Almaniya 2025-ci il büdcə qanun layihəsini təsdiqləyib

2025/06/1750837573.jpg
Oxunub: 330     12:00     25 İyun 2025    
Almaniya Nazirlər Şurası ölkənin durğun iqtisadiyyatını canlandırmaq və müdafiə xərclərini artırmaq məqsədi daşıyan 2025-ci il büdcə layihəsini və 2026-cı il büdcə çərçivəsini təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Almaniyanın maliyyə naziri və kanslerin müavini Lars Klinqbeyl Berlində keçirdiyi mətbuat konfransında deyib ki, Bundestaq ölkənin “borc tormozu”nu yüngülləşdirmək və infrastrukturu yeniləmək üçün 500 milyard avroluq xüsusi fondun yaradılmasına “yaşıl işıq” yandırdıqdan sonra nazirlər 2025-ci il büdcə layihəsini və 2026-cı il büdcə çərçivəsini təsdiqləyiblər.

Klinqbeyl federal büdcə və 500 milyard avroluq investisiya paketi ilə yeni bir iqtisadi güc yaratmaq, ölkəni modernləşdirmək, gələcəyə uyğunlaşdırmaq və təhlükəsiz yaşayışı təmin etmək üçün lazım olanı etdiklərini vurğulayıb.

“Bu il 115 milyard avrodan çox rekord bir investisiya planlaşdırırıq. Federal hökumətin illik investisiyalarını təxminən 192 milyard avroya çatdıracağıq”, - deyə o qeyd edib.

2029-cu ilə qədər federal büdcənin əsas marşrutunu təyin etdiklərini bildirən Klinqbeyl deyib: “Ölkəmiz bir çox sahədə qənaət tədbirləri ilə viran qaldı. Bu dəyişməlidir. Ekskavatorların sürətlə hərəkət etməsini istəyirik”.

Büdcədə bu il 503 milyard avro xərcləmə, 421,2 milyard avro gəlir və 115 milyard avro investisiya nəzərdə tutulur. Qanun layihəsində xalis borclanmanın 2025-ci ildə 81,8 milyard avro olacağı, 2026-cı ildə isə 89,3 milyard avroya yüksələcəyi gözlənilir. Bundan əlavə, 2026-cı il üçün 123,6 milyard avro investisiya planlaşdırılır.

Hökumətin büdcə marşrutu 2029-cu ilə qədər ümumi məbləği 847 milyard avro olan yeni borc emissiyasını nəzərdə tutur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Büdcə   Qanun  


Bizi "telegram"da izləyin