Kalecikdəki PUA Sınaq Mərkəzində həyata keçirilən sınaqda 2 Bulud Altı Pilotsuz Uçuş Aparatı “Baha”, 2 İnsansız Quru Platforması “Barkan” və 5 drondan ibarət bir dron sürüsü müəyyən bir ssenari altında birlikdə missiya icra edib. Bütün vasitələr öz qabiliyyətlərinə uyğun tapşırıqları paylaşaraq onlara verilən tapşırığı yerinə yetirib.
HAVELSAN-ın baş direktoru Mehmet Akif Nacar 2020-ci ildə başlayan “Ar-Ge” layihəsi ilə sürü insansız vasitələr üçün yol xəritəsini addım-addım reallaşdırdıqlarını deyib.
Bu miqyasda işlərin İnsansız Quru Platforması “Barkan” ilə başladığını və vasitəni avtonom missiya icra edə bilən hala gətirdiklərini ifadə edən Nacar daha sonra bulud altı insansız sistemlər üzərində işə başladıqlarını və “Baha”nı ortaya çıxardıqlarını qeyd edib.
Sürü zəkasını bu vasitələr və sürüyə uyğun PUA-lar ilə avtonom şəkildə həyata keçirmək üçün çalışdıqlarını izah edən Nacar, fərqli formasiyalar çərçivəsində birlikdə havaya qalxıb birlikdə çalışa biləcək bir infrastruktur həyata keçirdiklərini ifadə edib.
Son sahə sınağında Qarışıq Sürü Əməliyyat Mərkəzini sınaqdan keçirdiklərini qeyd edən Nacar sınaq haqqında bu məlumatları verib:
“2 pioner PUA-mız havada kəşfiyyat aparır. Bunların aşkarladığı hədəflərə yerdəki insansız quru platformarı istiqamətləndirilə bilir. Yerdəki insansız quru platformarının hədəflərini aşkar etdikdən sonra həmçinin sürü dronlarımızı həmin bölgəyə göndərir və oradan bölgədə kəşfiyyatı davam etdiririk.
Pioner PUA-lar öz vəzifə yerlərinə gedirlər, o bölgəyə sürü sistemlərimizi göndərməklə bu ssenarini, bu əməliyyatı tamamlayırıq. Bu, rəqəmsal birliklər və sürü texnologiyaları baxımından nail olmaq istədiyimiz ən mühüm mərhələlərdən biri idi.
Bunu meydanda etməklə biz çox mühüm addım atmış oluruq. Gələcək sistemlərdə biz bu ekosistemi müxtəlif ssenarilər, daha çox PUA-lar, insansız quru platformaları və sürü PUA-larının ola biləcəyi və bir neçə PUA-nın eyni anda işləyə biləcəyi ssenarilər üzərində işləyərək inkişaf etdirəcəyik. Bu gün biz yerindəcə mühüm uğur qazandıq”.
“Satış həyata keçirə biləcəyimiz ölkələr var”
Yavaş-yavaş işlərinin bəhrəsini verməyə başladığını bildirən Nacar “Baha”nı ixrac etdiklərini, Türkiyə Silahlı Qüvvələrində (TSQ) istifadə edilməsinin planlaşdırıldığını, “Barkan”ı inventara təqdim etdiklərini bildirib.
Nacar qeyd edib: “Bu əməliyyat mərkəzi sayəsində biz tək bir komanda mərkəzi ilə eyni vaxtda birdən çox işi yerinə yetirmək qabiliyyətinə avtonom şəkildə daxil olacağıq. Bundan sonra biz daha böyük sürülər, daha böyük ekosistemlər həyata keçirmək üçün yolumuza davam edəcəyik”.
Mehmet Akif Nacar ilk dəfə sürü konseptini və ya qarışıq sürüləri paket şəklində sata biləcəkləri ölkələr olduğunu düşündüklərini və uğur qazandıqda ilklərdən birini reallaşdıracaqlarını bildirib.
“Bu, alqoritmlərimizin yetkinlik səviyyəsini göstərdi”
Qarışıq Sürü Əməliyyat Mərkəzi ilə aparılan sınağın “sürü zəkası”nın alqoritm və proqram baxımından sahəyə girə biləcək yetkinliyə çatdığını ortaya qoyduğunu vurğulayan Nacar bu qiymətləndirmələri verib:
“Bizim hazırladığımız və inkişaf etdirdiyimiz proqram təminatı və alqoritmlərimizin bu birləşmiş sistemi, istər paylanmış sistem, istərsə də mərkəzi sistemlə bu sürülərin idarə olunması, həmçinin sürü zəkası əslində proqram təminatının yetkinlik səviyyəsini göstərir. PUA-ların bir-birinə münasibətdə nisbi mövqeləri, öz aralarında əlaqə qurması, link bağlantıları, əlaqə nəticəsində mövqelərinin dəyişməsi bu işin tərkib hissəsidir. Təbii ki, yerdən idarə olunur.

Sürünün başında komandir dayanır. Komandir yerdən əmrlər verir, əmrləri PUA-lara verir. Hədəfi tapanda komandirə bildirirlər və həmin komandir sürüləri ora göndərir. İnsansız quru platformalarını yerdən, sürü dronlarını havadan köçürərək əməliyyatı tamamlayır. Bu, alqoritmlərimizin yetkinliyə çatdığını göstərən bir sınaq oldu. Düşünürük ki, bu sınaqları daha çətin şəraitdə, müxtəlif sahələrdə davam etdirəcəyik, daha uğurlu işlər görəcəyik”.
Mehmet Akif Nacar, fərqli şirkətlərin insansız vasitələrini bu sistemə inteqrasiya etməyi hədəflədiklərini və bir avtonomluq modulu və ya mövcud avtonomluq ilə əlaqə quraraq buna nail ola biləcəklərini düşündüklərini deyib. Nacar qeyd edib ki, inventardakı mövcud məhsulların eyni şəkildə qarışıq sürüyə daxil edilməsi üçün yol xəritəsi var.
Yeni ixrac xəbərləri yoldadır
HAVELSAN məhsul inkişafı və istehsal direktoru Veysel Ataoğlu uzun müddətdir sahədə müxtəlif sınaqlar apardıqlarını və fərqli vasitələrin ortaq missiya konsepsiyasını yerinə yetirə bilməsini təmin etməyə çalışdıqlarını bildirib.
Qarışıq Sürü Əməliyyat Mərkəzi ilə insansız hava-quru vasitələrinin idarə edilə biləcəyini, bir-biri ilə əlaqə qura biləcəyini və verilən tapşırıqların yerinə yetirilə biləcəyini təsdiqlədiklərini vurğulayan Ataoğlu bundan sonra müxtəlif növ alətlərlə “rəqəmsal birlik” sahəsini genişləndirməyə çalışacaqlarını bildirib. Ataoğlu vurğulayıb:
“Biz bu platformaların istehsalçıları deyilik, onların ağıl nöqtəsiyik. Bu platformaları istehsal edən şirkətlər var və biz onları ağıllı edib robota çeviririk. Bu robotlar həm xərc baxımından, həm hərbi itkilərin azaldılması baxımından, həm də yüksək səviyyədə uğur qazandıracaq. HAVELSAN daxilində Süni Zəka (SZ) dediyimiz alqoritmi işlətməklə bu sistemləri bir-biri ilə hərəkət edə biləcək səviyyəyə gətirmişik”.
Müştərilərə “Rəqəmsal birlik” anlayışını da izah etdiklərini və bu məhsullara marağın olduğunu ifadə edən Ataoğlu ixrac fəaliyyətləri ilə bağlı bu məlumatları verib:
“Biz “Baha”nı ixrac etdik. Deyə bilərəm ki, ikinci ixracımız yoldadır. Orta Asiyada bir ölkədən tələb var, 90 faiz səviyyəsinə çatdığımızı deyə bilərik. Məqsədimiz “Barkan”ın “Baha” ilə birlikdə bu sistemə inteqrasiya oluna biləcəyini göstərməkdir və xaricdə istifadə oluna biləcək bir konsepsiya yaratmağa çalışırıq. Məqsədimiz yaxın gələcəkdə “Barkan” ixracını reallaşdırmaqdır”.
Sevinc Əliyeva
Ordu.az