Bu, yəqin ki, yaxın günlərdə ən çox müzakirə ediləcək suallardan biri olacaq: kim qalib gəldi, kim məğlub oldu, yaxud ümumiyyətlə bu müharibədə qaliblər və məğlublar oldumu? Yoxsa birbaşa və dolayı yolla iştirak edən tərəflər sadəcə özləri üçün müxtəlif məsələləri müəyyən dərəcədə uğurla və ya effektivliklə həll etməyə çalışdılar? Bu sualların cavabı üçün hələ zaman lazımdır.
Sırf hərbi baxımdan heç bir qalib və ya məğlub yoxdur. Siyasi mənada isə, hələlik, görünür, kifayət qədər əlverişsiz mövqedə olan tərəf İsraildir, çünki İranın nüvə texnologiyalarının aqibəti hələlik qeyri-müəyyəndir, nüvə proqramının məhv edildiyinə dair bəyanatlar inandırıcı və etibarlı səslənmir, halbuki Təl-Əvivin rəsmi hədəfi məhz bu idi. Hərçənd ki, elan edilməmiş, amma daha vacib məqsəd də var idi: İranın idarəolunmaz vəziyyətə salınması.
Aydın idi ki, Təl-Əviv hücumu elə detallı və şəbəkəli şəkildə planlaşdırmışdı ki, ilk birbaşa zərbədən sonra İranın idarəetmə sistemi bu “hörümçək toruna” düşəcəkdi. Bu, baş vermədi. İsrail Baş nazirinin Aparatı bildirib ki, məqsədlərinə nail olublar və İsrailə yönəlmiş ekzistensial təhlükəni 2-3 il müddətinə aradan qaldırıblar. Lakin bu, şübhəsiz ki, daha çox siyasi təbliğatın bir hissəsidir, çünki İsrail üçün real təhlükə məhz İranın nüvə proqramı deyildi. Hətta ABŞ kəşfiyyatı müharibə günlərində bəyan etdi ki, İran nüvə bombası yaratmağa can atmır və onun istehsalına yaxın deyil.
İsrail üçün əsas problem ondan ibarətdir ki, regionda baş verən siyasi proseslər nəticəsində dəyişikliklər baş verir və bu proseslərdə İsrailin əhəmiyyətli üstünlüyü azalır. İsrailin əsas üstünlüyü həmişə münaqişə və bunun nəticəsində formalaşan hərbi üstünlük olub. Lakin bu məntiq Yaxın Şərqdə bir tərəfdən aktuallığını itirməkdədir, digər tərəfdən isə güclər balansının dəyişməsi qaçılmazdır. Bunu ABŞ prezidentinin artıq “12 günlük müharibə” adlandırdığı İranla toqquşma da göstərdi.
Əlbəttə, bu hal müharibənin bitdiyini deməyə imkan vermir, çünki İran ətrafında siyasi proseslər şübhəsiz ki, davam edəcək və kifayət qədər sərt rəqabətlə müşayiət olunacaq. Beləliklə, istisna deyil ki, İsrail üçün yeni imkanlar meydana çıxacaq. Amma ümumi meyillər və siyasi məntiq baxımından görünür ki, prinsipial dəyişiklik əldə oluna bilmədi. Digər iştirakçılar, o cümlədən İran nə əldə etdi, bu, hələ tam aydın deyil. Lakin bir məqam aydındır: İran azı bir məsələdə uğur qazanıb: ümumi siyasi məntiqin dəyişməsi və idarəetmənin iflas etməsinin qarşısını almaqda. Qalan əsas məsələlər isə yəqin ki, bu mərhələdə həlledici rol oynayan nüvə üçlüyü – ABŞ, Çin və Rusiya – arasında müzakirə olunacaq.
Asif Cəfərov
Ordu.az