Müvafiq olaraq, Suriya ordusunun bölmələri tutduğu mövqeləri tərk edib, zirehli texnika, artilleriya vasitələri və digər silahları geridə buraxıb. 250 kvadrat kilometrdən çox ərazi yaraqlıların nəzarətinə keçib, onlar Hələbin mərkəzindən cəmi 5-7 kilometr aralıdadırlar.
Eyni məlumatı Türkiyə KİV-ləri “Türkiyəyönlü ordu hücuma keçir, Əsəd ordusu geri çəkilir” başlığı ilə yayıb. Bundan başqa, məlumatlara görə, Suriya “Həyat Təhrir əş-Şam”ın hücumunun qarşısını almaq üçün Rusiyadan kömək istəyib, lakin hətta Rusiya Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlı bölməsi də “itkilər verib”.
Məlumatlara görə, bu barədə Rusiya Müdafiə Nazirliyinə yaxın “Telegram” kanalları məlumat yayıb. Noyabrın 27-də səhər tezdən yerli vaxtla saat 04:00-da İsrail və Livan arasında əldə olunan atəşkəs razılaşması qüvvəyə minib. Türkiyə o danışıqlarda iştirak etməyib, Ankara zəmanətçi tərəf deyil. İsrail-Livan atəşkəs razılaşması ərəfəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-nin yeni administrasiyasının vədinə əməl edəcəyinə və qoşunlarını Suriyadan çıxaracağına ümid etdiyini bildirib.
Bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya prezidenti Bəşər Əsədin danışıqlardan yayınmasından şikayətlənib və bu məsələdə onun xarici təsir altında olduğuna eyham vurub. Əsəd beynəlxalq səviyyədə təcrid olunub, Rusiya və İranla diplomatik əlaqələri var. Moskva bir neçə dəfə Əsədlə Ərdoğan arasında görüş təşkil etməyə hazır olduğunu bildirib. Ehtimal etmək olar ki, Ərdoğan Əsədə xarici təsirdən danışarkən, İranı nəzərdə tutur.
“Həyat Təhrir əş-Şam”ın başlatdığı hücum nə dərəcədə Türkiyə tərəfindən idarə edilir? Hələbə hücum Suriya prezidentinə xəbərdarlıq edirmi ki, o, Ərdoğanın təklifinə məhəl qoymamağa davam edərsə, daha çətin vəziyyətə düşəcək?
Əgər türkiyəyönlü hərbi qruplaşmalarla toqquşmalarda Rusiyanın da iştirak etdiyi barədə məlumat doğrudursa, o zaman Suriya ilə bağlı Astana razılaşmalarının ləğv ediləcəyini güman etmək olarmı? Rusiya prezidenti Vladimir Putinin KTMT sammitinin keçirildiyi Astanaya dövlət səfərinə getməsi ilə Suriyada qarşıdurmaların başlaması təsadüfdürmü?
Artıq ikinci ildir Putini Ankarada gözləyirlər, lakin Moskva bir daha elan edib ki, səfər hazırlanır, tarix hələ müəyyənləşdirilməyib. Çox güman ki, Suriyada vəziyyətin gərginləşməsi Putinin diqqətini hadisələrin gələcək inkişafının vacibliyinə yönəldəcək. Son bir neçə həftədə Türkiyə prezidenti bir neçə sammitdə iştirak edərək, müstəsna diplomatik fəallıq nümayiş etdirib. NATO-nun 2026-cı il sammitinin Türkiyədə keçirilməsinə qərar verməsi ciddi nailiyyətdir.
Üstəlik, Suriyadakı türkiyəyönlü qüvvələr Şimali Atlantika Alyansının Baş katibi ilə Türkiyə prezidenti arasında danışıqların ertəsi günü Hələb istiqamətində hücuma keçiblər. Ərdoğan Türkiyəni qlobal siyasətin qütbü elan edib. Ərdoğanın İsrail-Livan atəşkəs razılaşmasına cavabı, görünür, aydın mesajdır ki, Ankaranın təsiri 1923-cü il Lozanna konfransında Türkiyə üçün ayrılmış sərhədlərdən kənarda ciddi hərbi-siyasi amildir. Görünür, Rusiya ilə sinerjini institusional görünüşə gətirmək mümkün olmayıb. Qərb, ABŞ Yaxın Şərqin İsrail-Türkiyə fraqmentasiyasına gedəcəkmi? Bəs İran?
Yaxın Şərqdə təsir dairələrinin bölünməsi vəziyyəti idarə etməyin yeganə imkanı kimi qiymətləndirilsə, Cənubi Qafqazda buna necə reaksiya veriləcək?
Asif Cəfərov
Ordu.az