Fransa Nigerdə müharibəyə daxil olacaq? – Qafqaza təsir qaçılmazdır

2023/08/1691662441.jpg
Oxunub: 1775     14:11     10 Avqust 2023    
Afrikada istidir və bu gün episentri Niger olan bu istiləşmə Fransanın maraqlarına əhəmiyyətli dərəcədə təsir edir. Üstəlik, bu, təsir o qədər də müsbət olmayan kontekstdə baş verir. Nigerdə ​​qiyam baş verdi, hazırkı prezident devrildi və hakimiyyətə gələn yeni qrupun ilk işlərindən biri Fransaya uran ixracını dayandırmaq oldu. Ümumiyyətlə, Nigerdə ​​rusiyayönlü şüarlar, Fransa əleyhinə bəyanatlar səslənir. Uran isə Fransa iqtisadiyyatı və bu kontekstdə Avropa iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir.

Məsələ burasındadır ki, Fransanın enerjisinin təxminən 80 faizi nüvə stansiyalarının payına düşür. Bu mənada Fransa Avropada bir qədər unikal enerji müstəqilliyinə malik ölkədir və bu da öz növbəsində Fransanın beynəlxalq siyasi potensialının mühüm tərkib hissəsidir. Bununla belə, Atom Elektrik Stansiyaları (AES) yanacaq tələb edir ki, uranın da təxminən 35-40 faizi Nigerdən idxal edilir. Ona görə də Parisin Nigerdən Fransaya uran ixracını dayandırmasının nə qədər problem yaratdığını yalnız təsəvvür etmək olar. Bu həm də o mənada problemdir ki, hazırda dünyada urana tələbat qlobal ixracın həcmindən çoxdur. Tələb təklifi təxminən 20.000 ton üstələyir, buna görə də qlobal uran çatışmazlığı mövcuddur.

Bunun Fransa üçün ciddi zərbə ola biləcəyi şübhəsizdir. Paris nə edəcək, Nigerdə ​​hakimiyyəti bərpa etmək üçün mübarizə aparacaq, yoxsa Mali və Burkina-Fasoda olduğu kimi Niger üzərində iqtisadi və siyasi təsirinin itirilməsini qəbul edəcək? Üstəlik, bu proses Fransanın çoxtərəfli və incə təsirini qoruduğu qonşu Seneqalda, digər Afrika ölkələrində zəncirvari reaksiyaya gətirib çıxara bilər. Xüsusilə nəzərə alsaq ki, indiki dünya müharibəsində, dünya nizamının dəyişdirilməsinin mürəkkəb və çətin prosesində supergüclər Afrika və onun resursları uğrunda mübarizə aparır, o zaman qoca qitədə Parisin mövqelərinin zəifləməsinin onun beynəlxalq mövqelərinə də güclü təsir edəcəyini görərik. Bu mübarizədə sözsüz liderlər ABŞ, Çin və Rusiyadır, lakin burada Böyük Britaniya, Türkiyə və müəyyən mənada İranın da iştirakı var.

Fransa üçün Afrika ənənəvi təsir zonasıdır, Fransa “imperiyası”nın qorunub saxlanmış gücünün və Parisin hazırkı xarici siyasətinin mənbələrindən biridir və bu gün onun itirilməsi real təhlükə olaraq qəbul olunur. Bu, Fransanın Niger üzərində birbaşa və ya dolayı müharibəyə girib-girməyəcəyi sualını doğurur. Bu müharibə digər Afrika ölkələri vasitəsilə aparıla bilər. Qərbi Afrika Birliyi artıq Nigerin qanuni prezidentinin geri qaytarılmaması halında hərbi əməliyyat planı hazırladıqlarını açıqlayıb. Aydındır ki, bu plan, arxasında güclü geosiyasi oyunçu olmadan həyata keçirilə bilməz. Və heç bir ölkə Fransadan daha həvəsli deyil. Beləliklə, Paris öz mövqelərini qorumaq və siyasi potensialın əhəmiyyətli dərəcədə itirilməsi təhlükəsini neytrallaşdırmaq üçün bu məsələdə müharibəyə daxil olarsa, bu reallığın təsiri Fransanın mühüm siyasi maraqlarını qeyd etdiyi bütün istiqamətlərdə, o cümlədən Qafqazda özünü göstərəcək.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Niger  


Bizi "telegram"da izləyin