Azərbaycan Ukraynaya MEMATT verməklə nə demək istəyir?

2021/05/16202-1622021879.jpg
Oxunub: 3017     16:37     14 Avqust 2023    
Azərbaycan Ukraynada minatəmizləmə əməliyyatlarına dəstək olmaq üçün Türkiyədən aldığı MEMATT Mexaniki Minatəmizləmə Vasitəsini Kiyevə göndərəcək.

Təbii ki, hazırda özünün mina problemləri ilə cidd-cəhdlə mübarizə apardığı bir vaxtda rəsmi Bakının Ukraynaya belə bir yardım göstərməsi istər ictimaiyyət tərəfindən, istərsə də dünyanın bəzi siyasi dairələri tərəfindən birmənalı qarşılanmır.

İşğal altındakı torpaqlarını azad edən Azərbaycan müharibədən sonrakı üç il ərzində, bu ərazilərdə ermənilər tərəfindən basdırılmış minaların təmizlənməsi üçün bütün imkanlarını səfərbər edib. Hətta dünya ölkələri arasında minatəmizləmə əməliyyatlarının sürətləndirilməsi üçün Azərbaycana yardım təklif edənlər də olub. Bütün bunların fonunda, Bakının Kiyevə minatəmizləmə vasitəsi verməsi Azərbaycanın nəinki regionda, hətta dünyanın istənilən nöqtəsində humanitar məsələlərdə yaxından iştirak etmək bacarığını ortaya qoyur.

2020-ci ildə müharibə şəraitində olan Azərbayanın COVİD-19 pandemiyası ilə bağlı dünyanın bir neçə ölkəsinə birbaşa və ya Ümumdünya Səhiyyə Təşkilatının, eləcə də digər beynəlxalq humanitar qurumların vasitəsi ilə yardım göstərdiyi faktdır.

Rusiyanın Ukraynada başladığı “xüsusi əməliyyat”dan cəmi iki gün əvvəl Moskva ilə “Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalayan Bakı müharibənin başlamasından üç gün sonra Kiyevə humanitar yardım göndərdi. Əslində, bu amil Azərbaycan Respublikasının dünya siyasi arenasında müstəqil mövqe tutduğunu, həmçinin insanlıq faktoruna və humanitar prinsiplərə sonsuz ehtiram göstərdiyinin ifadəsi idi.

2022-ci ilin fevral ayının 24-də Rusiyanın Ukraynada hərbi əməliyyatlar keçirməyə başlamasından sonra rəsmi Bakı təkcə keçən ilin sonunadək Ukraynaya dövlət səviyyəsində 30 milyon manatdan çox humanitar yardım göndərib. Bununla yanaşı, yerli təşkilatlar, ayrı-ayrı vətəndaşlar tərəfindən də müharibədən əziyyət çəkən ukraynalılara humanitar xarakterli dəstək göstərilib.

30 ilə yaxın müddət ərzində erməni işğalından əziyyət çəkən Azərbaycanın post-müharibə dövründə başladığı quruculuq işlərinin fonunda, ərazisində döyüş əməliyyatları aparılan Ukraynaya bu qədər həssas yanaşması rəsmi Bakının həm də dostluq və diplomatik sferada nə qədər etibarlı və dürüst tərəfdaş olduğunu ortaya qoyur. Özünün texniki göstəricilərinə görə, dünyadakı bütün analoqlarını geridə qoyan MEMATT Mexaniki Minatəmizləmə Vasitəsinin Ukraynaya verilməsinə dair əldə edilən razılıq digər tərəfdən də, Azərbaycanın öz ərazilərindəki mina problemləri ilə mübarizə aparmaq əzmindən xəbər verir.

Xatırladaq ki, Azərbaycan artıq öz istehsalı olan “Revival S1” Mina Aşkarlama Robotu, “Revival P” və “Revival T” mexaniki minatəmizləyən maşınlarından Qarabağdakı minatəmizləmə əməliyyatlarında istifadə edir. Eyni zamanda, azərbaycanlı minatəmizləmə mütəxəssislərinin təcrübəsinin dünyanın bir neçə ölkəsində öyrənildiyi məlumdur. Bu isə o deməkdir ki, Azərbaycan təkcə Ukraynaya yox, mina problemi ilə mübarizə aparan bir neçə ölkəyə bu istiqamətdə yardım əli uzatmaqdan çəkinməyib.

Son illərdə çox ağır sınaqlardan keçən gənc bir respublikanın beynəlxalq aləmdə müxtəlif sahələr üzrə yardımçı qismində çıxış edə biıməsi Azərbaycanla müttəfiq və tərəfdaş olan ölkələrin ancaq xeyrinədir.

Sovetlər Birliyinin dağılmasından sonra siyasi, iqitisadi, mədəni sferalarda həmişə dost və tərəfdaş münasibətlərini qoruyub saxlayan Bakı və Kiyevin qarşılıqlı əlaqələrinin inkişafına istər Qarabağdakı, istərsə də Ukraynadakı müharibə mane ola bilmədi. Başlamasından, az qala, iki ilə yaxın vaxt keçən müharibə zamanı Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsinin həcmi milyonlarla ABŞ dolları səviyyəsindədir. Azərbaycan bununla yanaşı, müharibədən əziyyət çəkən ukraynalı uşaqların tibbi və psixoloji reablitasiyası, döyüş əməliyyatı zonalarından qaçqın düşən Ukrayna vətəndaşlarının yerləşdirilməsi, humanitar qayğı ilə əhatə olunmasında da müstəsna şəkildə mövqe sərgilədi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukraynadakı humanitar problemlərə həssaslıqla yanaşması, bu ölkəyə tibbi ləvazimatların, dərman pereparatlarının, hətta təcili tibbi yardım və yanğınsöndürən maşınlarının fasiləsiz hərəkətinin təmin olunması məqsədilə Kiyevə yanacaq göndərilməsinə göstəriş verməsi Azərbaycanın beynəlxalq aləmdə müstəqil siyasət yürütdüyünü, regionda və dünyada baş verən istənilən hadisəyə humanitar prinsiplər əsasında reaksiya verdiyini, zərurət yarandıqda yardım əli uzada bildiyini çox aydın ştrixlərlə bir daha ifadə etmiş oldu. Prezident İlham Əliyevin regional və beynəlxalq siyasətdə tutduğu mövqe sübut edir ki, rəsmi Bakı nəinki dost və tərəfdaş ölkələrdə, hətta Azərbaycanın dərin siyasi, iqtisadi, diplomatik partnyorluğu olmayan dövlətlərdə də baş verən humanitar fəlakətlərə eyni həssaslıqla yanaşır.

Bütün beynəlxalq tribunalarda, yüksək səviyyəli tədbirlərdə ölkəsinin ancaq ədalət və humanizm prinsiplərinə sadiq qalacağını bəyan edən Azərbaycan Prezidenti bu mövqedə qətiyyətini dəfələrlə sübut edib.

Azərbaycanın Türkiyədən aldığı ən müasir minatəmizləmə vasitəsini Ukraynaya göndərməsi Ankara və Bakı arasındakı münasibətlərin möhkəmliyindən və bu tərəfdaşlığın Qafqaz bölgəsində sülh və əmin-amanlığın bərqərar olunmasına yönəldiyindən xəbər verir. Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan artıq özü müasir minatəmizləmə vasitələrinin istehsalına malikdirsə, o zaman Türkiyədən aldığı vasitəni niyə Ukraynaya göndərməsi maraq doğurur. Əslində, rəsmi Bakı bu jestlə, regional və beynəlxalq məsələlərdə Ankara ilə bir yerdə olduğunu ifadə edir. Yəni Bakı ona verilən dəyəri tərəfdaş və dost dövlətlərlə həm də Türkiyənin adı ilə bölüşür.

Söz yox ki, bütün bu yardım məsələlərinə Rusiyanın mövqeyinin hansı səviyyədə olması hamının marağını cəlb edir. Rusiya ilə əlaqələrini və dövlətlərarası münasibətlərini ən yüksək səviyyədə qoruyub saxlayan Bakının müstəqilliyi və humanitar məsələlərdə öndə getməyi Moskvanın hiddətinə səbəb ola bilməz.
Azərbaycan Rusiya ilə Ukrayna arasında baş verən müharibədə tərəf kimi çıxış etmir. Bakı hər iki tərəfə ancaq humanitar müstəvidə yardım təklif edə və iki ölkə arasında müharibənin dayandırılması, danışıqlar masası arxasında oturmaq üçün vasitəçilik təklif edə bilər. Çünki istər Qara dəniz bölgəsində, istərsə də Qafqazda münaqişə ocaqlarının mövcudluğu bu regionların inkişafını ancaq əngəlləyə bilər. Qafqazın ən böyük münaqişələrindən birinin Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə nəticələnməsi bölgədə sülhün bərqərar ola bilməsinə doğru atılmış ən mühüm addımlardan biri sayılır. Sülh müqaviləsinin imzalanması üçün göstərilən səylərdə, hazırda özü müharibə aparan Moskvanın da vasitəçi qismində çıxış etməsi imkan verir ki, Kreml Azərbaycanın bütün humanitar addımlarını anlayışla qarşılasın.

Moskvanın Azərbaycana münasibətdə bəzi məsələlərdə hələ də öz mövqeyini tam aydınlaşdıra bilməməsinə baxmayaraq, Azərbaycanın müstəqil siyasi xətt tutması Rusiyanı bir tərəfdən də əmin edir ki, onun Cənubi Qafqazda etibarlı tərəfdaşı var. Hər kəsə məlumdur ki, bu tərəfdaş bütün siyasi proseslərdə ədaləti və humanitar prinsipləri əsas tutur.

Teymur Zahidoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ukrayna   MEMATT  


Bizi "telegram"da izləyin