Erməni cəmiyyətində yorğunluq və məyusluq toplanıb, gələcəkdə nə gözlənilir?

2026/06/1781673587.jpg
Oxunub: 192     12:59     20 İyun 2026    
“Nikol Paşinyanın qələbəsi gözlənilən idi, lakin bu qələbə nokautla deyil, xallarla qazanılmış qələbə idi. Çünki son səkkiz ildə cəmiyyətdə müəyyən yorğunluq və məyusluq toplanıb”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Cəmiyyətdə yorğunluq və məyusluq toplanıb: Gələcəkdə nə gözlənilir?” başlıqlı məqaləsində yazıb.

Məqalədə qeyd olunur ki, “İnterfax.ru” saytında dərc olunan “Moskva Ermənistan seçkilərinin tanınması məsələsində fasilə götürə bilər” sərlövhəli materialda Ermənistan parlament seçkilərinin nəticələri, Moskvanın mövqeyi və gələcək Rusiya-Ermənistan münasibətləri müzakirə olunub. Beynəlxalq Araşdırmalar İnstitutunun aparıcı elmi işçisi və “Beynəlxalq Analitika” jurnalının baş redaktoru Sergey Markedonov mövzu ilə bağlı fikirlərini “İnterfax.ru”nun şərhçisi Boris Gevorqyanla bölüşüb.

Markedonov bildirib ki, Nikol Paşinyanın seçkilərdə uğur qazanacağı əvvəlcədən gözlənilirdi.

“Nikol Paşinyanın uğuru gözlənilən idi. Bu qiymətləndirmə ona simpatiyanın ifadəsi deyil. Həm Rusiyada, həm də Ermənistanda bəzi insanlar bunu belə qəbul edə bilərlər, lakin məsələ bundan ibarət deyil. Niyə Paşinyan? İlk növbədə ona görə ki, o tanış fiqurdur. İnsanlar nəyəsə öyrəşdikdə dəyişiklik həmişə narahatlıq və risk yaradır.

Üstəlik, erməni xalqı son səkkiz ildə çoxsaylı dəyişikliklər yaşayıb: “məxməri inqilab”, Qarabağ müharibəsinin mərhələləri, ermənilərin Qarabağı (könüllü-red.) tərk etməsi və digər hadisələr. Buna görə də hər hansı yeni risk, hətta əsaslandırılmış və zəruri görünsə belə, adi insanların şübhələri ilə qarşılanır.

İkinci mühüm məqam Paşinyanın populist bacarığıdır. O, sülh mövzusundan və cəmiyyətin münaqişədən yorulmasından istifadə etdi. Uğurun üçüncü amili isə inzibati resurs idi. Paşinyan bu baxımdan üstünlüyə malik idi. Bundan əlavə, müəyyən xarici təsir amili də mövcud idi. ABŞ, Avropa İttifaqı faktiki olaraq bir çox pozuntulara və hakimiyyətin rəqiblərinə qarşı sərt təzyiqlərə göz yummağa hazır idilər”, - deyə Markedonov bildirib.

Paşinyanın öz qələbəsini müxalifətin darmadağın edilməsi kimi təqdim etməsinə münasibət bildirən ekspert bunun şişirdilmiş yanaşma olduğunu vurğulayıb.

“O, açıq şəkildə şişirdir. Mənim üçün gözlənilən nəticə nokaut deyil, xallarla qazanılmış qələbə idi. Çünki səkkiz il ərzində cəmiyyətdə müəyyən yorğunluq və məyusluq toplanıb. Eyni zamanda dəyişiklik tələbi də mövcuddur”, - deyə o qeyd edib.

Məqalədə daha sonra seçkilərin əsas sürprizinin “Güclü Ermənistan” partiyasının uğuru olduğu vurğulanır.

“Ən gözlənilməz nəticə məhz “Güclü Ermənistan”ın uğuru oldu. Bir ildən də az müddət əvvəl yaradılmış partiya kifayət qədər yaxşı nəticə əldə etdi. Bu göstərici, məsələn, 2021-ci ildə “Hayastan” blokunun əldə etdiyi nəticə ilə müqayisə oluna bilər”, - deyə Markedonov bildirib.

Müxalifətin gələcək fəaliyyətindən danışan ekspert diqqətin xüsusilə Karen Karapetyanın üzərində cəmləşəcəyini qeyd edib.

“Burada vacib məqam Karapetyanın bundan sonra nə edəcəyidir. O, müəyyən iddialar irəli sürüb və indi onları əsaslandırmalıdır. Parlamentdə göstərməlidir ki, onun rəhbərlik etdiyi qüvvə ilə hesablaşmaq lazımdır və o, digər müxalif qüvvələrlə konstruktiv əməkdaşlığa qadirdir.

Məlumdur ki, Paşinyanın əsas dayağı kənd yerlərində yaşayan seçicilər və yaşlı nəsildir. Buna görə də prinsip etibarilə o, məğlub edilə bilər. Şəhər gəncliyi ilə rəqabət aparmaq isə çətindir. Üstəlik, Paşinyanın İrəvandakı mövqeləri də o qədər güclü deyil”, - deyə ekspert bildirib.

Rusiyanın Ermənistanla münasibətlərinin gələcəyinə toxunan Markedonov qeyd edib ki, Paşinyan Moskva ilə əlaqələri qırmağa tələsməyəcək.

“Mən seçki vəziyyəti ilə rejimi bir-birindən ayırardım. Postsovet məkanında problemli liderlərlə bağlı hallarda Moskva həmişə müəyyən manevr imkanları saxlayıb. Paşinyan da bir neçə səbəbə görə Rusiya ilə münasibətləri qırmağa tələsməyəcək.

Bunlardan biri sırf praqmatik səbəbdir. O anlayır ki, sabitlik, o cümlədən öz hakimiyyəti Rusiya ilə normal münasibətlərdən asılıdır. Əgər əlaqələr qırılsa, onun hakimiyyəti sarsıla bilər. “Azad Avropa” barədə şüarlar nə seçiciləri, nə də elitanı dolandıra bilər”, - deyə o vurğulayıb.

Ekspert hesab edir ki, yaxın dövrdə tərəflər arasında müəyyən diplomatik sövdələşmələr aparılacaq.

“Məncə, müəyyən diplomatik danışıqlar olacaq. Hətta seçkilərin tanınması məsələsində müəyyən fasilə də yarana bilər. Hazırda Moskvanın tələsmədiyini görürük. Hesab edirəm ki, həm səfər, həm də birbaşa təmaslar zəruridir”, - deyə Markedonov bildirib.

Rusiyanın Ermənistanın Avropayönümlü kurs seçəcəyi təqdirdə daha əvvəl xəbərdarlıq etdiyi rıçaqlardan istifadə edib-etməyəcəyi barədə suala cavab verən ekspert bunun mümkün olduğunu bildirib.

“Hesab edirəm ki, həmin vasitələrdən istifadə olunacaq. Əsas sual budur ki, Paşinyan bundan sonra nə edəcək? Brüsselə gedəcəkmi? Zelenskini dəvət edəcəkmi? Rusiya baxımından konstruktiv sayıla biləcək hansı addımlar atılacaq?” - deyə o qeyd edib.

Müxalifətin yeni bir “rəngli inqilab” təşkil etmək ehtimalını da dəyərləndirən Markedonov bunun real görünmədiyini bildirib.

“Səmimi desəm, düşünmürəm ki, hakimiyyət dəyişiklikləri tam eyni ssenari ilə baş verir. İnqilab təşkil etmək üçün sistemli hazırlıq lazımdır. Bunun üçün ciddi narazılıq potensialı formalaşmalıdır.

Bəli, on minlərlə insan Paşinyana qarşı etiraz aksiyalarında iştirak edib və bunu bir neçə dəfə edib. Lakin mitinqə çıxmaq başqa şeydir, inqilab etmək tamamilə başqa məsələdir. Vətəndaş qarşıdurması təhlükəsi yarananda hər iki tərəf son anda geri çəkilir. Erməni xalqında müəyyən özünümühafizə instinkti mövcuddur.

Amma mən düşünürəm ki, mübarizə davam edəcək. Müxalifət hələlik hüquqi mexanizmlərdən istifadə etməyə üstünlük verir. Ona görə də hadisələrin necə inkişaf edəcəyini zaman göstərəcək”, - deyə Markedonov bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin