Ordu.az xəbər verir ki, bu qərar Serbiya Silahlı Qüvvələri Baş Qərargahının genişləndirilmiş iclasından sonra qəbul edilib.
Vuçiç iyunun 23-də verdiyi açıqlamada bildirib: “Hazırda heç nə ixrac etmirik. Bütün ixrac dayandırılıb. Gələcəkdə ixrac yalnız çox ciddi qiymətləndirmələr və xüsusi icazələrlə mümkün olacaq. Dövlətin bütün səlahiyyətli qurumları bu barədə məlumatlandırılacaq”.
Vuçiç bir jurnalistin Serbiyanın İsrail-İran münaqişəsində tərəf olub-olmadığı və İsrailə sursat satıb-satmadığı ilə bağlı sualına belə cavab verib: “Bu gün gəldiyimiz nöqtədə artıq ixrac yoxdur. Bütün istehsal Serbiya ordusunun ehtiyacları üçün istifadə olunur”.
Prezident əlavə edib ki, 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə hücumundan sonra İsrailə sursat satışına icazə verilib, lakin o dövrün şərtləri artıq keçərli deyil.
Serbiya Müdafiə Nazirliyi prezidentin təlimatlarına uyğun olaraq, ölkədə istehsal edilən bütün silah və hərbi avadanlığın ixracının dayandırıldığını elan edib. Açıqlamada gələcəkdə ixrac üçün yalnız aidiyyəti nazirliklərin deyil, həm də Milli Təhlükəsizlik Şurasının təsdiqinin məcburi olacağı vurğulanıb.
Serbiyanın indiyə qədər hansı ölkələrə nə qədər silah və sursat satdığına dair rəsmi məlumatlar ictimaiyyətə açıqlanmayıb. Lakin ölkənin əsas istehsal müəssisələrindən biri olan “Krušik” və “Sloboda AD” kimi şirkətlərin 122 mm-lik D-30 haubitsa sursatları kimi məhsullarda böyük istehsal gücünə sahib olduğu məlumdur.
Vuçiç bəyanatında silahların son istifadəçiləri ilə bağlı qeyri-müəyyənlikdən narahatlığını da dilə gətirib. Bəzi sursatların müxtəlif ölkələr vasitəsilə Ukrayna müharibəsində istifadə edildiyinə dair iddialara cavab olaraq deyib: “Asiyaya, Afrikaya, Avropaya, Amerikaya ixrac edə bilmirəm. Bəs silahları hara göndərim? Antarktidaya?”
Serbiya bundan əvvəl həm Rusiyaya, həm də Ukraynaya silah göndərdiyinə dair iddiaları qəti şəkildə təkzib etmişdi. Lakin Vuçiç üçüncü ölkələr vasitəsilə edilən satışlarda son istifadəçinin kim olduğunu müəyyən etməyin mümkün olmadığını bildirib.
“O qədər tərəfdən şikayət alırıq ki... Bu vəziyyətin qarşısını almağın yeganə yolu bütün sursatı öz kazarmalarımızda saxlamaqdır”, - deyə o əlavə edib.
Sevinc Əliyeva
Ordu.az