Çindən ABŞ-nin THAAD-ına meydan oxuyan raket: HQ-19

2024/11/1731052966.jpg
Oxunub: 777     17:34     26 Noyabr 2024    
Çinin ABŞ-nin THAAD sisteminə rəqib olaraq hazırladığı HQ-19 Anti-Ballistik Raket Sistemi ilk dəfə 2024-cü il “Zhuhai” Aviasiya Sərgisində təqdim edilib.

ABŞ-nin THAAD sistemi ilə oxşar konseptə malik olan HQ-19 atmosfer daxilində və xaricində ballistik raket təhdidlərini məhv etmək üçün nəzərdə tutulub və hazırda Çin Xalq Azadlıq Ordusu tərəfindən istifadə olunur.

Çin 1990-cı illərdən HQ-19 sistemini inkişaf etdirməyə davam edir və raket 3000 kilometrə qədər məsafədə ballistik raketləri zərərsizləşdirmək qabiliyyətinə malikdir. Çin Müdafiə Nazirliyinin verdiyi açıqlamada qeyd olunub ki, sistem 200 kilometrdən çox hündürlükdə və saniyədə 10 000 metrə qədər sürətdə sınaqdan keçirilərək təsdiqlənib. 2021-ci ilin fevral ayında keçirilən sınaqda HQ-19-un performansının gözləntiləri doğrultduğu bildirilib.

Çinin Müdafiə Sənayesində Qlobal Hədəflər

Yaxın Şərq başda olmaqla, Pakistan, Səudiyyə Ərəbistanı və Misir kimi mövcud müştərilərdən kənara çıxmağı hədəfləyən Çin müdafiə sənayesi regional bazarlarda effektivliyini artırmağa çalışır. HQ-19-un ballistik raket bloklama imkanları oxşar müdafiə sistemləri axtaran ölkələr üçün seçim təmin edə bilər. Dünyada artan münaqişə mühiti və adi döyüşlərə meyl də raketdən müdafiə sistemlərinə marağı artırır.

HQ-19-un texniki xüsusiyyətləri

Yüksək hərəkət qabiliyyətinə malik 8×8 yük maşını üzərində qurulan və 6 raketli buraxılış sistemi ilə təchiz edilən HQ-19 şaquli soyuq buraxılış mexanizmi sayəsində ballistik raketləri effektiv şəkildə bloklamaq qabiliyyəti təklif edir. Bundan əlavə, 610A radarı ilə təchiz edilən sistem 4000 kilometr məsafəyə qədər ballistik hədəfləri aşkar edə bilir və bu geniş əhatə dairəsi Çinin daxili bölgələrini əhatə edir.

HQ-19-un tuşlama sisteminə çox geniş diapazonlu infraqırmızı axtarış başlığı daxildir. Bu texnologiya atmosfer müdaxiləsini azaldaraq, yüksək hündürlükdə dəqiq hədəfləmə təmin edir. Raket iki mərhələli bərk yanacaqla işləyən raket mühərriki ilə işləyir, karbon lifli strukturdan və N-15B bərk yanacağından istifadə edərək, yüksək xüsusi itələmə və manevr qabiliyyəti təklif edir. Bu xüsusiyyətlər raketə döyüş başlıqlarının atmosferə daxil olmasının qarşısını effektiv şəkildə almağa imkan verir.

Sistemin kinetik məhvedici döyüş başlığı onu ABŞ-nin kinetik məhvetmə vasitələri (KKV) ilə birlikdə qlobal miqyasda belə mexanizmlə təchiz edilmiş azsaylı sistemlərdən birinə çevirir.

Çoxtəbəqəli raket hücumundan müdafiə sistemi

HQ-19 Çinin raketdən müdafiə sistemindəki HQ-9 və HQ-26 kimi digər sistemlərlə birlikdə işləyərək, çoxtəbəqəli müdafiə təklif edir. HQ-26 terminal kinetik performansı ilə mənzilini genişləndirərkən, HQ-19-un radarı erkən xəbərdarlıq imkanları ilə inteqrasiya olunmuş şəkildə işləyərək, hədəf aşkarlamasını təmin edir. HQ-19-un Cənubi Asiyada xüsusilə Hindistanın “Agni-4” və “Agni-5” sistemlərinə qarşı əks tədbir kimi də istifadə oluna biləcəyi qiymətləndirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   ABŞ   THAAD  


Bizi "telegram"da izləyin