“Bloomberg”: Türkiyə “Eurofighter” üçün Almaniya ilə danışıqlar aparır

2025/06/1750832975.jpg
Oxunub: 354     11:45     25 İyun 2025    
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO zirvəsi çərçivəsində Almaniya kansleri Fridrix Merts ilə görüşərək Türkiyəyə “Eurofighter” döyüş təyyarələrinin satışı üçün dəstək axtaracağı bildirilir.

Ordu.az xəbər verir ki, görüş Ankaranın onlarca “Eurofighter Typhoon” təyyarəsi sifariş etmək cəhdlərinin bir hissəsi kimi qiymətləndirilir.

Türkiyəli rəsmilərə görə, yeni və işlənmiş döyüş təyyarələri ilə yanaşı, “BAE Systems”, “Airbus” və “Leonardo” ortaq müəssisəsi olan MBDA tərəfindən hazırlanan “Meteor” “hava-hava” raketlərini də əhatə edən bu potensial alışın dəyəri təxminən 10 milyard avro (11.4 milyard dollar) ola bilər.

Satış prosesində konsorsium üzvlərindən Böyük Britaniyanın asanlaşdırıcı rol oynadığı və mart ayında “Eurofighter” təyyarələri üçün ilk qiymət təklifini verdiyi məlumdur.

Bu hal keçmişdə əsasən Ankara və Afinanın Şərqi Aralıq dənizində enerji axtarışları səbəbindən Berlin tərəfindən əngəllənən danışıqlarda irəliləyiş kimi qiymətləndirilir.

Türkiyənin müdafiə sənayesi əlaqələrini gücləndirmə strategiyası

Türkiyə belə bir razılaşmanın Avropa müttəfiqləri ilə müdafiə əlaqələrini gücləndirəcəyini düşünür.

Ərdoğan Haaqaya getməzdən əvvəl Ankarada etdiyi açıqlamada bildirib: “Müttəfiqlər arasında müdafiə sənayesi ticarətinə maneələr qoyulmasını düzgün hesab etmirik”.

Digər tərəfdən, Türkiyənin Almaniyadan “Leopard” tipli döyüş tankları və alman istehsalı sualtı qayıqlar ilə digər bəzi silah sistemləri üçün ehtiyat hissələri gözlədiyi də qeyd olunub.

ABŞ ilə F-16 və F-35 danışıqları

“Eurofighter” təşəbbüsü ilə paralel olaraq Ankara ABŞ prezidenti Donald Trampdan yeni F-16 və F-35 təyyarələrinin alınması və döyüş təyyarəsi mühərriklərinin birgə istehsalı ilə bağlı əməkdaşlıq üçün də razılıq gözləyir.

Bu diplomatik səylər, Türkiyənin İsrail-İran münaqişəsi və Rusiyanın Ukraynadakı müharibəsi kimi Yaxın Şərqdəki qeyri-sabitliklər qarşısında hərbi imkanlarını gücləndirmə strategiyasının bir hissəsi kimi ön plana çıxır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Eurofighter   Almaniya  


Bizi "telegram"da izləyin