İsrail-Fələstin müharibəsindən əsas faydalanan tərəf kimdir?

2023/10/1696830439.jpg
Oxunub: 30648     12:08     04 Noyabr 2023    
“Qan içində, öldürülən uşaqlara, qadınların, qocaların necə əzab çəkməsinə, həkimlərin necə öldürülməsinə baxanda təbii ki, yumruqların sıxılır”. Bunu Rusiya Prezidenti Putin İsrail ordusunun Qəzza zolağında apardığı əməliyyatların foto və videolarını nəzərdə tutaraq deyib.

Rusiya Prezidentinin ABŞ-yə qarşı səsləndirdiyi ittihamlara Türkiyə ictimai rəyinin necə reaksiya verdiyini müşahidə etmək olduqca vacibdir. Əlbəttə, tam, yekun mənzərədən söhbət gedə bilməz, türkiyəli oxucuların bir neçə mülahizəsi yalnız şəxsi xarakter daşımır. Saytların birində belə bir qiymətləndirmə ilə qarşılaşırıq: “Putin əlli Salmana, min əs-Sisiyə, on min İordaniya kralına dəyər. Rusiya, Türkiyə və İran birləşsə, ABŞ Yaxın Şərqdən çıxacaq”. Digər bir türkiyəli istifadəçi Rusiyanın İsraillə əlaqələri pozacağına, yeni müttəfiqlər qazanacağına və Yaxın Şərqdə nüfuzunu yüksəldəcəyinə ümid edir. “Yaşasın Putin, o, müsəlmanların bacarmadığını edir” deyə üçüncü oxucu şərh edir, dördüncü istifadəçi isə ən azından müəyyən təbəqələrin münasibətini belə ümumiləşdirir: “Bu sürətlə o, müsəlmanların yerinə müqəddəs müharibəyə başlayacaq”.

Türkiyə Prezidenti İstanbul hava limanında keçirilən mitinqdəki çıxışında kollektiv Qərbin xaç və aypara müharibəsini qızışdırdığını ifadə edib, çağırışı qəbul etməyə və İslam dünyasına rəhbərlik etməyə hazır olduğunu açıq şəkildə bildirib.

Rusiya Prezidenti Mahaçqalada baş verən kütləvi iğtişaşları Qərb xüsusi xidmət orqanlarının təxribatı kimi qiymətləndirib və qeyd edib ki, bunun məqsədi qeyri-sabitlik toxumu səpmək və “qanlı renta biçmək”dir. Onun sözlərinə görə, dağıstanlılar sosial şəbəkələrin, o cümlədən Ukraynadan yönəlmiş teleqram kanallarının təbliğatı ilə psixoloji prosesə məruz qalıblar.

Pravoslav xristian Ukraynanın Dağıstanın sünni müsəlmanları arasında ekstremizmi və antisemitizmi necə təlqin etdiyi bəlkə də Rusiya xüsusi xidmət orqanlarının ən qiymətli sirridir. Xüsusilə də ona görə ki, onlar israilliləri yox, Dağıstanda yaşayan, Azərbaycanın Quba bölgəsində də yəhudiliyi qəbul edən etnik azlıq olan tatları axtarırdılar. Qarabağda terror müharibəsi, etnik təmizləmə, İsrail-Fələstin münaqişəsinin genişmiqyaslı gərginləşməsi və Rusiyanın Ukraynada əks hücumu xronoloji olaraq Soçidə Putin-Ərdoğan danışıqlarından sonra baş verir.

ABŞ mətbuatı artıq həyəcan təbili çalır ki, ABŞ iki müharibədə - Rusiya-Ukrayna və İsrail-Fələstin müharibəsində müttəfiqlərinə davamlı dəstək vermənin ağırlığını çətin daşıya bilsin. Şərhlərin birində açıq şəkildə vurğulanır ki, İsrail-Fələstin müharibəsindən əsas faydalanan tərəf Rusiyadır, çünki ABŞ-nin yardımı məhdud olarsa, Ukrayna ciddi çətinliklərlə üzləşəcək. Görünür, Türkiyə də faydalanan tərəfdir. Ən azından bu mənada ki, onun regional rolu önə çəkilir. Bu isə siyasi resursdur.

Nəticə nə olacaq? Rusiya-Türkiyə geosiyasi ittifaqı, yoxsa Türkiyənin NATO-dakı əhəmiyyətinin tanınması? Hər iki halda Türkiyə qazanacaq. Bəs Rusiya? Amma Rusiya elitasında, sanki, belə bir sual verilmir. Nikita Xruşşovun dediyi kimi, əsas olan “показать им кузкиу мать”dır. Bundan sonra nə olacağına gəlincə, rusların belə bir hadisə üçün də məşhur ifadəsi var: “а там видно будет”.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Fələstin  


Bizi "telegram"da izləyin