Türkiyədən Somaliyə “T-129 ATAK” helikopterlərinin təhvili baş tutub?

2025/06/2025--1749457545.jpg
Oxunub: 391     12:36     09 İyun 2025    
Türkiyənin Somaliyə 3 ədəd “T-129 ATAK” hücum helikopteri təhvil verdiyi iddia olunub.

Ordu.az “Middle East Eye”a istinadən xəbər verir ki, Türkiyə “Əl-Şəbab”a qarşı mübarizədə Somaliyə göstərdiyi müdafiə dəstəyini artırır.

Məlumata görə, 2025-ci ilin iyun ayında Türkiyə Somali hökumətinə 3 ədəd “T-129 ATAK” hücum helikopteri və Somali Donanmasına 2 ədəd ümumi təyinatlı helikopter təhvil verib. Bu çatdırılma 2024-cü ilin fevral ayında iki ölkə arasında imzalanmış və Türkiyənin Somali üçün dəniz qüvvələri qurmasını nəzərdə tutan müdafiə sazişi çərçivəsində həyata keçirilib.

Mayın 31-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Somali Prezidenti Mahmud ilə telefon danışığında Türkiyənin Somalinin demokratiya yolu ilə inkişaf vizyonuna dəstək verdiyini və terrorla mübarizədə göstərilən dəstəyin artırılaraq davam edəcəyini bildirmişdi.

Bu kontekstdə, Türkiyənin son 1 il ərzində bir çox somalili pilota ATAK helikopterlərindən istifadə etmələri üçün təlim keçdiyi bildirilir. Helikopterlərin təhvili pilotların son təlim mərhələsini tamamlamalarının ardından həyata keçirilib. Yenə “Middle East Eye”in xəbərinə görə, 2025-ci ilin may ayında təxminən 6 ədəd Türkiyə Hərbi Hava Qüvvələrinə aid A400M və Qətərə aid C-17A nəqliyyat təyyarəsinin Moqadişoya çatdığı və bu təyyarələrlə helikopterlərin daşına biləcəyi qeyd olunur.

2025-ci ilin aprel ayında Türkiyə Moqadişodakı hərbi varlığını artıraraq ölkədəki əsgər sayının 500-ü keçdiyini açıqlamışdı. Bu qüvvələr Türkiyənin Moqadişodakı TURKSOM hərbi bazasını qoruma və xidmətlə yanaşı, silahlı pilotsuz uçuş aparatlarının idarə olunması və liman təhlükəsizliyinin təmin olunması vəzifələrini də icra edir.

Daha əvvəl Somalidə istifadə olunan “Bayraktar TB2” PUA-larına əlavə olaraq, Türkiyə yaxın zamanda 2 ədəd “Akıncı”nı da Somaliyə göndərmişdi. Yüksək hündürlükdə uzun müddət uça bilən bu PUA-lar inkişaf etmiş gecə görmə sistemləri və 24 saatlıq əməliyyat qabiliyyətləri ilə “Əl-Şəbab”a qarşı mübarizədə daha effektiv hesab olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Somali   ATAK  


Bizi "telegram"da izləyin