Memorandumun imzalanmasından bir neçə gün sonra, 2026-cı il iyunun 21-də bu dəfə ABŞ-nin vitse-prezidenti Cey Di Vens və İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın rəhbərlik etdiyi nümayəndə heyətləri İsveçrənin Bürqenştok qəsəbəsində bir araya gələrək memorandumun necə yol xəritəsinə çevriləcəyini müzakirə edib. 18 saat davam edən görüşdən sonra Pakistan və Qətər tərəfindən yayılan birgə bəyanatda atılan konkret addımlarla bağlı məlumat verilib.
Bəyanata əsasən, danışıqlar prosesini əlaqələndirmək məqsədilə yaradılacaq Yüksək Səviyyəli Komitənin baş danışıqçılarının prosesin gedişi barədə mütəmadi məlumat verməsi və Hörmüz boğazından ticarət gəmilərinin təhlükəsiz keçidini təmin etmək məqsədilə birbaşa rabitə xəttinin yaradılması qərara alınıb. Bundan əlavə, Livandakı hərbi əməliyyatların memoranduma uyğun şəkildə başa çatdırılmasına dəstək vermək məqsədilə Livanın da iştirakı və vasitəçilərin dəstəyi ilə Münaqişənin Qarşısının Alınması Hüceyrəsinin yaradılması barədə qərar qəbul edilib.
Bu mərhələdən etibarən prosesin gedişini tərəflərin tələblər və öhdəliklərlə bağlı necə ortaq məxrəcə gələcəyindən əlavə, vasitəçi rolunu oynayan Pakistan və Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər kimi prosesdə fəal iştirak edən dövlətlərin təsiri müəyyən edəcək.
Digər tərəfdən, sözügedən memorandum tez-tez 2015-ci il iyul ayında imzalanan, 2016-cı il yanvarın etibarən qüvvəyə minən və geniş şəkildə İran nüvə sazişi kimi tanınan “Hərtərəfli Birgə Fəaliyyət Planı” (HBFP) ilə müqayisə olunur. Buna görə də bu iki mətnin oxşar və fərqli cəhətlərini təhlil etmək həm Vaşinqton-Tehran xəttində mövcud vəziyyətin necə formalaşdığını anlamaq, həm də prosesin bundan sonra hansı istiqamətdə inkişaf edə biləcəyini qiymətləndirmək baxımından faydalıdır.
Memorandum HBFP-ə bənzəyirmi?
İlk növbədə vurğulamaq lazımdır ki, İslamabad Memorandumu yekun sazişə aparan yolda ilkin razılaşma, HBFP isə yekun sazişdir. Bu iki sənədin ən əsas ortaq cəhəti ondan ibarətdir ki, hər ikisi problemlərin diplomatik yollarla həlli axtarışının nəticəsidir. Bundan başqa, bu iki mətn kontekst, imzalayan tərəflər, hüquqi əsas, əhatə dairəsi və məzmun baxımından bir-birindən xeyli fərqlənir.
Kontekst bəlkə də bu iki mətn arasındakı ən mühüm fərqdir. 2003-cü ildə İraqın işğalından sonra İran üzərində hərbi təzyiq artsa da, ABŞ HBFP-ə aparan prosesdə İranı iqtisadi sanksiyalar vasitəsilə təzyiq altında saxlayaraq saziş bağlamağa sövq edib. Həmin dövrdə İranın Ali Rəhbəri Əli Xamenei 2013-cü il sentyabr ayında bu təzyiqin nəticəsi olaraq “qəhrəmancasına çeviklik” nümayiş etdirdiklərini bildirərək danışıqların başlanmasına yol açıb.
Bunun əksinə olaraq, İslamabad Memorandumu İsrailin 2025-ci il iyunun 13-də İrana qarşı başladığı və ABŞ-nin iyunun 22-də İranın nüvə obyektlərinə zərbələr endirərək qoşulduğu 12 günlük münaqişədən sonra, 2026-cı il fevralın 28-də ABŞ və İsrailin İrana hücumu ilə başlayan proses çərçivəsində, tərəflərin 40 gün birbaşa müharibə aparmasının ardından imzalanıb.
Bundan əlavə, HBFP-dən fərqli olaraq, bu memorandum İranda 2026-cı il fevralın 28-də atası və sələfi Əli Xameneinin öldürülməsindən sonra martın 8-də Müctəba Xameneinin yeni Ali Rəhbər seçildiyi şəraitdə imzalanıb.
Kontekstin digər bir tərəfi də İranın nüvə potensialı ilə bağlıdır. Hazırda İran nüvə proqramında HBFP-ə aparan proses dövrü ilə müqayisədə daha irəli mərhələdədir. Belə ki, İranın əlində hazırda təxminən 60 faiz zənginləşdirildiyi hesab edilən 400 kiloqrama yaxın uran ehtiyatı var və bu məsələ danışıqlarda əsas mövzulardan biri olacaq.
Hüquqi əsas və imzalayan tərəflər də bu iki sənəd arasındakı digər fərqlərdir. ABŞ və İran arasında heç bir beynəlxalq hüquqi öhdəlik yaratmadan imzalanan İslamabad Memorandumundan fərqli olaraq, HBFP İran ilə BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) ABŞ, Çin, Rusiya, Fransa və Böyük Britaniyadan ibarət beş daimi üzvü, eləcə də Almaniya arasında imzalanmış sənəd idi. BMT TŞ-nin 2231 saylı qətnaməsi ilə təsdiqlənən bu saziş beynəlxalq hüquq baxımından möhkəm hüquqi bazaya malik idi.
Məzmun baxımından da fərqlər mövcuddur. Cəmi 14 maddədən ibarət olmasına baxmayaraq, nüvə məsələsindən əlavə Livan cəbhəsi və Hörmüz boğazı kimi mövzuları da əhatə edən memorandumdan fərqli olaraq, HBFP yalnız İranın nüvə proqramına həsr olunmuşdu və məqsədini “İranın nüvə proqramının tamamilə dinc xarakter daşımasını təmin etmək” kimi müəyyənləşdirirdi. Bu sənəd texniki təfərrüatlar, yoxlama mexanizmləri, sanksiyaların ləğvi ilə bağlı müddəalar və mübahisələrin həlli kimi məsələləri özündə əks etdirən 159 səhifəlik geniş sənəd idi.
Bu səbəbdən İslamabad Memorandumunu HBFP-dən daha çox 2013-cü il noyabrın 24-də “İranın nüvə proqramındakı irəliləyişin dayandırılması və mühüm istiqamətlər üzrə geri addım atmasının təmin edilməsi” məqsədilə ilkin razılaşma kimi imzalanan və Cenevrə aralıq sazişi adı ilə də tanınan “Ortaq Fəaliyyət Planı”na (OEP) bənzətmək daha düzgün olar. HBFP də məhz həmin tarixdən sonra təxminən 20 ay davam edən uzun danışıqlar prosesinin nəticəsində ortaya çıxıb.
HBFP etibarlı modeldirmi?
HBFP-ə aparan danışıqlar prosesində İran nümayəndə heyətinə rəhbərlik edən dövrün xarici işlər naziri Cavad Zərif sazişin imzalandığı gün deyib: “Bunun tarixi bir an olduğuna inanıram”. O əlavə edib: “Heç kim üçün mükəmməl olmayan, lakin əldə edə biləcəyimiz bir sazişə nail oluruq. Bu gün ümidlər tükənə bilərdi, amma indi yeni ümid səhifəsi açırıq”.
Lakin HBFP ətrafında başlanğıcda formalaşan nikbin gözləntilər Donald Trampın 2018-ci il may ayında ABŞ-ni sazişdən çıxarması ilə doğrulmayıb. Sonrakı illərdə İran sazişdən rəsmən çıxmasa və öhdəliklərinə əməl etsə də, ona verilən vədlərin yerinə yetirilmədiyini bildirərək nüvə proqramında cavab xarakterli addımlar atmağa başlayıb. Nəticədə, sazişdə nəzərdə tutulan 10 illik müddətin başa çatmasına az qalmış E3 kimi tanınan Fransa, Böyük Britaniya və Almaniya 2025-ci il sentyabr ayında sazişlə ləğv edilən BMT TŞ-nin İrana qarşı sanksiyalarını bərpa edən “tetik” mexanizmini işə salıb və bununla HBFP hüquqi baxımdan qüvvəsini itirib.
Bütün bunlara baxmayaraq, HBFP ABŞ ilə İran arasında diplomatiyanın işləyə biləcəyini, lakin diplomatiyaya vaxt verilməsinin vacibliyini göstərən mühüm təcrübə kimi istinad nöqtəsi rolunu qoruyur. Hazırda ABŞ-nin danışıqlar heyətində HBFP üzrə danışıqları aparan şəxslərdən tamamilə fərqli simalar yer alsa da, İran nümayəndə heyətində HBFP prosesində də fəal iştirak etmiş xarici işlər naziri Abbas Əraqçi var. İranın qarşıdakı danışıqlar prosesində bu təcrübədən faydalanacağı aydındır.
Lakin HBFP-dən fərqli olaraq, İslamabad Memorandumunun formalaşmasında Yaxın Şərqin regional baxışının və bölgə dövlətlərinin diplomatik rolunun daha qabarıq olduğu görünür. İslamabad Memorandumunu fərqləndirən ən mühüm amilin də məhz bu olduğunu söyləmək olar. Buna görə də, hər iki sənədin taleyinin oxşar olub-olmayacağını zaman göstərəcək. Bununla yanaşı, müharibə təcrübəsi və bölgə dövlətlərinin prosesdə fəal iştirakı memorandumun daha güclü bir sazişlə nəticələnməsi ehtimalını artırır.
İran Araşdırmaları Mərkəzinin (İRAM) sədri dosent, doktor Serhan Afacan
Ordu.az