Tramp-Mask münaqişəsi: Dünyanı dövlətlər, yoxsa şirkətlər idarə edəcək?

2025/06/1750406174.jpg
Oxunub: 703     20:28     24 İyun 2025    
Birdən-birə başladı və “daha gənc” tərəfin yenə qəfil üzr istəməsi ilə sona çatdı. Tramp-Mask münaqişəsi yay fırtınası kimi gəlib keçdi. Amma hadisənin dərinliyində bütün dünyanı təsir edən böyük bir qarşıdurma dayanır.

Sənaye iqtisadiyyatı informasiya iqtisadiyyatına çevrilir

ABŞ prezidenti Donald Tramp 2024 seçkilərində qalib gələrkən koalisiyasını genişləndirdi. 2016 seçkilərində Trampın arxasında qloballaşmadan mənfi təsirlənmiş Amerikanın “daha yerli” kapitalı və işçi sinfi dayanırdı. 2024-də isə bu iki gücün yanında yüksələn texnologiya patronları da yer aldı. Texnologiya seqmentini isə ən açıq şəkildə İlon Mask təmsil edirdi.

Texnologiya patronları da nəticədə kapital sinfi deyillər? Üstəlik, beynəlxalq fəaliyyət göstərmirlər? Niyə texnologiya patronlarını qloballaşan kapitaldan ayrı düşünürük? Texnologiya patronları təkcə ayrı bir kapital sinfini deyil, həm də ayrı və yeni istehsal modelini təmsil edirlər. Bütün dünya fabriki və sənayeyə əsaslanan istehsal modelindən informasiya ilə istehsala əsaslanan yeni modelə keçir. Sənaye iqtisadiyyatı informasiya iqtisadiyyatına çevrilir.

Qloballaşan kapital hələ də köhnə modeli, yəni fabriklərdə işçilərin çalışmasına və kütləvi istehlaka əsaslanan modeli tətbiq edir. Yalnız, xüsusilə işçilərin milli sərhədlər daxilində deyil, ucuz olduğu yerdə işlədilməsini nəzərdə tutur. Digər tərəfdən, yeni informasiya iqtisadiyyatı kütləvi əl əməyinə və əl bacarıqlarına əsaslanan işçi sinfi ilə işləməyib, zehni bacarıqları ilə istehsal edən daha mürəkkəb insan qruplarına söykənir.

Sənaye istehsalına əsaslanan köhnə model artıq yaşlandığı və əvvəlki kimi yüksək gəlirli işləyə bilmədiyi üçün əvvəlcə öz milli sərhədlərini tərk edib, əmək haqqının daha ucuz olduğu başqa ölkələrə istehsalı daşıdı və qloballaşan ideologiyanı başlatdı. Son dövrdə isə bu qaçış da yetərli olmur. Əhali o qədər yaşlanıb və fiziki əməyə əsaslanan səmərəli fabrik istehsalından uzaqlaşıb ki, sistemi ayaqda saxlamaq üçün dövlət böyük xərclər etməli, bunu həyata keçirmək üçün isə davamlı borclanmalı və pul kütləsini artırmalıdır. Bütün bunlar kifayət etmədikdə isə ölkə ucuz və ixtisassız xarici işçilərlə doldurulmağa məcbur qalır. Görünür, bu şərait Trampın rəqibi Demokratların niyə qloballaşan sistemə dəstək verdiyini, niyə limitsiz Amerika dollarını üstün tutduğunu və niyə miqrantlara çox yumşaq yanaşmanı normal qarşıladığını izah edir.

Elə bu fərqliliklər səbəbindən informasiya iqtisadiyyatını idarə edən texnologiya patronları köhnə iqtisadiyyatı təmsil edən qloballaşan kapital ilə toqquşmağa başladı və yaxın dövrdə Trampın tərəfinə keçdi. Amma bu üçlü koalisiyanın ilk iki üzvü, yəni yerli Amerika kapitalı və yerli işçi sinfi də əslində köhnə fabrik tipli istehsalın təmsilçiləridir. Bu halda texnologiya patronlarının köhnə modeldə çalışan bu kütlə ilə də toqquşması qaçılmazdır.

Trampçı ideologiya zamanda geriyə getmək arzusundadır. Yəni sənaye iqtisadiyyatının hələ gənc olduğu, ailə institutunun möhkəm qaldığı, doğumların çox olduğu, əhalinin gənc olduğu köhnə günlərə qayıtmaq istəyir. Eyni zamanda, əl əməyinə əsaslanan istehsalın yenidən yayılmasını, bu istehsalın Amerikada aparılmasını və pul sisteminin də köhnə kimi qızıl kimi məhdud bir resursa əsaslanmasını müdafiə edir.

Buna görə də Tramp qloballaşmaya, “woke” ideologiyasına və borclara qarşı çıxır, qızıl və ya “bitcoin” kimi məhdud pulları tərifləyir. Sənaye iqtisadiyyatının ən yaşlı versiyası olan “qloballaşma” ideologiyasına Mask da qarşıdır, çünki bu qloballaşma xüsusilə həddindən artıq dövlət xərclərini adi hal kimi görür. Qloballaşma maddi və mənəvi yaşlanan işləyən və ya işləməyən kəsimləri inkişaf etmiş ölkələrdə nə olursa-olsun dəstəkləməyi nəzərdə tutur. Çünki ucuz əmək cənnətlərində istehsal olunan mallar bu inkişaf etmiş, amma yaşlı cəmiyyətlərdə hələ də istehlak olunmalıdır.

Amma texnologiya patronlarına görə, inkişaf etmiş ölkələrdə sərfiyyat şəklində xərclənən resurslar əvəzinə, bu resurslar informasiya iqtisadiyyatının inkişafına yönəldilməlidir. Məsələn, Maskın elektrikli avtomobillərinə və ya təkrar istifadə oluna bilən, ucuz raket layihələrinə yatırılmalıdır. Bu səbəbdən bir müddət Maskla Tramp qloballaşma tərəfdarlarına qarşı eyni cəbhədə yer alırmış kimi göründülər.

Dövlət-şirkət münasibətində qarşıdurma

Lakin fizika kimi zamanda geriyə getmək mümkün olmadığı kimi, sosial elmlərdə də istehsal modellərində geriyə dönüş yoxdur. Köhnə tip sənaye iqtisadiyyatı qaçılmaz olaraq informasiya iqtisadiyyatına çevrilir. İstehsal zamanla fabriklərdə kütləvi əl gücünə əsaslanmayıb, süni zəka, robotlar və 3D çap texnologiyaları ilə getdikcə daha kiçik, fərdi və yerli qruplara yönəlik formada həyata keçiriləcək.

Buna görə Trampın dedikləri ilə etdikləri uyğun gəlmir. Sənaye istehsal formasını daha gənc dövrlərə qaytarmaq arzusu olan Tramp özünə səs verən yerli kapital və işçi sinfinin də yaşlanacağı həqiqəti ilə üzləşir. Ona görə də Tramp qloballaşanlar kimi, dövlət xərclərini artıraraq yaşlanan kəsimlərin təminatını ödəmək məcburiyyətindədir. Mask ilə münaqişə də məhz seçkidən əvvəl verilən vədlərin əksinə olaraq Trampın xərcləri artıran yeni büdcə hazırlaması ilə başladı. Mask hazırda geri addım atsa da, əsas böyük qarşıdurma aradan qalxmayıb.

Xüsusilə Maskın ən vacib layihəsi sayılan “SpaceX”ə dövlət sifarişlərinin ləğvi ilə bağlı təhdid Trampın təsirli alətinə çevrildi. Trampın dövlət gücündən istifadə edərək dünyanın ən zəngin insanı üzərində üstünlük qazanması göstərir ki, siyasətçilər sosial və iqtisadi qüvvələrdən üstün deyillər. Hazırda Tramp koalisiyasının əsas dayaqları – yerli kapital və işçi sinfi – üçüncü və daha yeni seqmentlə müqayisədə daha güclü görünür. Lakin zaman informasiya iqtisadiyyatının xeyrinə işləyir. Bu gün geri çəkilən texnologiya qüvvələri sabah Mask və ya başqa bir şəxs və ya qrupun yeni təşəbbüsləri ilə yenidən önə çıxacaq, divarlarda çatlar aça biləcək. Nəhayət, dövlət mexanizmi də informasiya iqtisadiyyatı ilə tam uyğun işləyən bir formaya düşəcək.

Bəs “Gələcəkdə dünyanı dövlətlər deyil, şirkətlər idarə edəcək” fikri boş söz idimi? Bəli, bu bir mifdir, amma səbəb Maskın Tramp qarşısında geri addım atması deyil. “Şirkət” adlandırdığımız qurum, əslində kapital, fabrik və sənaye iqtisadiyyatının məhsuludur. Şirkətlər və sərvət sahibləri son 300 ildə, xüsusən də son bir əsrdə sənaye iqtisadiyyatı vasitəsilə dünyaya hakim oldular. Lakin pul və sənaye iqtisadiyyatı yaşlanıb zəiflədikcə, bu sistemə əsaslanan şirkətlər də köhnə quruluşla birgə dağılmaq üzrədir. İndi isə köhnə iqtisadiyyat – xüsusilə ilkin formalaşdığı bölgələrdə – zəifləyib və bir çox sosial problemi həll edə bilməyəcək vəziyyətə düşüb.

Buna görə də, bir çox sosial rol dövlətə düşəcək. Dövlət xərclərinin və dövlət borclarının “inkişaf etmiş” ölkələrdə sürətlə artmasının səbəbi də budur. Dövlətlər bir çox fərqli istehsal formalarında yaşayıblar, sənaye iqtisadiyyatından əvvəl də dövlət var idi, amma şirkət xüsusilə sənaye iqtisadiyyatına aid bir quruluşdur. Buna görə dövlət yeni dövrdə də böyük dəyişikliklərlə mövcudluğunu qoruyacaq. Amma şirkətlərin yaşaması o qədər də asan görünmür. Bəs şirkətlərin yerini hansı yeni strukturlar ala bilər? Mərkəzləşdirilməmiş Avtonom Təşkilatlar (Decentralized Autonomous Organizations - DAO) barədə araşdırma aparmağı tövsiyə edirik.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Mask  


Bizi "telegram"da izləyin