Böyük İsrail ordusuna Qəzzaya daxil olmaq və HƏMAS-ı məhv etmək əmri verildikdə, ən mürəkkəb döyüş meydanında minlərlə tank əleyhinə silah, Pilotsuz Uçuş Aparatı (PUA) və yüngül silahlarla silahlanmış HƏMAS ilə qarşılaşacaq.
Beləliklə, İsrail hərbi qulluqçuları həyatlarının ən böyük problemi ilə üzləşəcəklər. Bu şəhərə hücum cəhənnəmdə döyüşmək kimi olacaq. Təbii ki, onlar bunu edə bilərlər, lakin şəhər döyüşlərinin dəyəri yüksək olacaq, çünki onlar bir çox şəhərə hücum edəcəklər.
İsrail bu əməliyyat üçün təxminən 400.000 hərbi qulluqçu və 300-dən çox tank toplayıb və ehtimal ki, 35 mil uzunluğundakı sərhədi boyunca müxtəlif istiqamətlərdən Qəzzaya daxil olacaq. Bu analizdə İsrailin Qəzzaya yeni hücumunda üzləşəcəyi böyük çətinliklər barədə danışacağıq.
İsrail şəhər döyüşlərinə yad deyil, o, 75 illik tarixi boyunca Qəzza da daxil olmaqla şəhərlərdə çoxlu müharibələr aparıb. Lakin vəziyyət artıq əvvəlki kimi deyil. Analizdə İsrailin Qəzzaya daxil olarkən, qarşılaşacağı xüsusi çətinliklərə toxunaq:
Raketlər və minaatanlar
Qəzzada HƏMAS İsrail üçün ciddi təhlükə yaradan böyük raket və minaatan arsenalını saxlayır. Son hadisələr HƏMAS-ın raket imkanlarının və niyyətlərinin ciddiliyini göstərdi. 2021-ci ildə dərc edilən hesabatda HƏMAS-ın 8 mindən çox raketinin olduğu təxmin edilir. Bu say İsrail Müdafiə Qüvvələri (IDF) üçün, xüsusən də komanda mərkəzlərini və qoşunların cəmləşmə məntəqələrini hədəf aldıqları zaman ciddi təhlükə yaradır.
2003-cü ildə Bağdadda baş vermiş hadisə göstərir ki, raketlər ciddi nəticələrə səbəb ola bilər. Bağdad döyüşü zamanı İraqın qısa mənzilli raketi ABŞ ordusu briqadasının komanda mərkəzini məhv edib. Bütün əməliyyatın uğurlu olması üçün vacib olan Briqadanın vurulması əməliyyata təsir etdi.
Xüsusilə açıq ərazilərdə sürətlə hərəkət edən HƏMAS minaatan qrupları dolayı atışlardan daha asan istifadə edə bildikləri üçün ciddi təhlükə yaradırlar. Qəzzaya gələn qüvvələrin arxasındakı dəstək bölgələri böyük əhəmiyyət kəsb edir. Amma bu ərazilər yanacaq və partlayıcı sursatlarla dolu olduğundan HƏMAS üçün cəlbedici hədəflər halına gəlir.
İsrailin müdafiə sistemi kimi istifadə edilən “Dəmir Günbəz”in, raket hücumlarına qarşı təsirli olmasına baxmayaraq, məhdudiyyətləri var. Buna görə də HƏMAS-ın raket və minaatan təhlükəsi İsrail üçün ciddi narahatlıq olaraq qalır.
PUA və dronlar
Döyüş meydanlarında PUA-lar, xüsusən Ukrayna münaqişəsində göründüyü kimi, yayılmağa davam edir. PUA-lar hərbi sinif kamikadze PUA-larından tutmuş döyüş sursatı daşımaq məqsədilə istifadə edilən modernləşdirilmiş kommersiya tipli dörd rotorlu kvadrokopterlərə qədər geniş tətbiqlərdə istifadə olunur.
HƏMAS Rusiya və Ukrayna qüvvələrinin istifadə etdiyi PUA-lara bənzəyən daha böyük PUA-lar da daxil olmaqla müxtəlif növlərdə PUA-lara sahibdir. Bu, HƏMAS-ın potensialının əhəmiyyətli dərəcədə artdığını göstərir. Silahla təchiz edilmiş PUA-ların genişmiqyaslı istifadəsi ilk dəfə 2016-2017-ci illərdə Mosul döyüşü zamanı müşahidə edilib və bu, dağıdıcı nəticələrə gətirib çıxarıb.
Son şəhər müharibələri PUA-lardan daha çox istifadə ediləcəyini göstərir. IDF PUA təhdidləri ilə mübarizədə bir çox yeni problemlərlə üzləşəcək. İsrail Qəzzanın insanların sıx məskunlaşdığı şəhər mühitində HƏMAS-ın PUA potensialının yaratdığı təhlükəyə qarşı çıxmaq üçün radioelektron mübarizə və antidron imkanlarını inkişaf etdirib. Bu qabiliyyətlər döyüşün gedişatına təsir etmək potensialına malikdir.
Tunellər (Qəzza metrosu)
Qəzza 2021-ci ildəki “Müqəddəs Divarların Keşikçisi” adlı əməliyyat ilə təxminən 95 kilometr tunelin dağıdıldığı yüzlərlə tuneldən ibarət bir labirintə çevrildi. HƏMAS təxminən 480 kilometrlik tunel şəbəkəsinə sahib olduğunu iddia edir. Bu tunellər həm hücum, həm də müdafiə məqsədləri üçün istifadə olunur. HƏMAS qəfil hücumlar təşkil etmək, döyüş mövqeləri arasında hərəkət etmək və qüvvələrini qorumaq üçün bu yeraltı şəbəkələrdən istifadə edir.
Bu tunellərlə mübarizə aparmaq İsrail üçün ciddi problemlər yaradır. Onlar tunel yerlərini müəyyən etmək, mina və tələlərlə mübarizə aparmaq və sıx məskunlaşan şəhər ərazilərində güclü döyüş sursatından istifadə etmək kimi etik problemlərlə üzləşirlər. Bu tunel şəbəkələrinin mövcudluğu mülki əhalinin IDF tərəfindən təxliyə edilməsinə səbəb olur. İsrail HƏMAS-ın Qəzza zolağındakı günahsız dinc sakinlərdən qalxan kimi istifadə edə biləcəyindən narahat olaraq, mülki insanları təxliyə etməyə çağırır.
Əslində İsrailin Birləşmiş Millətlər Təşkilatının (BMT) əməkdaşlarından və Qəzzanın şimalında yaşayan bir milyondan çox fələstinlidən 24 saat ərzində Qəzzanın cənub hissəsinə təxliyyə edilməsini istəməsinin səbəbi də budur. Yeraltı münaqişə son dərəcə təhlükəlidir və məhdud hərəkət imkanlarını, məhdud hava dəstəyini və kommunikasiya çətinliklərini ehtiva edir. Düşmənin yeraltı sistemə hakim olması onlara ciddi üstünlük verir.
Bundan əlavə, ABŞ ordusu tunel müharibəsinin əhəmiyyətini anlayır. O, bu ölümcül tunel mühitinə hazırlıq və onun xüsusi operatorlarını hazırlamaq üçün qarışıq bir təlim kompleksi inşa etməyi planlaşdırır.
Tank əleyhinə və RPG təhdidi
İsrail hərbi qulluqçuları HƏMAS-ın zəngin tank əleyhinə silah ehtiyatı səbəbindən ciddi təhlükə altındadır. Bu inventar qabaqcıl tank əleyhinə idarə olunan raketlər (ATGM-lər) və qumbaraatan (RPG) kimi müxtəlif çiyindən atılan tank əleyhinə silahları ehtiva edir. HƏMAS-ın bu silahları xüsusilə Qəzzada irəliləyən İsrail piyadalarının istifadə etdiyi zirehli texnika və tanklar üçün böyük təhlükə yaradır. İsrail piyadaları bu silahlardan effektiv şəkildə qorunmalıdır.
İsrail bu təhlükəli təhdidə qarşı aktiv müdafiə sistemləri hazırlayıb. Bu sistemlər RPG və ATGM-ləri zərərsizləşdirməyə qadirdir. Bu sistemlərin keçmiş Qəzza əməliyyatlarında uğurlu olduğu göstərilib. Bununla belə, aktiv müdafiə sistemlərinin məhdudiyyətləri var. O, bu sistemlərlə qorunan vasitələrin yaxınlığında yerləşən piyadalar üçün təhlükə yarada bilər. Sensor sistemləri sıx şəhər mühitlərində sıradan çıxa və ya qarışdırmaya məruz qala bilər. Aktiv müdafiə sistemlərinə baxmayaraq, zirehli vasitə itkiləri qaçılmazdır. Məsələ bu itkilərin nə qədər olacağıdır.
Əvvəlki münaqişələrdə İsrail ordusu “Malyutka” (AT-3 Sagger), 9M113 “Konkurs”, 9K111 “Fagot”, 9M133M “Kornet” kimi Sovet istehsalı olan çoxlu sayda tank əleyhinə idarə olunan raketlərlə üzləşib. İsrail ordusu həmçinin RPG-7 və RPG-29 kimi çiyindən atılan tank əleyhinə silahların zərbəsinə məruz qalıb. Bu tip silahlar daşına bilən və gizlədilə bilindiyi üçün dar və sıx şəhər mühitlərində çox təsirli olub.
Tarixən 2004-cü ildə İkinci Fəllucə döyüşü və 2022-ci ildə Ukraynadakı Mariupol döyüşü kimi münaqişələr zirehli texnikaların məhv edilməsində ATGM və RPG-lərin effektivliyini nümayiş etdirir.
Müdafiə məntəqələri, snayper və pusqu taktikaları
HƏMAS Qəzzada müdafiə strategiyasını yaxın döyüş, müdafiə məntəqələri və snayperlər üzərində qurur. Müdafiə məntəqələri adətən beton və poladdan hazırlanmış, əksər hallarda zirzəmi və tunellərlə təchiz olunmuş, güclü möhkəmləndirilmiş binalardır. 2014-cü ildəki münaqişədə HƏMAS bu müdafiə məntəqələrinə 2500-3500 döyüşçüsü göndərib.
Tək bir müdafiə məntəqəsini təmizləmək çox vaxt günlər, həftələr və hətta aylar çəkən uzun və çətin bir prosesdir. Tarix boyunca Stalinqrad döyüşü və Maravi döyüşü kimi nümunələr müdafiə mövqelərini təmizləməyin nə qədər çətin iş olduğunu göstərir. HƏMAS-ın münaqişələrdə digər əsas elementi tarixən hücum edən qüvvələr üçün böyük təhlükə yaradan snayperlərdir.
Minalar, tələlər, ƏPQ-lər
HƏMAS-ın İsrailin mümkün yaxınlaşma marşrutlarına yerləşdirə biləcəyi minalar, tələlər və Əldəqayırma Partlayıcı Qurğular (ƏPQ) təhlükəsizlik baxımından əhəmiyyətli təhlükə yaradır. Bu partlayıcı qurğular irəliləyən hərbi qulluqçuların yoluna qoyula bilən təhlükəli qurğulardır. Münaqişə zamanı onlar ciddi xəsarətlərə və hərbi əməliyyatların pozulmasına səbəb ola bilər.
HƏMAS bu vasitələrdən İsrailin mümkün yaxınlaşma marşrutlarında və ətrafında istifadə strategiyasını qəbul edib. Döyüş nəticəsində sıradan çıxarılmış və məhv edilmiş vasitələr bu partlayıcı qurğuları yerləşdirmək üçün mükəmməl yerlərdir. Basdırılmış zirehdəlici minalar ağır zirehli hərbi vasitələr üçün ciddi təhlükə yaradır. Xüsusilə Ukrayna-Rusiya müharibəsi zamanı tankların belə partlayıcı qurğulardan necə təsirləndiyini gördük. Bu o deməkdir ki, hətta yaxşı zirehli vasitələr belə partlayıcı qurğulara qarşı həssasdır.
Tələlər xüsusilə yüksək dəyərli ərazilərdə və hədəflərdə ciddi narahatlıq doğurur. Yanlış kəşfiyyat IDF-nin şəxsi heyətini tələlərlə dolu ərazilərə daxil olmağa vadar edə bilər ki, bu da ciddi problemdir. Kamikadzelərin olması təhlükəyə daha da mürəkkəb bir ölçü əlavə edir. Bu şəxslər mülki şəxslər və ya girovlarla qarışdırıla bilər ki, bu da onları tanımaq və ayırmaqda çətinlik yarada bilər. Əgər ərazini az sayda mülki şəxs tərk edərsə və ərazi sıx olarsa, nəzərə almaq lazımdır ki, hər kəs potensial təhlükəli qurğunun daşıyıcısı ola bilər, bu barədə uşaqlar da risk altındadır.
2017-ci ildə Mosul döyüşü ƏPQ-lər və tələlər səbəbindən böyük itkilərə yol açdı və hərbi irəliləməni əngəllədi. Xüsusilə təhlükəli olan kamikadzelər tərəfindən idarə olunan partlayıcı yüklü avtomobillər (VBIED) idi, onlar əsasən şəhər döyüşlərində atılan idarəolunan raketlər kimi təsir bağışlayırdı.
Mülki qalxan
HƏMAS-ın mülki şəxslərdən qalxan kimi istifadə etdiyi məlumdur. Bununla HƏMAS hücum edən hərbi qüvvələrin əməliyyatlarda edə biləcəyi hərəkətləri məhdudlaşdırır. HƏMAS keçmişdə Qəzzanın insanların sıx məskunlaşdığı bölgələrində silah anbarları və raket buraxılış məntəqələri yaradaraq, fələstinli sakinlərdən qalxan kimi istifadə edib.
Bundan əlavə, HƏMAS oktyabrın 7-də şənbə günü həyata keçirdiyi hücumda çoxlu mülki vətəndaşı girov götürüb. O bu girovlardan rıçaq və müdafiə kimi istifadə etməyə çalışacaq. HƏMAS Qəzzadakı hər bir evə hücuma görə bir israilli mülki girovu edam etməklə hədələyib. Bu təhlükə indiyə qədər reallaşmayıb, lakin İsrailin döyüş kabineti çətin bir qərardan keçir. Çox güman ki, girovlar Qəzzanın müxtəlif hissələrində, çatılmsı çətin olan və yaxşı müdafiə olunan ərazilərdədir və ya eyni məqsəd uğrunda ölməyə hazır olan insanlar tərəfindən saxlanılırlar.
Girovların xilas edilməsi əməliyyatları hətta qeyri-müharibə şəraitində belə ən çətin əməliyyatlardan biridir. Silahlı döyüşçülərin olduğu sıx şəhər mühitləri hərbi qüvvələr üçün kabusdur. Girovların təhlükəsizliyi HƏMAS-ın edam hədələrinə əməl edib-etməməsindən asılıdır. Qəzzada böyük bir müharibə onları riskə atacaq. Ancaq hələ ki, onların bir çoxunu xilas etmək üçün yeganə şans genişmiqyaslı müdaxilə dəstəyidir.
Bəzi mülki şəxslər əraziləri tərk etməyə bilərlər, gedəcək yerlərinin olmaması və ya Qəzzadakı keçid məntəqələrinin fəaliyyətini dondurması səbəbindən çıxmamış ola bilərlər. Təəssüf ki, bu mülki şəxslərdən qalxan kimi istifadə mülki itkiləri artıra bilər.
Qiynətləndirmə
İsrail Qəzzada mümkün quru əməliyyatında ciddi çətinliklərlə üz-üzədir. Bu cür əməliyyatlar həftələr, hətta aylar davam edə bilər, buna görə də İsrail tanklar və digər zirehli texnikalar, piyada və hava hücumundan müdafiə vasitələri üçün daimi sursat ehtiyatını saxlamaq problemi ilə üz-üzədir.
Quru əməliyyatı zamanı İsrail şəhər müharibəsinin xüsusi tələbləri ilə üzləşir. Bu cür müharibələr üçün müxtəlif növ sursatlara ehtiyac böyükdür və sursat müxtəlifliyi həyati əhəmiyyət kəsb edir. Tanklar və piyadalar öz hərəkətlərini əlaqələndirməli və bir-birlərini qorumalıdırlar. Bu, uğurun açarı kimi qiymətləndirilir. Adı açıqlanmayan iki ABŞ eksperti bildirib ki, bu, piyadaların və zirehli ünsürlərin birlikdə işləməli olduğu həqiqətən birləşmiş silah əməliyyatı olacaq.
Digər bir ekspert qeyd edib ki, tanklar qətiyyən təkbaşına daxil ola bilməz: “Mexanikləşdirilmiş piyadalar ara yollarına nəzarət etmək üçün piyadaların tankların önünə keçdiyi nöqtədə bir yerdə olmalıdırlar. Daha sonra möhkəmləndirilmiş mövqeləri aşkar etdikdə, piyadalar tankları çağırmalıdır”.
Piyada qoşunları düşmənin möhkəmləndirilmiş mövqelərinin təmizlənməsində və təhdidlərin tanınmasında, zirehli bölmələrlə sıx əməkdaşlıqda mühüm rol oynayır. Şəhər şəraitində minaatan və artilleriyadan istifadə etmək çətindir. Buna görə də zirehli vasitələrdən, piyadadan, kiçik silahlardan, qumbaraatanlardan və tank əleyhinə raketlərdən gələn atəş gücündən istifadə etmək vacibdir.
İsrail Qəzzada genişmiqyaslı əməliyyat zamanı dəniz qüvvələrini də aktivləşdirəcək. Qəzza Aralıq dənizinə yaxınlığına görə dəniz qüvvələrinin mühüm rol oynamalı olduğu bölgədir. İsrailin PUA-lar ilə kəşfiyyat və hədəfin müəyyən edilməsində əhəmiyyətli üstünlüyü var. Xüsusilə binaların içərisində və ara küçələrdə manevr edə bilən PUA-lar bu əməliyyatın uğurunda mühüm rol oynayacaq.
İsrail güclü Hərbi Hava Qüvvələri (HHQ) sayəsində hava üstünlüyünə malikdir. Məlumdur ki, HƏMAS portativ Hava Hücumundan Müdafiə (HHM) sistemlərinə malikdir. Bu vəziyyət İsrailin hava qüvvələri üçün potensial təhlükə yaradır. Şəhər mühitində hərbi əməliyyat mürəkkəb, yüksək riskli və çətinliklərlə doludur. İsrail bu əməliyyatda böyük çətinliklərlə üzləşsə də, digər tərəfdən ordusuna böyük təcrübə qazandıracaq.
Dəyanət Ağalarlı
Ordu.az