MEE: BƏƏ Somalidə gizli radar bazası qurub

2025/04/1745569214.jpg
Oxunub: 695     13:19     28 Aprel 2025    
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Somalinin Puntlend bölgəsindəki “Bosaso” hava limanında İsrail istehsalı olan ELM-2084 3D AESA radar sistemi yerləşdirdiyi məlum olub.

Ordu.az xəbər verir ki, bu barədə “Middle East Eye” (MEE) məlumat yayıb.

MEE-yə danışan mənbələrə görə, bu addım Yəməndən mümkün Husi hücumlarına qarşı erkən xəbərdarlıq etmək məqsədi daşıyır.

2025-ci ilin mart ayında çəkilmiş peyk görüntüləri radarın hava limanının yaxınlığında yerləşdirildiyini göstərir. Radarın bölgəni xüsusilə pilotsuz uçuş aparatları və raket təhdidlərindən qorumaq üçün quraşdırıldığı bildirilir.

Açıq mənbəli hava trafiki məlumatlarına görə, BƏƏ Sudandakı yarımhərbi Çevik Dəstək Qüvvələrinə (RSF) dəstək vermək üçün “Bosaso” hava limanından getdikcə daha çox istifadə edir. İddia olunur ki, iri yük təyyarələri hər gün sursat və silah daşıyır. Sudan hökuməti RSF-yə verdiyi dəstəyə görə BƏƏ-yə qarşı Beynəlxalq Ədalət Məhkəməsinə (ICJ) şikayət edib. BƏƏ bu ittihamları rədd edir.

Puntlend prezidenti Səid Abdullahi Deninin hava limanının BƏƏ-yə təhvil verilməsi qərarını Puntlend parlamentindən və ya Somali Federal Hökumətindən razılıq almadan qəbul etdiyi iddia edilir.

MEE-yə bir mənbə qeyd edib: “Bu, gizli razılaşmadır, hətta hökumətin yüksək eşelonları, o cümlədən Nazirlər Kabineti də bundan xəbərsizdir”.

Eyni mənbə, həmçinin kolumbiyalı hərbi qulluqçuların Sudana göndərilmək üçün Bosasoya gətirildiyini, lakin vizanın kimin tərəfindən verildiyinin aydın olmadığını bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BƏƏ   Somali   Radar  


Bizi "telegram"da izləyin