Ərdoğan Makronu SAMP/T HHM sistemi üçün razı salmağa çalışacaq

2025/06/1750878126.jpg
Oxunub: 682     23:01     25 İyun 2025    
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Hollandiyanın Haaqa şəhərində keçirilən NATO Zirvəsi çərçivəsində Fransa prezidenti Emmanuel Makronla keçirəcəyi görüşdə Avropa istehsalı olan SAMP/T hava hücumundan müdafiə sisteminin birgə istehsalı gündəmə gələcək.

Ordu.az “Bloomberg”ə istinadən xəbər verir ki, Ərdoğan Fransanın sistemin Türkiyə ilə birgə istehsalına qarşı çıxmasını aradan qaldırmağı tələb edəcək. Ankara bu sistemin tədarükünü sürətləndirərək, milli hava hücumundan müdafiə layihəsi olan “Çelik Kubbe”ni 2-3 il ərzində fəaliyyətə keçirməyi hədəfləyir.

Ərdoğanın zirvədə NATO daxilində ikinci ən böyük orduya sahib olan Türkiyənin Avropa təhlükəsizliyi baxımından kritik rol oynadığını vurğulaması gözlənilir. Ərdoğanın həmçinin müdafiə sənayesi əməkdaşlığının qarşısındakı siyasi maneələrin aradan qaldırılmasının vacibliyini qeyd edəcəyi bildirilir.

Fransa keçmişdə Türkiyənin Suriya siyasəti və Şərqi Aralıq dənizində Yunanıstan-Kipr gərginliyi səbəbilə SAMP/T sisteminə məsafəli yanaşmışdı. Lakin sistemin digər ortağı olan İtaliyanın Türkiyəyə satışa isti baxdığı bilinir.

SAMP/T sisteminin Türkiyədə birgə istehsalı Ankaranın müdafiə sənayesi imkanlarını inkişaf etdirməyi və xarici asılılığı azaltmağı hədəfləyir. Görüşün Fransa ilə müdafiə əməkdaşlığında yeni bir dövrün qapısını açıb-açmayacağı maraqla gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Makron  


Bizi "telegram"da izləyin