Putin-Ərdoğan görüşündə Qafqazın dəyəri – BAXIŞ BUCAĞI

2023/08/36378-1691666867.jpg
Oxunub: 8498     20:19     10 Avqust 2023    
Türkiyənin "Hürriyyət" qəzeti Türkiyə diplomatik dairələrinə istinadən Rusiya prezidenti Putinin Ankaraya səfərinin avqustun son həftəsində baş tutacağını qeyd edib. Qəzetin məlumatında konkret bir gün qeyd edilmir. Eyni zamanda Türkiyənin diplomatik mənbəsi bildirib ki, Ərdoğanın Putinə taxıl müqaviləsini bərpa etmək üçün yeni təklifi var. Mənbənin sözlərinə görə, Ankara Moskvaya yeni yanaşma təklif edəcək.

Avqustun 2-də Putinlə Ərdoğan arasında telefon danışığı olub. O vaxta qədər Türkiyə tərəfi bir neçə həftədir ki, belə bir danışıq gözləntisini ifadə etmişdi, lakin Moskva Putinin cədvəlində belə bir əlaqənin olmadığını açıqlayırdı.

Ərdoğanın Rusiyadan Türkiyəyə gətirilən "Azov" dəstəsinin əsir götürülən komandirlərini Ukraynaya təhvil verməsi iki ölkə arasında münasibətlərdə müəyyən gərginliyə səbəb olub. Moskva Ankaranın razılaşmanı pozduğunu açıqlayıb. Qısa müddətdən sonra Rusiya taxıl müqaviləsinə xitam verdiyini elan edərək, onun şərtlərinə əməl ediləcəyi təqdirdə sövdələşmənin bərpa olunacağını bəyan edib. Bununla yanaşı, Moskva bəyan edib ki, söhbət birinci sövdələşmənin razılaşdırıldığı zaman müzakirə edilən şərtlərdən gedir, indi isə onlar söz və ya təminata qulaq asmaqla deyil, yalnız şərtlərin yerinə yetirilməsi istiqamətində həyata keçirilən fəaliyyətləri görməklə kifayətlənəcəklər. Taxıl müqaviləsinə xitam verilməmişdən əvvəl NATO iclası da baş tutmuşdu və bu ərəfədə Ərdoğan Ankaranın İsveçin NATO-ya üzvlüyünü dəstəkləyəcəyini açıqlamışdı. Bu, Moskva üçün çox həssas mövzudur, çünki İsveç Baltik dənizinin "ağızında"dır və bu, dənizə çıxışın, hətta nisbi mənada NATO tərəfindən idarə olunacağı anlamına gəlir. Bu isə strateji baxımdan Rusiya üçün ciddi problemdir.

Ona görə də Türkiyə İsveçin üzvlüyünə mane olmasa, Rusiya üçün problemi daha da ağırlaşdıracaq. Moskvanın taxıl sövdələşməsinə son qoymaq qərarı Türkiyənin açıqlamasından sonra baş verdi. Bu arada, taxıl sazişi Ankara üçün vacibdir, çünki o, həmin sazişin mühüm vasitəçisi olmaqla beynəlxalq münasibətlərdə, xüsusən də hazırda baş verən "dünya müharibəsi" rejimində mühüm rol oynayır. Putinin səfəri zamanı İsveçin üzvlüyünü əngəlləməkdə davam etmək müqabilində taxıl müqaviləsini bərpa etmək üçün “alver” olacaqmı? Bizim üçün bu məsələlər, şübhəsiz ki, ilk növbədə, Qarabağla bağlı problemlərə necə və nə dərəcədə təsir edəcəyi kontekstində vacibdir. Türkiyənin diplomatik mənbəsi bildirib ki, Putin və Ərdoğan Ermənistan, Azərbaycan və Türkiyə arasında münasibətlər məsələsini də müzakirə edəcəklər. Bəlkə də burada ən vacib məsələ hansı məsələnin dəyərinin daha böyük olmasıdır: Putin üçün İsveçin üzvlüyünün dayandırılması, yoxsa Ərdoğan üçün taxıl müqaviləsinin bərpası? Həmin nisbət müəyyən dərəcədə Qafqaz məsələsində kimin şərti və ya nisbi "güzəştə gedən" rolunda olacağını müəyyən edəcək.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Ərdoğan  


Bizi "telegram"da izləyin