki? Axı o, “əgər döyüş qaçılmazdırsa, birinci sən vurmalısan” prinsipini əsas götürür. Ukrayna məsələsində də bu doktrina ilə hərəkət edib. Elə isə Litva və ya Latviya niyə istisna təşkil etməlidir? Xüsusilə nəzərə alsaq ki, Kalininqradın strateji mühasirəsinin qarşısını almaq üçün Rusiyaya “bəhanə” artıq mövcuddur.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Putin   NATO   Tramp  


Bizi "telegram"da izləyin