İsrail və İran müharibəsinin sonunda: Qələbə, yoxsa “məğlubiyyətin qələbəsi”?

2025/06/1750758959.jpg
Oxunub: 710     13:50     24 İyun 2025    
İsrailin Baş naziri Benyamin Netanyahunun dünən gecə çağırdığı hərbi kabinet iclasında ABŞ Prezidenti Donald Trampın İranla müharibəni dayandırmaq təklifini qəbul etdiyini bildirməsi mühüm siyasi siqnal oldu. Onun ofisinin yaydığı bəyanat bundan da aydındır: “İsrail Prezident Trampa və ABŞ-yə müdafiəyə göstərdikləri dəstəyə görə minnətdardır... İsrail dövləti tarixi və möhtəşəm uğurlar əldə edib və indi dünya gücləri ilə eyni sırada dayanır”.

“Mənim Evim İsrail” partiyasının lideri və keçmiş müdafiə naziri Aviqdor Liberman isə baş verənləri daha sərt şəkildə qiymətləndirib. Onun fikrincə, “ordu və MOSSAD-ın möhtəşəm uğurları fonunda müharibənin yekun mərhələsi xüsusilə acıdır”. Liberman hesab edir ki, “şərtsiz kapitulyasiya tələbi əvəzinə dünya indi ağır və yorucu danışıqlar prosesinə girir. Halbuki, ayətullahlar rejiminin nə İran sərhədlərindən kənarda uranın zənginləşdirilməsindən, nə ballistik raketlərin istehsalından, nə də terrorizmin maliyyələşdirilməsindən əl çəkmək niyyəti yoxdur”.

Siyasətçi bir daha vurğulayıb ki, “yaralı bir şiri sağ buraxmaq olmaz. Aydın və qəti razılaşma olmadan atəşkəsə getmək – iki-üç il sonra daha pis şərtlərlə yeni bir müharibəyə getmək deməkdir”.

İsrailin “Ynet” nəşri hökumətin buraxdığı ən prinsipial səhvə diqqət çəkir: “Hesab edirdilər ki, sarsıdıcı zərbələr, yüksək rütbəli hərbçilərin və nüvə proqramı mütəxəssislərinin öldürülməsi İran xalqını sarsıdacaq və onlar teokratik rejimə qarşı qalxacaqlar. Amma bu tamamilə əsassız idi”. Jurnal qeyd edir ki, hətta xaricdə yaşayan və illərdir demokratiya uğrunda mübarizə aparan iranlı dissidentlər belə İsrailin hücumlarını birgə şəkildə pislədilər. Yalnız bir nəfər – sonuncu şahın oğlu Rza Pəhləvi hücumlara dəstək verdi, amma onu da “iranlılar Xameneyi və onun korrupsioner çevrəsi qədər sevmirlər”.

İsraildə ictimai-siyasi əhval-ruhiyyənin nə yerdə olduğu çox da məlum deyil. Böyük ehtimalla, debatlar yalnız atəşkəs qüvvəyə mindikdən sonra açıq şəkildə baş verəcək, o zaman ki, ABŞ İranla yarımçıq qalan danışıqları yenidən başlamağa çalışacaq. İsrail hökuməti “atəşkəsin pozulacağı təqdirdə sarsıdıcı cavab veriləcəyini” bəyan edib, lakin artıq baş verən ABŞ bombardmanlarından daha irəliyə getmək çətin görünür.

Vəziyyəti qiymətləndirmək baxımından əhəmiyyətli məqam odur ki, ABŞ Prezidenti Tramp atəşkəslə bağlı bəyanatını İranın xarici işlər nazirinin Moskvaya səfərindən bir neçə saat sonra verib. “Reuters” bu kontekstdə yazıb ki, Əraqçi Rusiya Prezidenti Vladimir Putinə İranın ali dini liderindən “tənqidi məktub” çatdırıb və cavabında Putin siyasi dəstək və hərbi neytrallıq vəd edib.

İsrailin maliyyə naziri Smotriç isə 24 iyun səhərini “acılı” adlandırıb, amma əlavə edib ki, atəşkəs yəhudi dövlətinə bütün qüvvələrini Qəzza cəbhəsində cəmləmək üçün fürsət verir. “HƏMAS rejimini məhv etməli, girovları geri qaytarmalı və Tanrının köməyi ilə İsrail xalqının təhlükəsizliyini təmin etməliyik”, - deyə o bildirib. Bununla yanaşı, İsrail mediası atəşkəsin qüvvəyə minməsinə iki saat qalmış İranın raket hücumu həyata keçirdiyini yazır. Bildirilir ki, bu hücum nəticəsində Beer-Şevada beş israilli həyatını itirib.

Atəşkəsi İran da öz qələbəsi kimi təqdim edəcək. İslam İnqilabından bəri ilk dəfə ABŞ silahlı qüvvələri “ayətullahlar rejimi”nə birbaşa hücum edib, amma siyasi nəticə əldə edə bilməyib. Üstəlik, bu vəziyyət teokratik rejimin mövqelərini daha da gücləndirə bilər. İndi əsas sual budur: hansı tərəf bu “məğlubiyyəti” daha effektiv şəkildə kapitallaşdıra biləcək? Təhlükəni sovuşduran İranda daxili etirazlar alovlanacaq? Netanyahu bu daxili sınaqdan çıxmağı bacaracaq?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran   Müharibə  


Bizi "telegram"da izləyin