ABŞ Avropadan geri çəkilir? – Pentaqonun yeni planı və NATO-da dəyişən qüvvələr balansı

2026/06/1782501803.jpg
Oxunub: 175     23:16     26 İyun 2026    
Avropanın təhlükəsizlik sistemi Soyuq müharibənin başa çatmasından bəri ən ciddi transformasiya dövrlərindən birini yaşayır.

Ukraynadakı müharibə fonunda qitənin müdafiə arxitekturası yenidən formalaşarkən, Vaşinqtondan gələn son siqnallar Avropa paytaxtlarında yeni müzakirələrə səbəb olub: ABŞ Avropadakı hərbi mövcudluğunu azaltmağa hazırlaşırmı? Bu suala ilk baxışda “bəli” cavabı verilsə də, əslində vəziyyət daha fərqlidir.

ABŞ-nin Avropadan tamamilə çıxması nə Pentaqonun mövcud planlarında, nə də NATO-nun uzunmüddətli strategiyalarında yer alır. Lakin Vaşinqtonun Avropanın müdafiə yükünü mərhələli şəkildə avropalı müttəfiqlərə ötürməyə hazırlaşdığı müşahidə olunur.

Əsas məsələ bir neçə min hərbçinin geri qaytarılması deyil, son 30 ildən sonra ABŞ-nin hava, dəniz və logistika imkanlarının Avropadakı rolunun yenidən müəyyənləşdirilməsidir.

2026-cı ilin iyununda ABŞ müharibə naziri Pit Heqset tərəfindən başladılan altı aylıq geniş qiymətləndirmə prosesi məhz bu məsələləri araşdırır.

Pentaqonun qiymətləndirməsi yalnız hərbçilərin sayı ilə məhdudlaşmır. Avropadakı bazalar, döyüş təyyarələri, hava yanacaqdoldurma parkı və dəniz qüvvələri də daxil olmaqla ABŞ-nin bütün hərbi mövcudluğu yenidən nəzərdən keçirilir.

İlkin qiymətləndirmələrdə təxminən 5 min ABŞ hərbçisinin geri çəkilməsi və bəzi planlaşdırılmış rotasiyaların ləğvi müzakirə olunur. Lakin əsas diqqət NATO-nun istifadəsinə ayrılmış hava və dəniz imkanlarının azaldılması planlarına yönəlib.


Son illərdə NATO-nun Avropadakı ən böyük üstünlüklərindən biri ABŞ-nin hava gücü olub. Pentaqonun qiymətləndirdiyi yeni plana əsasən, NATO tapşırıqları üçün ayrılan F-15 və F-15E döyüş təyyarələrinin sayının 148-dən 99-a endirilməsi nəzərdə tutulur. Bu isə istismar müddətini başa vurmaq üzrə olan təxminən 50 döyüş təyyarəsinin NATO qüvvələrindən çıxarılması deməkdir.

Kəşfiyyat və elektron müşahidə məqsədilə istifadə olunan 24 MQ-4 və MQ-9 pilotsuz uçuş aparatının sayının yarıya endirilməsi də müzakirə edilir.

Bundan başqa, NATO-nun hava yanacağı doldurma imkanlarının 79 təyyarədən 63-ə endirilməsi və dəniz patrul aviasiyasının əhəmiyyətli dərəcədə azaldılması da nəzərdən keçirilən variantlar sırasındadır. Dəniz qüvvələrində də oxşar dəyişikliklər planlaşdırılır.

NATO üçün daimi hazır vəziyyətdə saxlanılan 19 esminesdən doqquzunun çıxarılması, Avropaya ayrılmış aviadaşıyıcıların sayının ikidən birə endirilməsi və bəzi strateji sualtı qayıq tapşırıqlarının dayandırılması gündəmdədir. Bu səbəbdən Avropadakı hərbi planlaşdırıcıları narahat edən əsas məsələ hərbçilərin sayı deyil, ABŞ qüvvələrinin təmin etdiyi strateji imkanların azalmasıdır.

Xüsusilə Atlantik okeanı və Şimal dənizində çəkindirmə potensialının zəifləməsi ehtimal edilir. Müasir müharibələrdə həlledici amil yalnız hərbçilərin sayı deyil. Hava üstünlüyü, erkən xəbərdarlıq, radioelektron mübarizə, kəşfiyyat, müşahidə, havada yanacaq doldurma və dəniz qüvvələrinin uzaq məsafələrdə tətbiqi müharibənin nəticəsini müəyyən edən əsas elementlər hesab olunur.

Avropanın hazırda ən çox asılı olduğu sahələr də məhz bunlardır. Bu baxımdan ABŞ-nin Avropadakı hava bazalarının əhəmiyyəti daha da artır. ABŞ hava gücünün əsas dayaqları Almaniya, Böyük Britaniya və İtaliyadakı bazalardır. Almaniyadakı Ramştayn Hava Bazası ABŞ Hərbi Hava Qüvvələrinin Avropadakı əsas komanda-logistika mərkəzi hesab olunur.

Burada ABŞ Hərbi Hava Qüvvələrinin Avropa Komandanlığı və NATO Hava Komandanlığının mühüm strukturları yerləşir. C-130J “Hercules”, C-21 və C-37 nəqliyyat təyyarələri burada daimi xidmət göstərir. Böhran və təlimlər zamanı isə F-15E “Strike Eagle”, F-22 “Raptor”, F-35 “Lightning II”, E-3 AWACS və radioelektron mübarizə təyyarələri də bu bazadan dəstəklənə bilir.



Almaniyanın qərbində yerləşən “Şpanqdahlem” Hava Bazası NATO-nun şərq cinahına açılan əsas bazalardan biri hesab olunur. Baltik ölkələri, Polşa və Rumıniya istiqamətində həyata keçirilən əməliyyatlarda mühüm rol oynayan bazanın əhəmiyyəti Rusiya-Ukrayna müharibəsindən sonra daha da artıb. Burada yerləşən F-16 “Fighting Falcon” eskadrilyaları NATO-nun sürətli reaksiya qüvvələrinin vacib hissəsidir.

Böyük Britaniyadakı RAF “Leykenhit” bazası isə Avropadakı ən güclü ABŞ döyüş aviasiyası bazası hesab olunur. Avropada daimi yerləşdirilmiş ilk F-35A “Lightning II” eskadrilyası burada fəaliyyət göstərir. Bazada həmçinin F-15E “Strike Eagle” eskadrilyaları da xidmət aparır.

Pentaqon döyüş təyyarələrinin sayını azaltacağı halda ilk təsirlənəcək bazalardan birinin məhz RAF “Leykenhit” olacağı gözlənilir. Onun yaxınlığında yerləşən RAF “Mildenholl” bazası isə strateji baxımdan ən vacib obyektlərdən biridir.

Burada KC-135 “Stratotanker” hava yanacaqdoldurma təyyarələri, MC-130J “Commando II” xüsusi təyinatlı təyyarələri və CV-22 “Osprey” platformaları yerləşir. Bir F-35-in minlərlə kilometr uzaqlıqda tapşırıq yerinə yetirməsi çox vaxt KC-135 təyyarələrinin havada yanacaq doldurma imkanlarından asılıdır.

Bu səbəbdən NATO üçün ayrılmış tanker parkının azaldılması döyüş təyyarələrinin sayının azalmasından da ciddi nəticələr doğura bilər. İtaliyanın “Aviano” Hava Bazası isə Balkanlar, Qara dəniz və Şərqi Aralıq dənizi istiqamətində əməliyyatlar üçün NATO-nun əsas hava bazalarından biri olaraq qalır. Burada F-16 “Fighting Falcon” eskadrilyaları yerləşir.

Əslində ABŞ-nin Avropadakı hava gücü yalnız F-35 və F-15 təyyarələrindən ibarət deyil. Bu sistem döyüş təyyarələri, hava yanacağı doldurma təyyarələri, pilotsuz uçuş aparatları, erkən xəbərdarlıq platformaları, radioelektron mübarizə sistemləri və nəqliyyat aviasiyasından ibarət böyük şəbəkə kimi fəaliyyət göstərir. Pentaqonun nəzərdən keçirdiyi ixtisarların strateji təsiri də məhz burada ortaya çıxır.

Avropa döyüş təyyarələri istehsal edə və ya satın ala bilər. Lakin havada yanacaq doldurma, qlobal logistika, radioelektron mübarizə və strateji kəşfiyyat kimi sahələrdə hələ də böyük ölçüdə ABŞ-dən asılıdır.

Bu səbəbdən Vaşinqtonun yeni yanaşması təkcə hərbi yenidənqurma deyil, həm də siyasi mesaj kimi qiymətləndirilir. ABŞ artıq Avropanın təhlükəsizliyini təkbaşına maliyyələşdirmək istəmədiyini açıq şəkildə nümayiş etdirir. Almaniya, Fransa, Polşa və Böyük Britaniyanın son illərdə müdafiə büdcələrini artırmasının əsas səbəblərindən biri də məhz budur.

Hazırda Avropada təxminən 80 min ABŞ hərbçisi xidmət edir. Ramştayn, RAF “Leykenhit”, RAF “Mildenholl”, “Şpanqdahlem” və “Aviano” bazalarının bağlanması gündəmdə olmasa da, Vaşinqtonun yaxın illərdə Avropadakı hərbi yükünü mərhələli şəkildə azaltmaq niyyətində olduğu görünür.

2026-cı ilin iyununda başlanan Pentaqon qiymətləndirməsinin ilin sonunda yekunlaşacağı gözlənilir. Qəbul ediləcək qərarlar yalnız ABŞ qüvvələrinin gələcəyini deyil, NATO-nun növbəti onilliklərdəki strukturunu da müəyyən edəcək. Avropa üçün əsas sual ABŞ-nin çıxıb-çıxmaması deyil.

Əsas məsələ ABŞ-nin illərdir təmin etdiyi hava üstünlüyü, logistika, kəşfiyyat və dəniz gücü imkanlarının nə qədərinin Türkiyə və digər Avropa müttəfiqləri tərəfindən əvəz edilə biləcəyidir. Nüvə silahları istisna olmaqla, gələcəyin NATO-sunda qüvvələr balansını hərbçilərin sayı deyil, bu kritik imkanları hansı ölkələrin təmin edəcəyi müəyyənləşdirəcək.

Türkiyənin və bütövlükdə Avropanın təhlükəsizlik gələcəyi də böyük ölçüdə bu sualın cavabından asılı olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Avropa   Pentaqon  


Bizi "telegram"da izləyin