Noyabrın 20-də Hoxşteyn “X” sosial platformasında qeyd yazıb və atəşkəs şərtlərinin son təfərrüatlarını müzakirə etmək üçün Beyrutdan İsrailə getdiyini elan etdi, lakin məşhur diplomatik ifadəni əlavə etdi: “Şeytan təfərrüatlardadır”. Ərəb mənbələrinin məlumatına görə, ABŞ ilkin olaraq 60 günlük atəşkəs yaratmağı təklif edib. Bu müddət ərzində “Hizbullah” Livanın nizami ordusu və BMT müşahidəçi qüvvələrinin nəzarəti altına keçmək üçün Litani çayının şimalında, İsraillə sərhəddə öz hərbi qruplarını yenidən yerləşdirməli idi.
Artıq prosesə başlandığı məlumdur və bu qüvvələrin Fransa, Böyük Britaniya və Almaniya hərbçiləri ilə komplektləşdiriləcəyi qərarlaşdırılıb. İsrail-Livan sərhədində stabil nəzarəti qurduqdan sonra İsrail Silahlı Qüvvələri Livanın cənubunu tamamilə tərk edəcək. Arıq təsdiqlənmiş məlumatlara görə, təfərrüatlardan biri İsrailin “Hizbullah”dan şübhələnməsi, hətta Livan hakimiyyətinə belə güvənməməsi və razılaşmaların tam yerinə yetirilmədiyi təqdirdə birtərəfli addımlar atma hüququnu müqavilə ilə özündə saxlamasını tələb etməsidir.
Üstəlik, İsrail müxalifətinin bir qanadı daha tələbkardır. “Evimiz İsrail” partiyasının lideri, keçmiş müdafiə naziri Liberman bəyan edib ki, müharibə “Hizbullah”la deyil, terror qruplaşmasına tam dəstək verən, xərclərinin böyük hissəsini qarşılayan və logistikanı təmin edən Livanladır.
“Hizbullah”ın ABŞ-nin atəşkəslə bağlı təkliflərini nə dərəcədə qəbul etdiyi dəqiq məlum deyil. Məlum olan odur ki, “Hizbullah”ın qüvvələri geri çəkiləcək, digər məsələlər barədə geniş məlumat yoxdur. Ekspert təəssüratları var ki, İran “Hizbullah”ı atəşkəsə razılaşmağa razı salıb. Hoxşteynin çox ciddi nəticəyə nail olması gün kimi ortadadır, davamlılığın təmin olunması isə yaxın bir-iki həftəyə bəlli olacaq. İsraildə “Hizbullah”la atəşkəslə bağlı danışıqların daxili ziddiyyətlərlə müşayiət olunması diqqət çəkir.
Ötən il oktyabrın 7-də baş vermiş faciəli hadisələrin araşdırılması üçün dövlət komissiyasının yaradılması qərara alınıb. Baş nazir Benyamin Netanyahunun “Likud” partiyasının parlamentdəki fraksiyası və bir neçə koalisiya qüvvəsi hesab edir ki, araşdırma “siyasi xarakter daşımalıdır və parlamentə tabe olmalıdır”. Onlar qanun layihəsi təqdim ediblər. Bu qanun layihəsinə əsasən, komissiya koalisiyanın yarısını, müxalifətin yarısını təmsil etməlidir, azı 80 deputatın səs verdiyi namizəd istintaq orqanının üzvü seçilə bilər.
Dövlət komissiyası yaradılarsa, o, məhkəmə hakimiyyətinin nəzarəti altında fəaliyyət göstərəcək. Məsələ ilə bağlı debatda keçmiş müdafiə naziri Yoav Qalant da iştirak edib. O bildirib ki, işdən çıxarılmasına səbəb “Qara Oktyabr”ı araşdırmaq üçün daim müstəqil dövlət komissiyasının yaradılmasını tələb etməsidir. Qalant bu məsələdə “Baş Qərargah rəisi Herzi Halevinin Netanyahuya təzyiq etdiyini” iddia edib.
İsrail mətbuatının məlumatına görə, ümumi təhlükəsizlik xidməti dövlət komissiyasının yaradılmasının tərəfdarı olub. Müxalifət hesab edir ki, Netanyahu “sirrləri açıqlamamağa çalışır”. İsrail-Fələstin nizamlama danışıqları prosesi israildaxili ziddiyyətlərin açıqlanmasına nə dərəcədə təsir edir? Mütəxəssislər dəfələrlə Netanyahu ilə Bayden arasında münasibətlərin “alınmadığını” qeyd ediblər.
Donald Tramp Yaxın Şərqin hansı mirasını alacaq? Daimi atəşkəs yaradılacaq, yoxsa İsrail növbədənkənar seçkilər sınağı ilə üzləşəcək? Yalnız ilk baxışdan Yaxın Şərq müharibəsinin Qafqazdan uzaq olduğu görünür.
Firuz Bağırov
Ordu.az