O bildirib ki, Ukrayna ordusunun bəzi bölmələri sözügedən PUA-lardan istifadə etməyə davam edir, lakin onların rolu xeyli dəyişib. Valyux Rusiyanın Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin Türkiyənin PUA-larına qarşı mübarizəyə uyğunlaşdırıldığını, Rusiya tərəfinin də effektiv radioelektron vasitələrdən istifadə etdiyini əsaslandırıb.
Qeyd edək ki, Ukrayna ötən həftə Avdeyevka ətrafında gedən döyüşlərdə 6 alman “Leopard” tankını itirib, lakin demək olar heç bir hərbi qulluqçu onların taktiki və texniki effektivliyindən narazı deyil və ya Rusiya tərəfinin tanklara qarşı ən son vasitələrdən istifadə etməsindən şikayətlənmir. Əksinə, Ukraynanın tələbini təmin etmək üçün Almaniya hökuməti gələn ilin əvvəlindən, məlumatlı qərb mediasından birinin yazdığı kimi, “daha onlarla “Leopard” tədarük etmək” qərarına gəlib.
Bu müqayisədə ukraynalı hərbçinin bəyanatı müəllifin niyyətindən asılı olmayaraq, ilk növbədə hərbi mənada başa düşülməlidir, çünki bu yolla həm də strateji əhəmiyyət kəsb edən Türkiyə istehsalı “Bayraktar TB2” zərbə PUA-sının yüksək effektivliyi müzakirəyə çıxarılır. Mümkündür ki, ukraynalı polkovnik Türkiyənin daha təkmil PUA-lar satmasına və ya mövcud TB2-lərin daha da təkmilləşdirilməsinə eyham vursun.
Bir neçə gün öncə “Bayraktar TB3” modelinin uçuş sınaqları uğurla həyata keçirildi və bu sistemin daha təkmil olduğu bildirildi. Onun ən üstün cəhətlərindən biri gəmilərə şaquli enib qalxa bilməsidir və Ukraynanın da dənizlərdə hücumlarını artırdığını nəzərə alsaq, rəsmi Kiyevin niyə bu qiymətləndirməni apardığını anlayarıq. Bəs Ukraynaya bu istiqamətdə tədarük həyata keçirilə bilərmi? Sual yəqin ki, daha dərindir. Rusiya-Ukrayna müharibəsinin ilkin mərhələsində Türkiyə vasitəçilik təşəbbüsü ilə çıxış etdi. Bəzi mənbələrə görə, tərəflər hətta atəşkəsə razılaşmağa yaxın idilər, lakin ABŞ Ukrayna Prezidentini danışıqları dayandırmağa “məcbur etdi”. Göründüyü kimi, Ukrayna Türkiyənin rolu ilə bağlı öz təsəvvürlərini yenidən nəzərdən keçirir.
Kollektiv Qərbin verdiyi ciddi təhlillərdən sonra Rusiya-Türkiyə əməkdaşlığının davamlı olaraq dərinləşdiyini anlamaq o qədər də dərin şüur tələb edən bir şey deyil. Son zamanlar Türkiyə mətbuatında Rusiya-Ukrayna müharibəsi ilə bağlı ciddi tendensiya müşahidə olunur: geosiyasi vəziyyət belə qiymətləndirilir ki, Qərb Türkiyənin Qara dəniz regionunda hərbi-siyasi mövcudluğuna qarşıdır və hətta Bosfor-Dardanel boğazlarının statusunu müzakirə etmək niyyətindədir.
Görünür, Qərb Türkiyə-Ukrayna əməkdaşlığına Türkiyənin Qara dəniz və Şərqi Avropa regionlarında aktivliyinin təzahürü kimi baxır və istisna olunmur ki, Kiyevə müəyyən təlimatlar verilib. Lakin unutmayaq ki, Ukraynadakı “Bayraktar” PUA-sı, ümumiyyətlə, Kiyev üçün “açar həll”dir, habelə paralel olaraq Şərqi Avropada Türkiyənin vizit kartıdır və üstəlik bu əsasda Türkiyə-Ukrayna hərbi sənaye əməkdaşlığını uğurla inkişaf edir.
Bu baxımdan, ABŞ-nin hansı təlimatları verməsindən asılı olmayaraq, Ukrayna Silahlı Qüvvələrinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsinin eyhamı Kiyevin bunu daha da genişləndirməyə həvəsli olduğunu ifadə edir.
Asif Cəfərov
Ordu.az