Ordu.az xəbər verir ki, Ərdoğan Ankarada keçiriləcək NATO Zirvə Toplantısı çərçivəsində təşkil olunacaq NATO Müdafiə Sənayesi Forumunun müttəfiqlər arasında müdafiə sənayesi əməkdaşlığını gücləndirəcək mühüm platforma olacağını bildirib.
Türkiyənin müdafiə sənayesi məhsullarının forum çərçivəsində nümayiş etdiriləcəyini qeyd edən Ərdoğan deyib ki, NATO Müdafiə Sənayesi Forumunda bir tərəfdən qabaqcıl məhsullar təqdim olunacaq, digər tərəfdən isə bu əməkdaşlığı daha da səmərəli edəcək addımlar müzakirə ediləcək.
Ərdoğan vurğulayıb ki, Türkiyənin Avropanın təhlükəsizliyinə verdiyi töhfələr nəzərdən qaçırılmamalıdır və Avropa İttifaqının müdafiə və təhlükəsizlik təşəbbüslərinə Türkiyənin də cəlb olunması vacibdir.
Onun sözlərinə görə, Türkiyənin müdafiə sənayesində qazandığı imkanların dar siyasi maraqlara görə kənarda saxlanılması heç kəsə fayda verməyəcək.
“Avropa İttifaqının açıqladığı müdafiə və təhlükəsizlik təşəbbüslərinə Türkiyənin də daxil edilməsi məsələsində parlament üzvlərinin yaxından dəstəyini gözləyirik. Türkiyənin müdafiə sahəsində malik olduğu potensialı dar siyasi maraqlar səbəbindən kənarda saxlamaq heç kimə fayda gətirməz”, - deyə Türkiyə Prezidenti bildirib.
Ərdoğan əlavə edib ki, Haaqa Zirvə Toplantısında qəbul edilən qərarlar əsasında Türkiyə müdafiə xərclərini artırır və NATO missiyaları ilə əməliyyatlarına ən çox töhfə verən ilk beş müttəfiqdən biridir.
Prezident qeyd edib ki, Türkiyə müdafiə sahəsində üzərinə düşən öhdəlikləri yerinə yetirir və müdafiə sənayesi ticarəti qarşısındakı maneələrin aradan qaldırılması alyansın gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır.
Ərdoğan NATO daxilində daha güclü və əhatəli müdafiə arxitekturasına ehtiyac olduğunu bildirərək deyib: “Bütün alyans boyunca Texasdan Ankaraya qədər uzanan, heç bir qeyd-şərtsiz vahid təhlükəsizlik və müdafiə şəbəkəsi qurmalıyıq”.
Türkiyənin 70 ildən artıqdır NATO-nun təhlükəsizliyinə töhfə verdiyini xatırladan Ərdoğan güclü ordusu, müasir hərbi imkanları və inkişaf etmiş müdafiə sənayesi ilə ölkəsinin alyansın aparıcı müttəfiqlərindən biri olduğunu vurğulayıb.
O, həmçinin Türkiyənin regional böhranların idarə olunması sahəsində topladığı təcrübəni və NATO daxilində qazandığı bilikləri müttəfiqlərlə bölüşməyə davam etdiyini bildirərək Ankara Zirvə Toplantısının bu təcrübə mübadiləsi üçün mühüm platforma olacağını qeyd edib.
Sevinc Əliyeva
Ordu.az