Bu prosesdə Rusiyanın siyasəti İsraillə münasibətləri, Ukraynada davam edən müharibə və Amerika Birləşmiş Ştatlarının (ABŞ) sanksiyalarının kölgəsi də daxil olmaqla, incə balansla formalaşıb. Xüsusilə 2015-ci ildə Suriyaya hərbi müdaxiləsindən sonra bölgənin dominant aktorlarından birinə çevrilən Rusiya bölgədəki aktorlarla münasibətləri və xarici siyasət hədəfləri istiqamətində çevik siyasət yeritdi. Beləliklə, Rusiya müharibənin gedişində ciddi söz sahibi olmasa da, İsrailə və İsrailin Qərb hökumətlərindəki tərəfdarlarına qarşı tənqidi münasibətini səs-küylü dilə gətirməklə həm regional rolunu gücləndirmək, həm də Qərbin qlobal hegemonluğunun legitimliyini şübhə altına almaq şansı əldə etdi.
HƏMAS-İsrail məsələsi və Rusiyanın regional və qlobal hesablamaları
Rusiyanın münaqişələrə münasibətini şərtləndirən mühüm amillərdən biri də onun İsraillə münasibətləri və Fələstin probleminin iki dövlət əsasında həllinə münasibəti olub. Rusiyanın Suriyaya hərbi müdaxiləsindən və İranın Suriyadakı təsirindən narahat olan İsrail ABŞ-nin bölgədəki məhdud rolunu nəzərə alaraq, bu vəziyyəti tarazlaşdırmaq və münaqişələrin qarşısını almaq üçün Rusiya ilə strateji əməkdaşlıq qurmalı oldu. Rusiya İsraillə bağlanmış razılaşma və təhlükəsizlik mexanizmləri çərçivəsində İran hərbi qulluqçularının İsrail-Suriya sərhədindən 85 kilometr uzaqda saxlanılacağına dair İsrailə zəmanət verib və İsrailin iranpərəst qruplara qarşı hərbi hərəkətlərini görməzdən gəlib.
Beləliklə, Rusiya Suriyada təsir dairəsini genişləndirərək, bölgədəki rolunu İsrailin gözündə qanuniləşdirərkən, İsrail də Suriyadan şimal sərhədlərinə yansıyan İran təhdidinin önünə sədd çəkmək şansı əldə etdi. Razılaşmadan asılı olaraq İsrail Ukrayna ilə bağlı ABŞ və Avropa ölkələrindən ayrı siyasət müəyyən etməli idi. Bir çox Qərb ölkələrindən fərqli olaraq, İsrail 2022-ci ildə Ukraynaya müharibə elan etdikdən sonra Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməkdən imtina etdi, Ukraynanın tez-tez təkrarlanan hərbi dəstək tələblərini rədd etdi və Ukraynanın tələb etdiyi “Dəmir Günbəz” Hava Hücumundan Müdafiə (HHM) sistemlərini satmaqdan imtina etdi.
İsraillə dərin təhlükəsizlik əməkdaşlığından əlavə, Rusiyanın regionda fəal olan anti-İsrail aktorları ilə də güclü əlaqələri var. Fələstin probleminin iki dövlətli həllinin tərəfdarı olan Rusiya Qərb dövlətlərindən fərqli olaraq HƏMAS-ı terror təşkilatı kimi tanımayıb, bir çox bölgələrdə İranla dərin ittifaqları sayəsində Yaxın Şərqdə ciddi nüfuz qazanıb. Təkcə orduda deyil, həm də yumşaq güc müstəvisində təsirini qoruyub saxlamağa çalışan Rusiyanın bu münasibəti regionun ən mühüm və həssas problemlərindən biri olan Fələstin məsələsinə münasibətində də fəal rol oynayır.
HƏMAS-ı terrorçu kimi qələmə verən və İsraillə həmrəylik nümayiş etdirən Qərb dünyasından fərqli olaraq, Rusiya ilk günlərdə mülayim davranmağa üstünlük verdi. Xarici İşlər Nazirliyinin qarşıdurmaların başladığı gün verdiyi açıqlamada Rusiyanın iki dövlətli həll lehinə mövqeyi vurğulanıb və təcili atəşkəs çağırışı edilib. Rusiyanın bu münasibəti Türkiyə kimi regionda fəal olan və münaqişənin genişlənməsinə tərəfdar olmayan bir çox ölkələrin siyasətləri ilə paralel şəkildə reallaşdı.
Fələstin Müqavimətinin diskursiv üstünlüyü və Rusiyanın münasibəti
Oktyabrın 7-də HƏMAS qüvvələrinin hücumundan sonra İsrail ilkin olaraq həm region ölkələrinin, həm də Qərb dünyasının rəğbətini qazansa da, İsrailin Qəzzada həyata keçirdiyi əməliyyatlar ona qarşı qlobal reaksiyaya səbəb olub.
İlk günlərdə hər iki tərəfi gərginliyi azaltmağa çağıran Türkiyə, Misir və Səudiyyə Ərəbistanı kimi bir çox dövlət İsrailin hücumlarına qarşı səslərini ucaltdı. London, Nyu-York, Paris kimi bir çox böyük şəhərlərdə yüz minlərlə insanın iştirakı ilə etiraz aksiyaları keçirilərkən, ABŞ, Fransa və Almaniya başda olmaqla bir çox Qərb ölkələri kəskin İsrail yönümlü mövqelərini davam etdiriblər. Bu prosesdə İsrail meydanda görünən heç bir hərbi uğur əldə edə bilmədi, ilk günlərdə qazandığı beynəlxalq rəğbəti və mənəvi üstünlüyünü də böyük ölçüdə itirdi.
İsrailin HƏMAS-ın ilk hücumlarına kəskin cavab verməsinə qlobal reaksiya Rusiyanı ritorik səviyyədə çox əlverişli mövqeyə qoydu. Bu prosesdə Qərb və Yaxın Şərqdə küçələrdən yüksələn səsləri dinləyən Rusiya İsrailin hücumlarına qarşı qınayan mövqe tutmağa başladı. Beləliklə, Rusiya qlobal səviyyədə Qərb hegemonluğunu, ABŞ və Aİ-nin regional səviyyədə siyasətlərini təkcə Yaxın Şərq məsələsində deyil, həm də Ukrayna məsələsində müzakirə etmək imkanı əldə etdi. Beləliklə, Rusiya İsrail qırğınlarına qarşı mövqe tutaraq, Qərbin ikiüzlülüyünü ifşa edərkən, həm də qlobal rəğbət qazana bildi.
Mövzu ilə bağlı ilk açıqlamasını oktyabrın 10-da verən Rusiya Prezidenti Vladimir Putin qeyd edib ki, münaqişələr sülhü monopoliya altına almağa çalışan ABŞ-nin Yaxın Şərq siyasətinin iflasa uğramasının bariz nümunəsidir. Oktyabrın 13-də Putin daha bir çox sərt bəyanatla çıxış edərək, İsrailin Qəzza zolağının blokadasını İkinci Dünya müharibəsi zamanı nasist Almaniyasının Leninqradı mühasirəyə alması ilə müqayisə edib. Rusiya beynəlxalq təşkilatlar səviyyəsində bu münasibəti davam etdirdi.
Oktyabrın 26-da Rusiya cəbhəsində mühüm sürpriz baş verdi. HƏMAS nümayəndələri Moskvada Rusiya və İran nümayəndələri ilə görüşlər keçirib. Görüşdən sonra Rusiya tərəfindən verilən açıqlamada girovların azad edilməsi üçün səylər vurğulanıb, HƏMAS-ın verdiyi açıqlamalarda isə “Rusiyanın Qərbin dəstəklədiyi İsrailin cinayətlərinə qarşı” mövqeyi qeyd olunub. Bu son hadisələr göstərir ki, İsrail-Fələstin münaqişələri İran-Ərəb dünyası və Rusiya-ABŞ oxunda aktivlik yarada bilər.
HƏMAS-İsrail münaqişələri zamanı Rusiya yürütdüyü çevik siyasət sayəsində orta və uzunmüddətli perspektivdə daimi qazanc əldə etməyə namizəd kimi görünür. Beləliklə, regional fəaliyyətini və Yaxın Şərqdəki təsirini gücləndirən Rusiya Qərb ölkələri və İsrailə qarşı tənqidi mövqe sərgiləməklə, Qərbin Rusiya ilə ziddiyyət təşkil etdiyi Yaxın Şərq və Ukrayna kimi bölgələrdəki siyasətini və qlobal hegemonluğunu şübhə altına almaq şansı əldə edib.
Sevinc Əliyeva
Ordu.az