Ordu.az xəbər verir ki, İsveçrə 2021-ci ilin iyun ayında “Air 2030” proqramı çərçivəsində keçirilən tenderdə Fransanın “Rafale”, ABŞ-nin F/A-18 “Super Hornet” və “Eurofighter Typhoon” kimi rəqiblərini geridə qoyaraq F-35A-nı seçmişdi. Müqavilə ümumilikdə 5,068 milyard İsveçrə frankı dəyərində bağlanmış və hökumət bu qiymətin “sabit” olduğunu bildirmişdi.
Lakin İsveçrə mediasında yer alan yeni məlumatlara görə, bu sabit qiymət müxtəlif yeniləmələri əhatə etmir və təyyarələrə inteqrasiya olunması planlaşdırılan F135 mühərrikinin modernizasiyası əlavə xərc yaradıb. Müdafiə Nazirliyinin rəsmiləri bu əlavə xərcin satınalma müqaviləsi zamanı nəzərə alınmadığını təsdiqləyib.
İsveçrənin sifariş etdiyi “Block 4” konfiqurasiyası təyyarələrə 66 yeni funksiya əlavə edəcək və buna görə mühərrikin yüksəldilməsi tələb olunur. SRF televiziyasının 20 iyun tarixli xəbərinə görə, bu və istehsal xərclərindəki artım nəticəsində yekun hesabın 1,5 milyard İsveçrə frankı (təxminən 1,6 milyard avro) qədər arta biləcəyi ehtimal olunur.
Müstəqil jurnalist Beni Qafnerin bildirdiyinə görə, həmin dövrdəki müdafiə naziri Viola Amherd bu əlavə xərclərdən 2024-cü ilin yayında xəbərdar olub, lakin Federal Şuraya yalnız dekabr ayında məlumat verib.
Bundan əlavə, İsveçrə federal idarəçiliyindən mənbələrin SRF-ə verdiyi məlumata görə, ABŞ tərəfi sabit qiymət zəmanəti verməyib və istehsal xərclərinin artması səbəbindən əlavə ödəniş tələb edib. Bu inkişafdan sonra İsveçrə rəsmiləri arasında iki gizli görüş keçirilib.
F-35 proqramında yalnız İsveçrə deyil, digər alıcı ölkələr də oxşar vəziyyətlərlə üzləşir. Kanada Hesablama Palatası keçən həftə yayımladığı hesabatda ölkənin döyüş təyyarəsi layihəsində təxmin edilən xərclərin 2022-dən 2024-ə qədər 46% artaraq 8,7 milyard Kanada dollarına çatdığını açıqlayıb. Hesabatda bu artımın köhnəlmiş məlumatlar, qlobal inflyasiya, valyuta məzənnələrinin dəyişməsi və artan sursat tələbatı ilə əlaqədar olduğu bildirilib.
İsveçrə Müdafiə Nazirliyi (DDPS) isə hələlik SRF-in xəbərinə rəsmi cavab verməyib. Mövcud nazir Martin Pfister “qiymətin sabit olduğu” mövqeyini qoruduqlarını bəyan edib. Nazirlik hər hansı dəyişiklik olacağı təqdirdə parlamentin məlumatlandırılacağını bildirib.
Digər tərəfdən, DDPS-nin “Lockheed Martin” ilə qiymətin yenidən müzakirəsi üçün ABŞ administrasiyasına təzyiq göstərməsini gözlədiyi qeyd olunur.
Sevinc Əliyeva
Ordu.az