İsrail tərəfindən HƏMAS-a qarşı həyata keçirilən hərbi əməliyyatlar 5-ci ayını tamamlamaq üzrədir. Bəzən Suriya, İordaniya, Misir və Livana sıçrayan toqquşmaların necə bir regional və beynəlxalq konyuktura tərəfindən dəstəkləndiyi isə ən çox maraq doğuran mövzulardan biridir. 2000-ci ildən sonra Amerika Birləşmiş Ştatları (ABŞ) və İranın rəhbərliyi altında yaradılan silahlı milis qüvvələrinin fəaliyyəti İsrailin manevr zonasını genişləndirdi. İraq, Suriya və Misir kimi bölgədəki mühüm aktorların milis qüvvələri tərəfindən zəiflədilməsi və Türkiyə kimi mühüm bir gücün bölgədən çıxarılaraq təsirinin azaldılması bölgənin təhlükəsizlik arxitekturasının köklü transformasiyasına səbəb oldu.
Türkiyənin bölgədən uzaqlaşdırıldığı və İsraili hərbi sahədə tarazlaşdıra biləcək mühüm aktorların zəiflədiyi yeni regional təhlükəsizlik arxitekturası İsrailin nisbətən güclənməsi və manevr imkanlarının genişlənməsi ilə nəticələndi. Oktyabrın 7-dən sonra İsrailin bütün bölgədə, xüsusən də Qəzzada həyata keçirdiyi hərbi əməliyyat milis qüvvələrinin regional təhlükəsizlik arxitekturasında törətdiyi son dağıntıların ən mühüm nəticələrindən biridir.
Bölgənin təhlükəsizlik arxitekturası milis qüvvələri tərəfindən yenidən qurulur
2000-ci ildən sonrakı dövr Türkiyənin xarici və təhlükəsizlik siyasətinin yenidən formalaşdırıldığı bir dövr oldu. Bu dövrdə Yaxın Şərq Türkiyə üçün prioritet sahəyə çevrilməyə başladı. Türkiyənin Yaxın Şərq bölgəsinə istiqamətlənməsi ilə bölgədəki ənənəvi güc balansı əhəmiyyətli dərəcədə dəyişdi. Bu dövrdə qlobal aktorların regiona dair siyasətləri əhəmiyyətli transformasiyaya uğramağa başladı.
11 sentyabrdan sonrakı dövrdə ABŞ-nin birtərəfli müdaxilə siyasəti regionda onsuz da zəif olan bəzi dövlət sistemlərinin dağılması ilə nəticələndi. 2010-cu ildə ortaya çıxan “Ərəb baharı” zamanı küçə hərəkətləri regionda dövlət sistemlərinin parçalanmasını sürətləndirərək, Liviya, Suriya və Yəmən kimi ölkələrin vətəndaş müharibəsinə sürüklənməsinə səbəb oldu. ABŞ və İranın nəzarəti altında olan silahlı milis qüvvələri bütün regionda zəifləmiş və ya çökmüş dövlət sistemlərinin yaratdığı güc boşluğunu doldurmağa başladı. ABŞ və İranın bütün regionda dəstəkləyici milis qüvvələri yarada bilməsi və bu aktorlardan müxtəlif coğrafiyalarda öz milli maraqları üçün səmərəli istifadə edə bilməsi regional təhlükəsizlik arxitekturasının köklü şəkildə dəyişməsində mühüm rol oynayıb.
Milis qüvvələri Türkiyənin ərəb dünyası ilə əlaqəsini kəsməyə və Türkiyənin regional təsirini zəiflətməyə çalışıb. ABŞ və İranın nəzarətində olan milis qüvvələrinin Türkiyəni bölgədən uzaq tutmaq siyasəti 3 yolla həyata keçirilib. Birincisi, Türkiyənin cənubunda silahlı milis qüvvələrinin nəzarəti altında “terror dəhlizi” və ya “terrorizm” adlanan bufer zonası yaratmaqla, Türkiyə ilə ərəb dünyası arasında əlaqəni kəsməyə cəhd edildi. İkincisi, bölgədəki dövlətlərin mərkəzi hakimiyyəti milis qüvvələri tərəfindən zəiflədildi və ərazi bütövlüyü zədələndi.
Beləliklə, bir tərəfdən Türkiyənin cənubunda qeyri-sabit bölgə yaratmaq və Türkiyənin diqqətini regional problemlərdən yayındırmaq hədəflənib. Nəhayət, milis qüvvələrinin əliylə bölgədə demoqrafik mühəndislik tərtib edilib. Türkiyənin cənub sərhədi müxtəlif etnik, dini və məzhəb quruluşlarından ibarət, Türkiyəni dəstəkləyən, Türkiyə və Osmanlı keçmişinə dərindən bağlı olan demoqrafik quruluşa malikdir. ABŞ və İranın bölgəyə yerləşdirdiyi silahlı birləşmələr vasitəsilə Türkiyənin bu bölgədəki təsirini zəiflətməyə cəhd edilib.
ABŞ və İranın nəzarəti altında olan milis qüvvələrinin regional təhlükəsizlik arxitekturasında oynadığı rol ərəb dünyasının iqtisadi, hərbi, demoqrafik, mədəni və intellektual mərkəzləri olan və İsraili hərbi sahədə balanslaşdırmaq qabiliyyətinə sahib olan İraq, Suriya və Misir kimi aktorların zəiflədilməsidir. ABŞ-nin rəhbərlik etdiyi milis qüvvələri Suriyanın şimalında yerləşdirilərək, Suriyanın ərazi bütövlüyünü zəiflətdiyi halda, İranın rəhbərlik etdiyi milis qüvvələrinin fəaliyyəti Suriya, İraq, Yəmən və Livan kimi ölkələrdə mərkəzi hökumətləri zəiflətdi.
Milis qüvvələri İsrailin manevr zonasını genişləndirirmi?
ABŞ və İranın milli maraqlarına xidmət üçün yaradılan milis qüvvələrinin bölgə üçün yaratdığı ən mühüm təhlükə Türkiyənin bölgə ilə əlaqələrinin kəsilməsi, bölgədəki nüfuzunun zəiflədilməsi və Ərəb dünyasının güclü aktorları olan İraq, Suriya və Misirin regional güc tənliyindən çıxarılması oldu. Milis qüvvələrinin regional təhlükəsizlik arxitekturasında həyata keçirdiyi köklü dəyişiklik Türkiyə və İsrail üçün fərqli nəticələr verdi.
Milis qüvvələrinin əsas aktor olduğu qeyri-sabitliyə görə Yaxın Şərqin təhlükəsizlik arxitekturasındakı dəyişiklik İsrail üçün tamamilə fərqli nəticələr verdi. İsraili bölgədə hərbi cəhətdən məhdudlaşdıra biləcək Suriya, İraq və Misirin milis qüvvələrinin əliylə zəiflədilməsi, regional güc tənliyindən çıxarılması və Türkiyəni bölgədən çıxarmağa çalışılması İsrailin manevr imkanlarını genişləndirir.
Oktyabrın 7-dən sonra başda Qəzza olmaqla bütün coğrafiyada həyata keçirilən əməliyyatlar bölgənin təhlükəsizlik arxitekturası baxımından ABŞ və İranın nəzarətində olan milis qüvvələrinin yaratdığı problemin qısamüddətli nəticəsidir.
Sevinc Əliyeva
Ordu.az