Bu vəziyyət terror təşkilatlarının sahə təcrübəsində yaşadıqları mənfi hadisələr, terrorla mübarizə əməliyyatları nəticəsində qarşılaşdıqları itkilərlə birlikdə dəyişə bilər və təşkilatın varlığının qorunması yenidən mütləq prioritet kimi müəyyən edilə bilər. Bu proseslərdə terror təşkilatları təşkilatın qabiliyyətinin, liderin, üzv ehtiyatlarının, maliyyə və logistika resurslarının, təşkilatın fiziki imkan və qabiliyyətlərinin qorunmasına diqqət yetirir və bu istiqamətdə reaksiyalar sərgiləyirlər. Lakin terror təşkilatları üçün varlığını qorumaq baxımından əsas və mütləq təhdid təşkilatın bir “hadisə, fenomen, reallıq” imicini və ideloji gücünü itirməsidir. Bu vəziyyət terror təşkilatları üçün apokaliptik bir sona, mütləq sona, dağılmağa və yox olmağa işarə edir və bu şəkildə anlaşılır. Çünki təşkilatın qabiliyyətindəki itkilər əvəz edilə bilər, lakin ideoloji gücün itirilməsi geridönməz bir prosesi başladır.
PKK üçün bu reallıq təşkilatın qurulduğu illərdən etibarən ən aydın şəkildə özünü göstərirdi. Terror təşkilatı üçün təşkilatın varlığının və yaşamaq qabiliyyətinin qarşısındakı bu apokaliptik təhdid “ləğv və ləğvçilik” olaraq təyin edilmiş və kodlaşdırılmışdı. Buna görə ləğv PKK-nın təşkilat kodları çərçivəsində, təşkilatın ideologiyasını, varlıq səbəbi kimi təqdim etdiyi təbliğat arqumentlərini və təşkilatın hədəflərini işlənməz hala gətirə biləcək və kütlələr üzərindəki təsirini itirməsinə səbəb ola biləcək hər cür şəxs, anlayış, meyl və təşəbbüsü əhatə edir. Ləğv və ləğvçilik təşkilat daxili doktrinasiya proseslərində həmişə təşkilatın təhlükəsizliyi, varlığı və yaşamaq adına ən çox həssaslıq və ehtiyat tələb edən “təhlükə” kimi təqdim olunurdu. Hətta PKK liderlərinin təşkilatın təlim fəaliyyətlərində istifadə üçün hazırladığı “Ləğvçiliyin Ləğvi” adlı sənəd uzun illər bu məqsədlə istifadə edilib. Bu vəziyyət sözügedən “təhlükə”nin PKK-nın təşkilat kodları baxımından daşıdığı kritik əhəmiyyəti açıq şəkildə ortaya qoyur.
1984-cü ildən bu yana, Türkiyənin ölkə daxilində və sərhədlər xaricində həyata keçirdiyi terrorla mübarizə əməliyyatları PKK üçün təşkilatın təhlükəsizliyinə və qabiliyyətinə, imkan və qabiliyyətlərinə yönəlmiş itkilər kimi qiymətləndirilirdi. Habelə PKK-nın təşkilat daxili münaqişə prosesləri isə “ləğv təhlükəsi” ilə eyniləşdirilirdi. 1986-cı ildəki qondarma “3. Qurultay” prosesində yaşanan “ziyalılar-kəndlilər” münaqişəsi, 1990-cı illərin əvvəllərində KDP ekolu tərəfindən təşkilat daxilində yaradılan müzakirələr, 1993-cü ildəki qondarma atəşkəs, 2000-ci ildəki qondarma “7. Fövqəladə Qurultay”, 2000-2005-ci illər arasında KADEK, “Kongra-Gel” və KKK strukturlarının elanı proseslərində yaşanan müzakirələr PKK-nın təşkilat yaddaşına “ləğvçilik təhlükələri” kimi kodlanmışdı. Bu proseslərdə təşkilat daxilində, təşkilatın əsas götürdüyü ideologiyaya və terror başçısının mütləq liderliyinə yönələn tənqidi və ya alternativ yanaşma irəli sürən hər cür şəxs, anlayış və fikirlər “xəyanət, əməkdaşlıq, sapma” və nəhayət “ləğvçilik” kimi qiymətləndirilir, bu şəxslər təşkilat daxili edamlar və ya təşkilatdan xaric edilmələrə məruz qalırdılar. Terror təşkilatının sözügedən prosesləri bu qədər yüksək həssaslıqla yaşaması, ideoloji gücün itirilməsi çərçivəsində təşkilatın varlığını sonlandırma riskinin qəbul edilməsindən qaynaqlanıb.
Bu gün etibarilə, PKK və qollarının regionda yaranan yeni şərtlər kontekstində apokaliptik narahatlıqlarının ən yüksək səviyyələrinə çataraq bitdiyini demək mümkündür. PKK və qolları təşkilat tarixində heç olmadığı qədər “ləğv təhlükəsini” yaxından hiss edirdilər. Sözügedən aktual vəziyyəti və şərtləri fərqli edən məqam isə təşkilatın varlığının hər cəhətdən tükənməyə doğru getməsi idi. Keçmişdə təşkilat qabiliyyətində yaşadığı itkilərə qarşı müqavimət göstərə bilən PKK və qolları 2016-cı ildən etibarən Türkiyənin ölkə daxilində və eyni zamanda İraq və Suriyada həyata keçirdiyi terrorla mübarizə əməliyyatları ilə birlikdə əvəz edilə bilməz zərərlər görməyə başladı. Bununla yanaşı, terror təşkilatı həm Türkiyə daxilində, İraqda və Suriyada ideoloji gücünü və kütlələrə yönəlmiş təsir qabiliyyətini itirməyə başladı. Bu prosesdə PKK və qollarının ziddiyyətli təşkilat taktika və strategiyaları, qlobal və regional aktorlarla paradoksal ittifaq münasibətləri, təşkilatın ideologiyasının alt-üst olmasını birlikdə gətirərkən terror təşkilatının yeganə motivasiyasının müəyyən bir idarəedici qrupun mövqelərinin və mənafeyinin qorunması olduğu geniş kütlələr tərəfindən daha aydın şəkildə anlaşıldı. Bu məqamda, Türkiyənin, xüsusilə Suriya inqilabından sonra PYD/YPG-yə yönələrək tez-tez ön plana çıxardığı “ləğv” vurğusunun təşkilat kodları kontekstində bir reallığın ifadə edilməsi kimi oxunması qaçılmaz idi. PKK və qolları apokaliptik sonla üz-üzə olduqlarını aydın şəkildə hiss edərkən bu sonu gecikdirmək və ya dəyişdirmək üçün addımlar atmaq axtarışına çıxmışdılar. Lakin sözügedən addımların effektsiz və faydasız qalacağını təşkilat kodları vasitəsilə ifadə edirdi və son fəaliyyətlər PKK-nın regional tarazlıqda “ləğv” ilə qaçılmaz şəkildə üz-üzə olduğunu ortaya qoydu.
Asif Cəfərov
Ordu.az