İsrailin çəkindirici gücü getdikcə zəifləyir? – ANALİZ

2020/03/[-1584084145.jpg
Oxunub: 34322     10:24     24 Oktyabr 2023    
7 oktyabr hücumu ilə Yom Kippur müharibəsindən sonra ilk dəfə olaraq rəqibindən ilk zərbəni alan İsrail oldu.

2023-cü il oktyabrın 7-si səhər saatlarında Qəzzadakı radikal silahlı qruplar tərəfindən koordinasiyalı şəkildə həyata keçirilən və tərəflər arasında qarşıdurma çərçivəsindən xeyli kənara çıxan hücum artıq İsrail tarixinin ən böyük travmalarından birinə çevrilib. Hücumun ilk mərhələsində daha çox şimaldakı şəhərləri hədəf alan yaylım atəşlərinin “Dəmir Günbəz”dən keçərək İsrailə düşdüyü müşahidə edilib. Prosesin davamında isə HƏMAS, Fələstin İslami Cihad Hərəkatı və Xalq Müqavimət Komitələri kimi strukturlar başda olmaqla Qəzzadakı bir çox irili-xırdalı qruplar Erez və Kerem Şalom sərhəd qapılarını ələ keçirdilər, şərqdəki divarları və hasarları aşaraq, Qəzzanı əhatə edən kibbutzlara və onların kənarında yerləşən yaşayış məntəqələrinə daxil oldular.

Belə ki, bəzi qruplar İordan çayının qərb sahilinin 25 kilometrliyinə yaxınlaşaraq, Ofakimə qədər irəliləməyə nail oldular. Qeyd etmək lazımdır ki, bu qrupların bu bölgələrə daxil olmasının özü İsrail üçün “fəlakət ssenarisi”dir. Yəhudilərin yaşadığı qəsəbələrdə mülki itkilərin artması ehtimalı səbəbiylə hava gücündən istifadə edə bilməyən İsrail 3 günə yaxın müddət ərzində həmin bölgələrdəki silahlı qrupları təmizləyə bilmədi. Bu isə İsrail ordusunun uzun müddətdir gördüyü hazırlıqlar çərçivəsində həm hərbi, həm də kəşfiyyat baxımından tam bir uğursuzluğu kimi dəyərləndirildi.

Strateji səhvlər və son inkişaflar

Hadisələr ilk baxışda nəzərə alındıqda, Yaxın Şərqin ən qabaqcıl ordularından birinə sahib olan İsrailin Qəzza və onun ətrafında lazımi tədbir görməməsinin 2 əsas səbəbi olduğu düşünülür. Bunlardan birincisi Livan “Hizbullah”ının uzun müddətdir İsrail ordusunun diqqətini şimala yönəltmək üçün göstərdiyi fəaliyyətlər və təxminən 3 aydır davam edən sərhəd təxribatları ilə İsraili məşğul edərək, bölgədəki təhlükə qavrayışlarını yüksək saxlamasıdır.

İkincisi, İsrail ordusunun Qəzzadakı qruplaşmalara qarşı strateji çəkindirmə gücünün zəifləyib-zəifləmədiyini təhlil edə bilməməsidir. Şimalda “Hizbullah”a qarşı bu məsələdən xəbərdar olan İsrail bu analitik səhvi nəticəsində əslində hazırlaşdığı konsepsiyaya uyğun bir hücuma qarşı müvafiq cavab verə bilmədi.

İsrailin şimaldakı zəifliyi və Qəzza qrupları ilə apardığı dialoqun kodlarını düzgün oxuya bilməməsi bu qruplara qarşı çəkindirici gücünü itirməsinə səbəb oldu. Bu anda İsraili çaşdıran strategiyanın əsas aktorlarının HƏMAS və “İslami Cihad” olduğu müşahidə edilirdi.

Livan “Hizbullah”ının münaqişə tənliyinə daxil olub-olmayacağı hadisələrin gedişatı üçün kritik əhəmiyyət kəsb edirdi. İsrailin mümkün quru əməliyyatı olacağı təqdirdə “Hizbullah”ın da münaqişəyə müdaxilə edəcəyi ilə bağlı məlumatlar öz təsdiqini tapdı. Bu anda geniş bir sosioloji, siyasi və iqtisadi baxımdan böyük bir travmaya səbəb olan bu hücumdan sonra İsrailin əhali, köç, məskunlaşma və Aliyah (yəhudi köçü) proqramları kimi təhlükəsizliyi və inkişafı məqsədilə strateji əhəmiyyətli siyasətlərinin davamlılığı üçün xalqına təhlükəsizlikdə olduqları mesajını verməsi böyük əhəmiyyət kəsb edir. İndiki məqamda buna nail olmaq Qəzzadakı silahlı qruplaşmaların döyüş imkanlarına daha böyük zərbə vurmağı tələb edir. Ancaq tunellər kimi asimmetrik müharibənin hər cür incəliklərindən faydalandığı düşünülən bu qruplarla mübarizənin quru əməliyyatını zəruri etdiyi ifadə edilə bilər.

ABŞ Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus USS “Gerald R. Ford” aviadaşıyıcı gəmisinin bölgəyə göndərilməsinin “Hizbullah”a açıq bir mesaj olduğu məlumdur. Eyni şəkildə, təxminən 300 min nəfərlik ehtiyat qüvvənin də İsrail ordusuna cəlb olunduğu və İsrail ordusunun fəaliyyətlərində iştirak etdiyi bildirilir. Hazırda İsrailin Qəzzaya şiddətli hava hücumları davam edir və çoxlu sayda mülki vətəndaşın öldüyü bildirilir.

İsrail niyə çəkindirici gücünü itirdi?

“Hizbullah”ın artan potensialı və buna paralel olaraq İsrailin tükənən çəkindirici gücünün cari və ən mühüm göstəricilərindən biri İsrail və Livan arasındakı dəniz sərhədlərinin məhdudlaşdırılması ilə bağlı müzakirələr zamanı təşkilatın həm sərt güc ünsürləri, həm də ritorika gücü ilə ortaya qoyduğu strategiyası və bunun razılaşmanın tərəfləri üzərindəki təsirləri oldu. Bölgədə ABŞ-nin vasitəçiliyi ilə İsrail və Livan arasında dolayı danışıqlar davam edərkən, “Hizbullah”ın Kariş Qaz Sahəsinə İsrail tərəfindən vurulan 3 Pilotsuz Uçuş Aparatı (PUA) göndərərək mesaj verməsi buna bariz nümunə idi.

Bu anda, razılaşma ilə əməli qazanc əldə etməsinə baxmayaraq, İsrailin “Hizbullah”a qarşı çəkindirmə gücünün tükəndiyi barədə fikirlərin haqlı olduğu düşünülürdü. Bu istiqamətdə digər bir məsələ də terror təşkilatının artan Hava Hücumundan Müdafiə (HHM) qabiliyyətidir. Bəzi aspektlərdə həm “Hizbullah”a, həm də yerli ictimaiyyətə yönəlmiş bir strategiya olması mümkün görünsə də - çünki İsrailin peyklər də daxil olmaqla ciddi kəşfiyyat qabiliyyəti və ABŞ ilə əməkdaşlığı mövcuddur - İsrail ordusunun Hərbi Hava Qüvvələrinin (HHQ) ozamankı komandanı Amikam Norkinin 2022-ci ilin aprelində “Hizbullah”ın “yer-hava” raket qabiliyyətinin artdığını və İsrailin artıq Livan sahəsində qeyri-məhdud əməliyyat azadlığının olmadığını ifadə edən açıqlamaları diqqətçəkicidir.

Xüsusilə “Ərəb baharı” ilə başlayan prosesdən sonra “Hizbullah”ın inkişaf edən asimmetrik imkanları çərçivəsində baxıldığında, İsrailin bu yeni vəziyyətə qarşı uyğun strategiya inkişaf etdirə bilmədiyi düşünülür.

Keçmiş Baş Qərargah rəisi Qadi Eisenkot tərəfindən hazırlanan, bu günə qədər İsrailin Suriyadakı qruplaşmalara qarşı mübarizəsinin əsasını təşkil edən və dəqiq hücumlarla düşmən qruplarının potensialını zəif saxlamağı nəzərdə tutan “Müharibələrarası Əməliyyatlar Doktrinası” təhdidləri aradan qaldırmaq deyil, onları təxirə salmaq üçün bir strategiyadır. Digər tərəfdən, təəssüf ki, bu səylərin Livan “Hizbullahı”nın potensialının inkişafına mane olmadığını söyləmək olar.

Bu məqamda təşkilatın Suriya vətəndaş müharibəsində asimmetrik təcrübə qazanmış 30 mindən çox döyüşçüsünün olduğu, raket inventarının 150 minə çatdığı, bəzilərinin isə dəqiq zərbə qabiliyyətinə malik olduğu iddia edilir. 2018-ci ildə İsrailin həyata keçirdiyi Şimal Qalxanı Əməliyyatı zamanı ortaya çıxarılan və Livandan İsrailə qazılmış tunellər kimi münaqişəni İsrailə daşıya biləcək bir çox asimmetrik üsullar Tel-Əvivə qarşı törədilən təhlükənin miqyasını açıq şəkildə ortaya qoyur. Üstəlik, “Hizbullah”la yanaşı, İranın dəstəklədiyi bir çox terror qruplaşmalarının Suriya bölgəsində, Colanda və ətraflarında yayılması 2006-cı il müharibəsi ilə müqayisədə ərazini xeyli mürəkkəbləşdirib.

Unudulmamalıdır ki, müharibə və ya münaqişənin nəticəsi onların ictimaiyyət tərəfindən necə qəbul olunduğundan daha çox meydandakı əməli nəticələrlə bağlıdır. Aydındır ki, İsrailin hərbi potensialı Qəzzadakı radikal qruplaşmalarla müqayisə oluna bilməz. Ancaq İsrailin münaqişə zamanı itkiləri, münaqişənin müddəti və gedişatı kimi bir çox məsələlər ictimai rəyə birbaşa təsir edir. 7 oktyabr hücumu ilə Yom Kippur müharibəsindən sonra ilk dəfə olaraq rəqibindən ilk zərbəni alan İsrail oldu.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Analiz  


Bizi "telegram"da izləyin