Ordu.az xəbər verir ki, televiziyada yayımlanan çıxışında Putin “Yeni “Oreshnik” uzaqmənzilli raket sisteminin seriyalı istehsalı davam edir” deyərək sistemin “döyüş şəraitində özünü çox yaxşı sübut etdiyini” əlavə edib.
Putin bu silah sisteminin ilk dəfə 21 noyabr 2023-cü ildə Ukraynanın Dnipro şəhərindəki müdafiə sənayesi obyektinə qarşı istifadə edildiyini və bu hücuma şəxsən özü icazə verdiyini bildirib. Bu hücumun Ukraynanın ABŞ istehsalı ballistik və Britaniya istehsalı qanadlı raketlərlə Rusiya ərazisini hədəf almasına cavab olduğunu deyib.
Putin bildirib ki, əgər Ukrayna uzun mənzilli Qərb istehsalı silahlarla Rusiyaya hücumlarını davam etdirərsə, Kiyevdəki “qərar qəbul edən mərkəzlər” də daxil olmaqla yeni hücumlarla cavab veriləcək.
O, uzun mənzilli raketlərin 5.500 kilometrə qədər məsafəni vura bildiyini və bu məsafənin Rusiyadan Avropanın istənilən nöqtəsini və ya ABŞ-nin qərb sahillərini hədəf almağa yetərli olduğunu vurğulayıb.
Putin “Oreshnik” raketlərinin dayandırıla bilməz olduğunu və məhvetmə gücünün nüvə silahına yaxın olduğunu iddia edib. Lakin bəzi Qərbli ekspertlər bu qiymətləndirməyə ehtiyatla yanaşır.
2023-cü ilin dekabrında açıqlama verən bir ABŞ rəsmisi bu silahın döyüş meydanında “oyunun qaydalarını dəyişdirən” bir sistem olmadığını, eksperimental xarakter daşıdığını və Rusiyanın yalnız bir neçə ədəd belə raketə sahib olduğunu qeyd edib.
Putin 2024-cü ilin sonlarında verdiyi açıqlamada “Oreshnik” raket sistemlərinin 2025-ci ilin ikinci yarısından etibarən Belarus ərazisində yerləşdirilə biləcəyini demişdi. Belarus NATO üzvü olan Polşa, Litva və Latviya ilə sərhəddə yerləşir.
Sevinc Əliyeva
Ordu.az