Bəs bundan sonra Ermənistan hansı təxribatçı addımları ata bilər və düşüncəsindədir?
Burada, əlbəttə ki, biz fərziyyələrlə danışmayacağıq, çünki erməni millətçiliyinin təməl sütunlarını təşkil edən separatizm ideyalarından asanlıqla imtina ediləcəyini düşünsək yanılmış olarıq. Faktır ki, Ermənistan Azərbaycan ərazisində qalmış və vətəndaşlığı qəbul etmiş ermənilərə potensial casus qismində baxacaq və hər bir halda onlardan gələcəkdə istifadə edərək bu məsələnin yenidən alovlanmasını düşünəcək. Bu baxımdan, ermənilərin məqsədli şəkildə bölgəni tərk etməsilə ilkin mərhələdə "deportasiya" görüntüsü formalaşdırmağa çalışdılar ki, bu da yuxarıda qeyd olunan məsələləri pərdələmək üçündür. Təbii ki, Ermənistanın indiki və gələcək rəhbərləri bölgədəki erməniləri radikal ideyaların əsas davamçıları kimi görməyə davam edəcək.
Digər fakt isə odur ki, Ermənistan tərəfindən saxta "deportasiya" görüntüsü, onların təbirincə desək birbaşa "satqın" Rusiyanı hədəf alacaq və onların bölgədən çıxmasına səbəb ola bilər. Rusiyanın onları "satdığını" iddia edən ermənilər baş vermiş məğlubiyyət fonunda Kremlə qarşı da qisascıl mövqedə olacaqlar. Təbii ki, Ermənistan hal-hazırda Rusiya qarşısında Qərblə "birgə" hərəkət etmək gücünə malik deyil və bu, zatən İrəvanın fəlakətli sonu ilə nəticələnə bilər. Lakin bu taktika və ya metodologiya Paşinyana müharibədən sonrakı dövrdə də, ondan əvvəl də yad deyil və bu proses indi də davam edəcək.
Qlobal anlamda isə bundan sonra nə baş verəcəyi - Çin, Hindistan və xüsusilə Türkiyənin bölgəyə daxil olduğunu nəzərə alsaq - ticarətin nisbətindən və nəticəsindən asılı olacaq. Ümumiyyətlə, proses gələcək yeni dünya düzəni uğrunda qarşıdurma, təsir dairələrinin yenidən bölüşdürülməsi nəticəsində artıq qlobal səviyyədə daha böyük münasibətlərin aydınlaşdırılmasından asılı olacaq.
Aqil Məmmədov
Ordu.az