Ordu.az xəbər verir ki, bu barədə “Paris Air Show”da “Breaking Defense” dərgisinə danışan TUSAŞ baş direktoru Mehmet Demiroğlu KAAN üçün inteqrasiya olunacaq yerli TF35000 mühərrikinin hazırlanma işlərinin sürətləndiyini və inteqrasiya tarixinin 2032-ci il olduğunu bildirib.
O həmçinin bildirib ki, mühərrikin “bəzi erkən sınaqları” 2026-cı ildə planlaşdırılıb.
KAAN təyyarəsində TF35000 tipli mühərrik istifadə olunacaq. Bir müddət əvvəl TEI rəsmi internet səhifəsində TF35000-in dizayn görüntülərini paylaşaraq inkişaf etdirilməkdə olan mühərrikin “dizayn, istehsal və sınaq mərhələlərini” dəstəkləmək üçün bir ekosistemin qurulduğunu və bu mühərrikin “aşağı yanacaq sərfiyyatı və genişləndirilmiş uçuş məsafəsi ilə yüksək itələmə gücü yaradacağını” vurğulamışdı.
TEI həmçinin qeyd edir ki, “yüksək temperatura dayanıqlı super ərintilər, qabaqcıl örtük və soyutma texnologiyaları” yerli istehsal olan mühərrikin dizaynına töhfə verəcək və “Türkiyənin müdafiə sənayesində xarici asılılığı aradan qaldırmaq strategiyasına mühüm dəstək verəcək”.
KAAN uçuş sınaqlarına “General Electric” istehsalı olan F110-GE-129 mühərrikləri ilə başlayıb. P0-dan sonra istehsal xəttindəki P1 və P2 F110 ilə test edildikdən sonra ilk 40 təyyarəni əhatə edən “Blok 1”də də F110 mühərrikləri istifadə olunacaq.
“Breaking Defense”dəki xəbərdə Demiroğlu bildirib ki, prototip uçuş sınaq proqramı yaxın vaxtlarda (ehtimal ki, P0-ın 3-cü uçuşu olacaq) 2026-cı ilin birinci rübündə P1 adlı ilk demonstrativ olmayan təyyarənin uçması ilə başlayacaq. P2 növbəti ilin ikinci rübündə, P3 isə ən geci 2027-ci ildə havaya qalxacaq.
Demiroğlunun sözlərinə görə, ümumi uçuş sınaqları altı təyyarədən və “minlərlə” saatlıq uçuşdan ibarət olacaq.
“Silah sistemləri, təbii ki, uçuş sınaq mərhələsinin bir hissəsi olaraq inteqrasiya olunacaq, lakin ilk hədəfimiz uçuş nəzarət sistemimizin, aerodinamikamızın və yaşıl təyyarə konfiqurasiyamızın doğrulandığından əmin olmaqdır”, - deyə o izah edib.
Demiroğlu bildirib ki, MMU 2028-ci ildə Türk Hava Qüvvələrində xidmətə girəcək. KAAN-ın dəyərinin “Lockheed Martin”in beşinci nəsil döyüş təyyarəsi olan F-35 ilə rəqabət aparacağını, lakin dəqiq rəqəm açıqlamadığını qeyd edib.
KAAN ilə ən çox müqayisə edilə bilən ənənəvi qalxma və enmə variantı olan F-35A-nın orta uçuş qiyməti ABŞ istehsal lotları 15-17 üçün 82,5 milyon dollardır. Ayrı bir media tədbirində Demiroğlu jurnalistlərə bildirib ki, İndoneziya ilə 48 təyyarə üçün ilk KAAN beynəlxalq satışının “növbəti bir neçə ay ərzində nəticələnəcəyini” gözləyir, çünki “bəzi texniki tələbləri həll etməliyik.”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk olaraq ötən həftə Cakartada bir razılaşmanın əldə edildiyini açıqlamışdı. Demiroğlu əlavə edib: “Deyə bilərəm ki, bu il olmasa da – ümid edirəm bu il – amma bu il olmasa, gələn ilin əvvəlində, İndoneziya qədər böyük bir şey eşidəcəyik”.
Sevinc Əliyeva
Ordu.az