O deyib ki, ermənilər Qarabağa sahib kimi qayıtmaq üçün hər şeyi etməlidir. Sözsüz ki, artıq Seyran Ohanyanın çağırışı əhəmiyyətsizdir, lakin bu, Seyran Ohanyanın etdiyi və onun da dövrünü, əhatə dairəsini təmsil etdiyi bütün iqtisadi-siyasi və hərbi-siyasi elitanın etdiyi cinayətlərin yenilənməsinə edilən çağırış kimi qiymətləndirilməlidir. Yəni, Ermənistanda radikalizm sönməyib və yenidən bölgədə təhdidlər yarada bilər. Dövlət elitası statusu və şüurundan məhrum olan bu radikallar Ohanyanın qismində Ermənistanın gələcək siyasi hakimiyyətinin hansı kursu izləyəcəyinə işarə edir.
Əgər Ermənistanda hakimiyyət başında duran o sistem özünü böyük mülkiyyətçi şüuru, dünyagörüşü və təfəkkürü ilə deyil, dövlət elitası kimi aparsaydı, bu gün müharibə olmazdı, hər iki xalq normal münasibət çərçivəsində yaşayardı.
Regionda baş verən bu genişmiqyaslı, faciəli, fəlakətli hadisələrə görə Ermənistanın istənilən hakimiyyəti məsuliyyət daşıyır və son nəticə ildən-ilə yığılıb qalan müxtəlif miqyaslı problemlərin dərinləşməsi nəticəsində baş verib. Belə ki, Ermənistan dövlət elitası ekspansionist hissi ilə yaşayırdı və hərəkət edirdi, erməni ictimaiyyəti də bunun nəticəsində yaşadıqları dövlətdən uzaqlaşırdılar, reallıqla əlaqəni itirirdilər, çünki ədalətsizlik hissi ilə yaşayırdılar, bunun nəticəsində daha incə və həssas, strateji əhəmiyyət kəsb edən məsələlərdə vəziyyətə ayıq və adekvat qiymət vermək imkanını itirirdilər.
O illərdə Ermənistanı idarə edən elitanı təkcə özlərinin, ailələrinin rifahı və rahatlığı deyil, həmin strateji problemin aradan qaldırılması maraqlandırsaydı, Ermənistanın tutduğu yol tamam başqa xarakterdə, keyfiyyətdə və məntiqdə olardı, bu gün isə erməni xalqı tamam başqa problem və məqsədlər qarşısında dayanardı.
Şübhəsiz ki, bu gün Ermənistan Ohanyanın bəyan etdiyi kimi deyil, daha düzgün siyasi kursu izləməlidir. Buna görə də, Ermənistanda ilk növbədə Qafqazda sülhə töhfə verəcək, ekspansionist siyasətdən uzaqlaşmış siyasi elitalar formalaşmalı və yeni keyfiyyətdə dövlətçilik quruculuğu işinə başlanılmalıdır.
Aqil Məmmədov
Ordu.az