Hindistanın “Sindur” planı: terror bəhanəsi ilə yeni müharibəyə hazırlıq?

2025/06/1748846979.jpg
Oxunub: 866     19:39     02 İyun 2025    
Hindistan Baş naziri Narendra Modinin son açıqlamaları regional təhlükəsizlik üçün ciddi təhdid siqnalı kimi dəyərləndirilə bilər. “Sindur” adlı hərbi əməliyyatın hələ başa çatmadığını bildirən Modi açıq şəkildə bildirib ki, Hindistan “terrora dəstək verən” bütün tərəflərə qarşı əməliyyatlarını davam etdirəcək. Burada diqqətçəkən məqam Hindistanın “terrora dəstək” anlayışını kimlərə qarşı tətbiq etməyə çalışdığıdır.

Əslində, Modi bu bəyanatı verməklə həm daxili siyasi gündəmi manipulyasiya etməyə, həm də beynəlxalq ictimaiyyətdə Pakistan, Türkiyə və Azərbaycanı hədəf göstərməyə çalışır. Bununla da Hindistan terrora qarşı mübarizə adı altında regional gərginliyi dərinləşdirmək və hərbi əməliyyatlara legitimlik görüntüsü vermək niyyətindədir.

Qeyd edək ki, Hindistan-Pakistan arasında baş verən son toqquşmalar mayın 10-da ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə olunan atəşkəslə dayandırılmışdı. Lakin Hindistan tərəfi bu razılaşmadan sadəcə hərbi üstünlük qazanmaq üçün istifadə etdi və mayın 12-də Modi bildirdi ki, Pakistanla siyasi dialoq mümkünsüzdür və yalnız hərbi kanallar vasitəsilə təmaslar olacaq. Bu, Hindistanın sülh istəmədiyini və yeni müharibəyə hazırlaşdığını göstərən açıq mesajdır.

Bu gərgin fonun davamında, Pakistanın Baş naziri Şahbaz Şərifin Türkiyəyə səfəri və Laçındə keçirilmiş yüksək səviyyəli Türkiyə-Azərbaycan-Pakistan görüşü Hindistan hakimiyyətində ciddi narahatlıq doğurub. Həmin görüşdə Ankara və Bakı İslamabada birmənalı dəstəyini ifadə etmişdi. Təbii ki, bu həm siyasi, həm də təhlükəsizlik baxımından regionda balansın Pakistana doğru dəyişməsi demək idi. Modi hökumətinin yeni təxribatlar törətməsinin səbəblərindən biri də məhz bu reallıqdır.

Modi hökumətinin “Sindur” əməliyyatını genişləndirmə bəhanəsi ilə etdiyi son xəbərdarlıq isə birbaşa Azərbaycan və Türkiyəyə yönəlib. Xüsusilə də Hindistan mediası və bəzi kəşfiyyat dairələri, guya Azərbaycanın və Türkiyənin “radikal qruplara” dəstək verdiyini iddia etməklə bu ölkələri gözdən salmağa çalışır. Halbuki ortada bu tip ittihamları əsaslandıran heç bir dəlil yoxdur. Bu, Hindistanın regionda formalaşan yeni geosiyasi ittifaq – Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlığını pozmaq cəhdidir.

Bütün bu proseslər Hindistanın əslində terrora qarşı deyil, bölgədə güc siyasəti və hegemonluq iddialarına qarşı çıxan dövlətlərə qarşı müharibə planladığını göstərir. Kəşmir məsələsində Pakistanın haqlı mövqeyini açıq şəkildə müdafiə edən Türkiyə və Azərbaycan isə bu savaşın məqsədli şəkildə hədəfə çevrilmiş tərəfləridir.

Bu reallıq fonunda “Sindur” əməliyyatının davam etdirilməsi Hindistanın yalnız regional deyil, qlobal təhlükəsizliyə qarşı da təhdid yaratdığı anlamına gəlir. Terror bəhanəsi ilə qonşulara qarşı təcavüz, siyasi dialoqun rədd edilməsi və güc tətbiqinə yönəlmiş ritorika BMT prinsiplərinə və beynəlxalq hüquqa ziddir. Hindistan hakimiyyəti daxili siyasi çöküşünü ört-basdır etmək üçün xarici düşmən obrazı yaradır və bu zaman Pakistan, Azərbaycan və Türkiyəni hədəf göstərir. Bu isə təhlükəli və qeyri-məsuliyyətli yanaşmadır.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Sindur-plan   Terror  


Bizi "telegram"da izləyin