“Yalta-2” silueti: Rusiya Krım istisna olmaqla Ukraynanın digər ərzilərini qaytarmağa hazırdır?

2024/01/1704880535.jpg
Oxunub: 803     16:32     10 Yanvar 2024    
Rusiyanın yeni ilə 2 gün qalmış Kiyev, Xarkov, Lvov və Ukraynanın digər şəhərlərinə həyata keçirdiyi iri raket hücumundan sonra Ukraynanın tələbi ilə BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası çağırıldı. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Nebeznian bildirdi ki, Moskva Kiyevlə danışıqlara, “təbii olaraq 2014-cü ildə öz qərarını verən və Rusiyaya birləşən Krım istisna olmaqla Ukraynanın ərazi bütövlüyünün bərpa edilməsi üçün əla imkan yaratmağa” həmişə hazırdır.

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin Yaxın Şərq məsələləri üzrə alt komitəsinin aparatının keçmiş direktoru, müdafiə nazirinin xarici siyasət üzrə köməkçisinin keçmiş müavini Stiven Brayen Honkonqun “Asian times” telekanalının efirində bildirib ki, Bayden administrasiyası “məxfi danışıqlar yolu ilə Ukrayna Prezidentini Moskva ilə danışıqlara başlamağa inandıra bilməyib”.

O hesab edir ki, yaranmış vəziyyətdən mümkün çıxış yolu Vaşinqton tərəfindən Ukraynada “hakimiyyətin dəyişdirilməsi və hərbi və ya siyasi dairələrdən ruslarla danışıqlara başlamağa hazır olacaq bir şəxsin seçilməsidir”. Yəni, Yorktaun Universitetinin Təhlükəsizlik Siyasəti Mərkəzinin baş işçisi Brayen Ukrayna Prezidenti ilə Silahlı Qüvvələrin Ali Baş Komandanı arasında fikir ayrılıqlarının üzə çıxması ilə bağlı məxfi məlumatlara malikdir?

Əvvəllər amerikalı ekspertlər Koreya presedentinin Ukrayna məsələsində tətbiq oluna biləcəyini düşünürdülər. Bu gün, sanki, ABŞ və Rusiya hələ də gizli müzakirələr aparır. Əks halda, Rusiyanın BMT-dəki nümayəndəsi Nebeznian bəyan etməzdi ki, Moskva Krımsız Ukraynanın ərazi bütövlüyünün bərpası imkanlarını Kiyevlə müzakirə etməyə hazırdır. Buna ABŞ missiyasının müşaviri Kelli faktiki olaraq qarşı çıxmayıb.

Əslində, məlum olur ki, Vladimir Putin Ukraynaya qarşı hərbi əməliyyatlara başlamazdan əvvəl ABŞ və NATO-ya “Yalta-2” razılaşmasını əldə etməyi təklif edərkən haqlı olub. Bu gün Polşanın hava məkanında Rusiya raketi peyda olanda fürsət yarandı, lakin Varşava Moskvanı birbaşa ittiham etməkdən çəkindi və müdafiə naziri səviyyəsində bəyan etdi ki, “bəlkə də texniki səhvin nəticəsidir, araşdırılmalıdır”.

ABŞ və ya kollektiv Qərbin “silahını yerə qoyduğunu” söyləmək hələ tezdir. Amma ola bilsin ki, Rusiyanın Ukrayna müharibəsində uduzmayacağı göz qabağındadır. Problem Putinin bu resursdan necə istifadə edəcəyidir.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya   Yalta-2   Ukrayna  


Bizi "telegram"da izləyin