Ermənistan saxta “xoş niyyət”lərlə müharibəyə hazırlaşır – ANALİZ

2021/01/455-1611901615.jpg
Oxunub: 859     14:34     08 Mart 2024    
Ötən gün işğalçı ölkənin təhlükəsizlik xidməti çox manipulyativ bir açıqlama verdi. Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumatında bildirirdi: “Xoş niyyət əlaməti olaraq Dığ kəndi sektorunda Ermənistan tərəfə keçən və Ermənistan silahlı qüvvələri tərəfindən zərərsizləşdirilən azərbaycanlı hərbi qulluqçu Azərbaycan tərəfinə təhvil verilib”.

Qeyd edək ki, fevralın 28-də Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azmışdı. Daha sonra Ermənistan tərəfindən saxlanılan əsgərimiz barəsində müxtəlif maddələrlə uydurma cinayət işi də açılmışdı.

Lakin sual ortaya çıxır: indiyədək azərbaycanlı mülki sakinləri belə diversiya aktlarında ittiham edən Ermənistan kimi işğalçı ölkə indi niyə “xoş niyyət” nümayişi etdirmək qərarına gəldi? Ermənistan tərəfi daha öncə guya dəqiqləşdirmə işləri nəticəsində minalanmış ərazilərin tərtib edilmiş bir neçə yeni sirkulyarını Azərbaycana təqdim edib. Lakin sonradan bu “xoş niyyət”in də saxta olduğu ortaya çıxdı, xəritələrin həqiqəti əks etdirmədiyi ortaya çıxdı. Rəsmi Bakının bununla bağlı növbəti müraciətinə isə “Hamısı Xankəndidə qalıb, oradan toplayın” deyə ikrahla cavab verildi.

Təbii ki, “xoş niyyət” siyasətdə mühüm komponent hesab olunur. Amma növbəti mərhələdə saxta və iddialı cavab alanda “xoş niyyət” olmaqdan çıxır və ləyaqətsiz bir obraza çevrilir. Belə çıxır ki, Ermənistan tərəfi bütün bunları dünya icttimaiyyətinin “gözünü boyamaq” üçün edir, nəyəsə hazırlaşır. Yəni bu gün beynəlxalq birlik müəyyən təmkin mühiti təmin edirsə, erməni tərəfi niyə belə manipulyativ əməllərə əl atır? Deməli, Ermənistan elə bir oyuna daxil olub ki, maksimumu oynamağa çalışır.

Bu işdə məsələ ümumiyyətlə konkret hal deyil, ümumilikdə fenomendir. Çünki bu fenomenin səbəbinin nə olduğunu anlamaq vacibdir. Görünən təəssürat ondan ibarətdir ki, səbəb vaxt qazanmaqdır, yəni erməni tərəfi sülh adı altında növbəti müharibəyə hazırlaşır. Bu, artıq, belə demək mümkündürsə, nizamlanma, sülh müqaviləsi prosesi və ya geniş mənada regional perspektivlərlə bağlı olan daha dərin problemdir.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin