Hindistan yeni lazer silah sistemi ilə müdafiə qabiliyyətini gücləndirir

2025/05/1746773557.jpg
Oxunub: 480     14:01     15 May 2025    
Hindistan Müdafiə Nazirliyi ölkənin ilk yüksək enerjili lazer silah sistemi olan “Mk-IIA”nın sınaqlarının uğurla başa çatdığını elan edib.

Ordu.az xəbər verir ki, bu silah kompleksi 20 kilovat gücə malik olmaqla, həm hava, həm də yerüstü hədəfləri yüksək dəqiqliklə məhv edə bilir.

Hindistanın Müdafiə Tədqiqat və İnkişaf Təşkilatı (DRDO) tərəfindən hazırlanan “Mk-IIA” lazer silahı döyüş meydanında pilotsuz uçuş aparatlarından tutmuş, raket və artilleriya mərmilərinə qədər müxtəlif təhlükələrə qarşı istifadə üçün nəzərdə tutulub. Sınaqlar zamanı sistemin sabit platformada və hərəkətdə olan hədəfləri dəqiq vurmaq qabiliyyəti xüsusi diqqət çəkib.

Rəsmilərin sözlərinə görə, bu texnologiya gələcəkdə Hindistan Silahlı Qüvvələrinin arsenalı üçün əsas müdafiə vasitələrindən birinə çevriləcək. Lazer silahlarının istifadəsi həm də ənənəvi sursatlardan fərqli olaraq, əməliyyat xərclərini azaltmağa və çevik müdafiə imkanlarını artırmağa xidmət edir.

Müdafiə sənayesi mütəxəssisləri vurğulayırlar ki, “Mk-IIA”nın mobil platformalara inteqrasiyası yaxın illərdə həyata keçiriləcək və bu, Hindistanın müdafiə sənayesində böyük bir irəliləyiş kimi qiymətləndirilir. Layihənin uğurla başa çatması ölkənin regional təhlükəsizlik balansında mövqeyini möhkəmləndirəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   MN  


Bizi "telegram"da izləyin