Diapazon uzun müddət açıq qala bilməz – ANALİZ

2023/10/05b14-1698229476.jpg
Oxunub: 34887     16:32     25 Oktyabr 2023    
Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunan “Mustafa Kamal Atatürk – 2023” birgə taktiki təlimində təmas xəttində yerləşən mövqelər şərti düşməndən azad olunub və birliklərin irəliləməsi üçün Azərbaycan ve Türkiyə komando bölükləri birgə sızma fəaliyyətləri icra edilib. Hərbi Hava Qüvvələrinin təyyarə və helikopterlərinin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə cəbhəboyu və dərinliklərində hava və radiokəşfiyyat aparılaraq şərti düşmənin hava hücumundan müdafiə vasitələrinin fəaliyyətinə maneələr yaradılıb.

Bu zaman şərti düşmənin sahəsinə girmədən radioşüalanma vasitələrini, radiotexniki, radiokəşfiyyat və radiolokasiya vasitələrinin kəşfiyyatının aparılması və dinlənməsi, onların növünün və yerinin təyini, tezlik və digər parametrlərinin aşkar edilməsi, həmçinin hava hücumundan müdafiə sistemlərinin məhv edilməsi fəaliyyətləri icra olunub. Şərti düşmənin HHM vasitələri zərərsizləşdirildikdən sonra açılan hava koridorunda F-16 qırıcı təyyarələri və digər hücum helikopterləri onun cəmləşmə məntəqələrinə aviasiya zərbələri endirib.

Sözsüz ki, hərbi təlimlərin keçirilməsi daha öncədən planlaşdırılıb və buna müvafiq olaraq icra olunur. Təlimlərin məqsədi iki ölkənin silahlı qüvvələrinin birgə fəaliyyətinin təkmilləşdirilməsi, təcrübə mübadiləsi aparılmasıdır. Bundan başqa, Azərbaycan Ordusunun şəxsi heyəti artıq döyüş görmüş hərbiçiləridir. Bu baxımdan Türkiyənin silahlı qüvvələri üçün məhz bizim hərbiçilərlə birgə hərbi təlimlərdə iştirak etmək də maraqlıdır.

Habelə təbii ki, təlimlərin bu kritik anda baş tutması Ermənistan tərəfindən fərqli cür şərh edilir və son siyasi hadisələr fonunda təhlillər aparılır. Doğrudur, Paşinyanın Qranada təxribatı və Bişek görüşündə iştirak etməməsi daha bir hərbi eskalasiyanın başlaya biləcəyindən xəbər verir, lakin bu baş verməyə də bilər. Məsələn, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili sosial şəbəkədəki domenində paylaşım edərək Ermənistana müəyyən məsləhətlər verib. Bu, artıq onun ikinci belə müraciətidir.

O, hadisələrin fərqlin istiqamətdə davam edəcəyi təqdirdə Ermənistanda hakimiyyət dəyişikliyinin olacağı barədə xəbərdarlıq edib və sadəcə olaraq Odessadan Moldovadan Dnestryanı ilə keçən magistral yolu icarəyə götürən Ukrayna nümunəsini xatırladıb, Naxçıvanla əlaqə yaradılması üçün bu təcrübəni təklif edib. Saakaşvili hesab edir ki, bu halda Rusiya qoşunlarının gələcək mövcudluğuna ehtiyac da qalmayacaq və bu, son nəticədə Ermənistan və Azərbaycanın dinc yanaşı yaşamasına gətirib çıxaracaq.

Heç şübhəsiz ki, Moskvada Paşinyana etibar olunmur. Tehran görüşü ərəfəsində Azərbaycan və Rusiya xarici işlər nazirləri telefon danışığı zamanı mövqelərinə aydınlıq gətiriblər. Bunun ardınca Rusiya Xarici İşlər Nazirliyinin Ermənistan-Azərbaycan nizamlanması məsələləri üzrə xüsusi nümayəndəsi Xovayevin Bakıya səfəri diqqət çəkir və o, Azərbaycanın xarici işlər naziri Bayramovla danışıqlar aparıb. Xovayev-Bayramov danışıqlardan sonra Lavrov-Bayramla telefon danışığı olub. Ümumilikdə isə Moskva ilə Bakı arasında canlı diplomatik təmaslar oktyabrın 12-də Bişkekdə keçirilən Putin-İlham Əliyev qapalı danışıqları kontekstində baş verir. Rusiya hesab edir ki, Ermənistan-Azərbaycan nizamlanması nəqliyyat marşrutları üzrə əvvəllər əldə edilmiş razılaşmaların delimitasiyası və həyata keçirilməsindən başlamalıdır.

Həmin razılaşmalardan ən mühümü olan Zəngəzur dəhlizinin açılması uzun müddətdir icra olunmur. Bundan başqa, Ermənistan Qərbi Azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmasına imkan vermir. Əksinə könüllü şəkildə bölgəni tərk etmiş ermənilərdən istifadə edərək Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə təhdid törətməyə davam edir və bu halda haqlı olaraq Azərbaycan tərəfindən daxili işlərə müdaxilə kimi qiymətləndirir. Və bu anda bildirilir ki, Brüsseldə Ermənistan və Azərbaycan liderlərinin görüşü baş tutmayacaq. Bu barədə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar məlumat yayıb. Maraqlıdır, Ermənistan-Azərbaycan birbaşa danışıqları davam edəcəkmi? Çünki bu diapazon uzun müddət açıq qala bilməz.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Azərbaycan  


Bizi "telegram"da izləyin