Bu səbəbdən Hindistanın baş naziri Modinin çox yaxınlarda Fransaya səfəri və orada Fransa prezidenti Makronla görüşünə diqqət yetirməyə dəyər. Həmin səfərdən sonra Fransanın “Le Monde” qəzetində Paris və Dehlinin Ukrayna böhranının nizamlanması üçün əvvəlki planlardan əhəmiyyətli dərəcədə fərqli, unikal plan hazırlamaq barədə razılığa gəldiyi barədə məlumat dərc edilməsi Modi ilə ev sahibi Makron arasında müzakirələrin dərinliyindən xəbər verir. Bu isə təkcə böyük dərinlik deyil, həm də çoxşaxəli məkan deməkdir ki, burada da Qafqaz kənarda qala bilməz. Bu, bir qədər özünəməxsus, lakin həm qlobal münasibətlərdə ən yüksək oyunçular qrupunda öz statusunu və rolunu qoruyub saxlamaq istəyən Fransa üçün, həm də qlobal münasibətlərdə həmin qrupa can atan Hindistan üçün xüsusi əhəmiyyət kəsb edir.
Əgər Paris-Dehli münasibətləri Ukraynanın nizamlanması üçün “müstəsna plan”ın hazırlanması kimi mühüm bir vəziyyətə toxunarsa, bu, özlüyündə onun üçün, o cümlədən Qafqazda lazımi geosiyasi çərçivənin təmin edilməsini nəzərdə tutacaq. Yeri gəlmişkən, Fransa və Hindistan arasında sıx əməkdaşlığın daha bir mühüm halı hər iki tərəfin irimiqyaslı hərbi-sənaye müştərək layihələri barədə razılığa gəlməsi barədə məlumatdır. Praktikada Fransa-Hindistan əməkdaşlığı Qafqazda belə bir mexanizmin real rolundan kifayət qədər uzaq olsa da, hazırkı regional münasibətlərin transformasiyasında nəzərəçarpacaq faktora çevrilə bilər. Təbii ki, bu da öz məzmununa görə Ermənistanın ekspansionist siyasətinin əhəmiyyətli dərəcədə qorunub saxlanılmasına şərait yarada bilər.
Bu baxımdan, iyulun 26-da Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhanan ilə görüşməsi xüsusi hal kimi dəyərləndirilməlidir.
Hikmət Hacıyev açıq şəkildə xəbərarlıq edib ki, Azərbaycanın Ermənistanla sülh sazişi üzrə danışıqlar apardığı bir vaxtda Hindistanın bu ölkəyə öldürücü silahlar tədarük etməsi Ermənistanın militarizasiyasına və vəziyyətin gərginləşməsinə yol açır və Cənubi Qafqaz regionunda davamlı sülhün və təhlükəsizliyin bərqərar olmasına maneələr törədir: "Bu, həm də Hindistanın özünün bəyan etdiyi beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasəti, eləcə də bu ölkənin də təmsil olunduğu Qoşulmama Hərəkatının tarixi "Bandunq prinsipləri" ilə uyğun gəlmir".
Hikmət Hacıyev Hindistan səfirini Azərbaycan tərəfinin ciddi narahatlığının rəsmi Dehlinin diqqətinə çatdırmağa və Hindistanı Ermənistana öldürücü silahların tədarükü ilə bağlı qərarını bir daha nəzərdən keçirməyə çağırıb.
Beləliklə, deyə bilərik ki, Fransa-Hindistan tandeminin daxili və regional siyasəti Azərbaycanla münasibətləri korlamağa xidmət edir. Ermənistanın səhvi regional qarşıdurmada olan qlobal gücləri öz ərazisinə gətirməkdir. Təbii ki, bu, Ermənistan üçün çox pis nəticələrə gətirib çıxaracaq. Çünki bu qədər qlobal siyasi ziddiyyəti olan dövlətləri öz ölkəsinə cəlb edərək balans yaratmaq cəhdi çox səhv yanaşmadır. Suriya və İraq da belə düşünürdü. Qərblə Rusiyanın, İranın, Çinin qarşıdurmasından bəhrələnmək cəhdi sonda həmin ölkələrə dağıntılar, fəlakət gətirdi. Ermənistanın da bu siyasəti Suriyanın taleyinin yaşanmasına səbəb ola bilər.
Aqil Məmmədov
Ordu.az