Ukrayna Çexiya hökuməti və donorların dəstəyi ilə 10 ədəd ALTO NG təlim təyyarəsi alıb

2026/06/cvbvd-1782454533.jpg
Oxunub: 207     10:16     26 İyun 2026    
Ukrayna Çexiya hökuməti və “Dárek pro Putina” xeyriyyə fondunun dəstəyi ilə 10 ədəd ALTO NG təlim təyyarəsi əldə edib.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, təhvil verilən təyyarələr Ukraynada hərbi pilotların hazırlanması üçün kompleks təlim sisteminin qurulmasına imkan verəcək.

Qeyd olunub ki, yüngül təlim təyyarələrindən istifadə döyüş təyyarələri ilə müqayisədə bir uçuş saatının xərcini əhəmiyyətli dərəcədə azaldacaq və kursantların Qərb istehsalı olan təyyarələrə keçidini sürətləndirəcək.

Gələcək pilotlar ALTO NG təyyarələrində əsas və təkmilləşdirilmiş pilotaj bacarıqları, naviqasiya, qalxma və enmə prosedurlarını mənimsəyəcəklər. Bu platformalar həmçinin müasir Qərb qırıcılarına keçiddən əvvəl aralıq hazırlıq mərhələsi kimi istifadə olunacaq.

Təyyarələrin beşi Çexiya hökumətinin dəstəyi ilə, digər beşi isə Çexiya vətəndaşlarının “Dárek pro Putina” fonduna etdiyi ianələr hesabına təmin edilib.

Ukrayna Müdafiə Nazirliyi vurğulayıb ki, öz təlim infrastrukturunun yaradılması xarici hazırlıq proqramlarından asılılığı azaldır, resurslardan daha səmərəli istifadə edilməsinə imkan verir və uçuş heyətinin hazırlanmasında müstəqilliyi təmin edir.

“Bu yanaşma pilotlarımızın döyüş hazırlığını əhəmiyyətli dərəcədə artırır və hava hücumundan müdafiəni daha sadə, müasir və effektiv edir”, - deyə nazirlik bildirib.

ALTO NG təyyarəsi Çexiyanın “Direct Fly” şirkəti tərəfindən istehsal olunur. O, 100 at gücünə malik “Rotax” 912 ULS mühərriki ilə təchiz edilib. Təyyarənin maksimal uçuş kütləsi 600 kq, kruiz sürəti saatda 180 km, maksimal sürəti isə saatda 260 km-dir. İkiyerlik kabinəyə malik olan təyyarə pilot hazırlığı üçün nəzərdə tutulub.

Qeyd edək ki, “Dárek pro Putina” fondunun çex könüllüləri ötən ilin avqustunda Ukrayna üçün beş təlim təyyarəsinin alınması məqsədilə vəsait toplama kampaniyasına başlamışdılar. Onların sözlərinə görə, Ukrayna tərəfi bu modeli hərbi pilotların ilkin hazırlığı üçün ən uyğun təyyarə kimi seçib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Çexiya   ALTO-NG  


Bizi "telegram"da izləyin