Hər şey F-16 təyyarələrindəki LN-39 Ətalətli Naviqasiya Sistemi ilə başladı – ASELSAN-ın daha bir uğur hekayəsi (II YAZI)

2023/06/1686986686.jpg
Oxunub: 7154     14:19     21 İyun 2023    
(II yazı. I yazını BURADAN oxuya bilərsiniz)

1980-ci illərdə Türkiyə Hərbi Hava Qüvvələri üçün F-16 tamamilə yeni bir sistem demək idi. Bir tərəfdən gövdə və son montaj TUSAŞ, mühərrik isə TEI tərəfindən həyata keçirilirdi. Təyyarənin beyni olan Ətalətli Naviqasiya Sisteminin istehsalı da ASELSAN-a verilmişdi. Bu sistem ASELSAN-ın bu gün mühüm sistem inkişaf etdiricisi və avionika istehsalçısı olması üçün ilk qığılcım oldu.

Bu qığılcımın yaranmasında Türkiyə Hərbi Hava Qüvvələrinin mühüm töhfəsi var idi. Daim sıradan çıxan sistemlər səbəbindən ASELSAN-a ciddi tələbat yaranmışdı. LN-39-u Türkiyədə istehsal etmək mümkün idimi?

T-38M modernləşdirməsi

2008-ci ildə Hərbi Hava Qüvvələri Komandanlığının inventarında olan T-38 “Talon” Təlim Təyyarəsinin avionika modernizasiyası çərçivəsində Missiya Kompüteri və Əməliyyat Uçuş Proqramı hazırlanıb və modernləşdirilmiş avionika kompleksinin inteqrasiyası həyata keçirilib.

Müdafiə Sənayesi Komitəsi tərəfindən həyata keçirilən və 2012-ci ildə imzalanan “Özgür” Layihəsi çərçivəsində F-16 təyyarələrinin ən kritik komponenti olan missiya kompüteri və Əməliyyat Uçuş Proqramının milliləşdirilməsi, pilot iş yükünü azaldan kabinə arxitekturasına əsaslanan avionika modernizasiyasının həyata keçirilməsi və xarici asılılıq olmadan milli sursatların inteqrasiyası hədəfi ilə F-16 “Blok-30” təyyarəsindəki bütün avionika və silah sistemlərini idarə edən Milli Missiya Kompüterinin proqram və texniki təchizatı ilk olaraq ASELSAN tərəfindən hazırlanıb.

Bundan əlavə, avionikanın modernləşdirilməsi çərçivəsində bu layihə üçün ASELSAN tərəfindən xüsusi olaraq hazırlanmış 10 unikal avionik sistemin və hazırda təyyarədə olan 40-dan çox avadanlığın Milli Missiya Kompüterinə inteqrasiyası ASELSAN tərəfindən həyata keçirilib. Milli Missiya Kompüter arxitekturası genişlənmə potensialı olan çevik dizayn həlli təklif edir və gələcəkdə lazım ola biləcək sistem və imkanların F16 təyyarəsi ilə inteqrasiyası ilkin olaraq hazırlanmış Əməliyyatlar Uçuş Proqramı sayəsində mümkün olur.

“Özgür” Layihəsindən əldə edilən nailiyyətlərlə, sonrakı müddətdə “Blok-40/50” təyyarələrinə bənzər avionik inteqrasiyaların həyata keçirilməsi, “Özgür” konfiqurasiyasına çatdırılan F-16 təyyarələrinə əlavə olaraq AESA radar, FEWS (Fighter Electronic Warfare System), “Gökdoğan” “hava-hava” raketi və s. inteqrasiyalar planlaşdırılır.


2014-cü ildə imzalanmış Ümumi Məqsədli Helikopter Proqramı Türkiyə Müdafiə Sənayesi İcraiyyə Komitəsinin qərarı ilə Quru Qoşunları Komandanlığı, Hərbi Hava Qüvvələri Komandanlığı, Jandarma Baş Komandanlığı, Xüsusi Təyinatlı Qüvvələr Komandanlığı, Təhlükəsizlik Baş İdarəsi və Meşə Təsərrüfatı Baş Müdirliyi olmaqla 6 istifadəçinin ümumilikdə 109 ümumi məqsədli helikopter ehtiyacını qarşılamaq üçün başladılıb.

Layihə çərçivəsində “Sikorsky” şirkətinin S-70i model helikopteri lisenziya altında istehsal modeli ilə Türkiyədə istehsal olunacaq və istehsal lisenziyası Türkiyənin gələcək ehtiyaclarını qarşılamaq üçün ümumilikdə 300 helikopterin istehsalını əhatə edir.


S-70i “Black Hawk” helikopterinin mövcud uçuş və missiya idarəetmə sistemi əvəzinə ASELSAN tərəfindən hazırlanan ASELSAN Missiya İdarəetmə Sistemi - yanda - (IMAS-Integrated Modular Avionic System) inteqrasiya edildikdə son konfiqurasiyadakı helikopter T-70 “Kara Şahin” adlanacaq.

Proqram təminatı və avadanlıqları beynəlxalq aviasiya standartlarının ən yüksək təhlükəsizlik səviyyəsinə uyğun olaraq hazırlanmış ASELSAN Missiya İdarəetmə Sistemi (IMAS) rəqəmsal kabinə displeyləri vasitəsilə helikopterdəki bütün sistemlərin idarə olunmasını təmin edir. Helikopterin naviqasiyası, rabitəsi, dost-düşmən tanıması, radioelektron döyüş və elektro-optik sistemləri də ASELSAN tərəfindən hazırlanıb.

2014-cü ildə imzalanan “Hürkuş-B” Yeni Nəsil Əsas Təlim Təyyarəsi Layihəsi çərçivəsində ASELSAN tərəfindən əsas avionik sistemlər, xüsusilə missiya kompüteri və kabinə displeyləri ilə birlikdə Əməliyyat Uçuş Proqramı və Rəqəmsal Xəritə Sistemi hazırlanıb.


ASELSAN tərəfindən mülki sertifikatlaşdırma proseslərinə uyğun olaraq həyata keçirilən sistem, proqram təminatı və texniki vasitələrin inkişafı və yoxlama fəaliyyətlərinin hər bir mərhələsi Müdafiə Sənayesi Komitəsi, Hərbi Hava Qüvvələri Komandanlığı və TUSAŞ-dan ibarət olan Sertifikatlaşdırma Təşkilatı tərəfindən Mülki Aviasiya Standartlarına uyğunluq baxımından yoxlanılıb və təsdiq edilib.

Türkiyə müdafiə sənayesində DAL-B səviyyəsində olan bütün DO-254 SOI prosesləri “Hürkuş-B” layihəsi çərçivəsində ilk dəfə uğurla başa çatdırılıb. 2014-cü ildə imzalanan “Anka-S” Layihəsi çərçivəsində Uçuş İdarəetmə Kompüteri, Missiya Kompüteri, İnertial Naviqasiya Sistemləri, IFF Dost-Düşmən Tanıma Sistemi, V/UHF Radio və CATS Elektro-Optik Kəşfiyyat, Müşahidə və Hədəfləmə Sistemi TUSAŞ-a təhvil verilib.

2015-ci ildə imzalanan “Özgün” Helikopter Proqramı çərçivəsində milli olaraq dizayn və inkişaf etdirilən hərbi və mülki yüngül sinif prototip helikopterləri üçün əsas kabinə avadanlıqları başda olmaqla avtomatik uçuş idarəetmə kompüteri, hava vasitəsinin vəziyyətini izləmə kompüteri, missiya və uçuş idarəetmə proqramları ASELSAN tərəfindən mülki sertifikata uyğun olaraq hazırlanıb.

Türkiyə Müdafiə Sənayesi Komitəsinin və TUSAŞ-ın əsas podratçılığı ilə həyata keçirilən, ASELSAN-ın yeni nəsil ağıllı kabinə displeyləri və unikal avionik sistemləri ilə təchiz edilən “Gökbey” ümumi məqsədli helikopterinin ilk uçuşu 2018-ci il sentyabrın 6-da uğurla həyata keçirilib.

İstifadəçilər tərəfindən yüksək qiymətləndirilən yeni nəsil ağıllı kabinə MATE (Modular Avionics Touchscreen Environment) iki 8 düym x 20 düym və 8 düym x 10 düymlük toxunma indikatorundan ibarət olmaqla pilotların iş yükünü azaldır və uçuş təhlükəsizliyini maksimum dərəcədə artırır. Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) və Mülki Aviasiya Baş Direktorluğunun (SHGM) mülki aviasiya standartlarına uyğun olaraq hazırlanmış MATE pilotlara sensor ekranlı kabinə displeyləri vasitəsilə helikopterdəki bütün sistemləri idarə etməyə imkan verir.

Helikopterin naviqasiyası, rabitəsi, dost-düşmən tanıması, radioelektron döyüş və elektro-optik sistemləri də ASELSAN tərəfindən hazırlanıb. ASELSAN həmçinin “Gökbey” ümumi məqsədli helikopterinin uçuş və missiya idarəetmə proqramını inkişaf etdirib. Bu proqram helikopterə dünyanın bütün mülki hava məkanlarında RNP 0.3 (Required Navigation Performance 0.3) səviyyəsinə qədər Performans Əsaslı Naviqasiya (Performance Based Navigation) yerinə yetirməyə imkan verir.

ASELSAN-ın unikal rəqəmsal xəritəsi və maneə aşkarlama sistemi proqramı sayəsində pilotların ən çətin şərtlərdə belə təhlükəsiz uça bilməsi hədəflənir.

2017-ci ildə imzalanan TEMREN Layihəsi (“Sea Hawk” helikopterlərinə UMTAS G/M sisteminin inteqrasiyası ve G/M təchizatı) çərçivəsində Hərbi Dəniz Qüvvələri Komandanlığının inventarında olan 24 ədəd S-70B “Sea Hawk” helikopterinə TEMREN (LUMTAŞ/UMTAS) idarə olunan sursatların inteqrasiyası ASELSAN-ROKETSAN iş ortaqlığı modeli ilə həyata keçirilir.

2018-ci ildə Müdafiə Sənayesi Komitəsi ilə imzalanan Milli IFF İnkişaf və İnteqrasiya Layihəsi çərçivəsində ASELSAN tərəfindən hazırlanmış milli IFF sistemləri Hərbi Hava Qüvvələri Komandanlığı platformalarına (F-16 “Blok 30TM” C versiyası, F-16 “Blok 40M” C və D versiyaları, F-16 “Blok 50M” C və D versiyaları, F-16 “Blok 50+” C və D versiyaları, C-130, CN-235, KC- 135, CIT-II, CIT-VII, G-IV, G-550 təyyarələri, AS-532 “Cougar” helikopterləri) inteqrasiya olunub.

Avionika məhsullarının platformalara inteqrasiyası çərçivəsində, DO-178-ə uyğun olaraq ASELSAN mühəndisləri tərəfindən başda missiya kompüter proqramı olmaqla, təxminən 15,5 milyon sətir avionik proqram mənbə kodu hazırlanıb. Türkiyə aviasiya sahəsində avionik proqram təminatı hazırlamaq imkanı qazanıb, platformalar da bu proqramlar sayəsində milliləşdirilib.

Əldə edilən bu səriştə ilə başda milli sursatlar olmaqla, ölkə daxilində hazırlanan və istehsal olunan bütün sistemlərin platformalara inteqrasiyası heç bir xarici platforma istehsalçısından asılı olmadan milli olaraq həyata keçirilə bilər.


ASELSAN orijinal avadanlığın layihələndirilməsi və bu avadanlıqlar üzərində öz proqram təminatının yaradılması ilə aparat və proqram təminatının ən incə detallarına yiyələnməyi təmin edir və uçuş təhlükəsizliyi üçün çox vacib olan aparat-proqram təminatı inteqrasiyasını ən effektiv şəkildə həyata keçirə bilir. Eyni zamanda inteqrasiya mərhələsində qarşılaşa biləcək problemlərə həm “hardware”, həm də proqram təminatı qrupları ilə eyni vaxtda müdaxilə edərək sürətli həllər yarada bilir.

ASELSAN müxtəlif layihələrdə qazandığı təcrübə və uzun illər müxtəlif səlahiyyətli orqanlarla həyata keçirilən avionik sertifikatlaşdırma fəaliyyətləri sayəsində DO254 avionik aparat və DO-178 avionik proqram sertifikatı sahələrində yetkin proseslərə, səlahiyyətli və təcrübəli insan resurslarına malikdir. Beynəlxalq səviyyədə olan sertifikatlaşdırma səriştələri ilə hazırlanmış məhsullar ən yüksək kritiklik və dizayn təminatı səviyyəsində uçuşa yararlılıq və təhlükəsizlik tələblərinə cavab verə bilər.

Sertifikatlaşdırma və proqram təminatı

Bu kontekstdə CAST-32A çoxnüvəli prosessor sertifikatı, qrafik prosessor sertifikatı, SCA (Structural Code Analysis) proqram təminatının əhatə analizi, WCET (Worst Case Execution Time) analizi, obyekt kodu analizi, SEE (Single Event Effect) analizi, FFPA (Functional Failure Path Analysis) analizi, COTS IC və IP sertifikatı, qabaqcıl kompleks aparat yoxlama metodları, dizayn və yoxlama vasitələrinin kvalifikasiyası, möhkəmlik sınaqları, HALT HASS sınaqları kimi bir çox ixtisaslaşdırılmış sahələrdə yüksək səviyyəli təcrübə və bacarıq əldə edilib.

ASELSAN bütün aviasiya layihələrində dizaynları ortaq texnologiya qrupları tərəfindən həyata keçirir, bu sayədə bütün layihələr yaxın koordinasiya altında işləyən sistemlər, aparat, proqram təminatı və mexanika qrupları tərəfindən hazırlanır, beləliklə bilik və layihələr arasında paylaşma ilə təkrar istifadəni ən yüksək səviyyədə saxlayır.

ASELSAN-ın birinci nəsil avionika aparat arxitekturası VME əsaslı tək nüvəli prosessor və interfeys kartlarından və onlara əlavə edilmiş PMC standart kartlarına əsaslanan strukturdan istifadə edir. Bu aparat üzərində real vaxt əməliyyat sistemi ilə uyğun kart dəstək paketləri (BSP) və sürücü proqramı və bunların üzərində qurulmuş ARINC-653 əsaslı avionik proqram arxitekturası hazırlanıb və “Atak”, T-38, “Anka”, ASELPOD proqramlarında istifadə edilib.


ASELSAN-ın növbəti nəsil ümumi aparat və proqram təminatı arxitekturası VPX standartı əsasında hazırlanıb və “Com Express” mini modul faktorlu tək lövhəli kompüter həlləri ilə genişləndirilə bilər. “Özgür”, “Hürkuş”, Ümumi Məqsədli Helikopter, “Anka-S”, “Gökbey” helikopter platformalarında çoxnüvəli prosessor avadanlığı üzərində qurulmuş ARINC-653 əsaslı ortaq proqram arxitekturasından istifadə etməklə sərfəli həllər yaradılıb. Beləliklə, DO-254 və DO-178C sertifikatlaşdırma yük və xərclərinin təkrarlanmasının qarşısı alınaraq, hazır sertifikatlaşdırıla bilən infrastruktur yaradılıb.

ASELSAN VPX əsaslı AVPX-C4C Avionik Prosessor Kartı ilə elektron kart dizaynı avtomatlaşdırılması proqram təminat sahəsində dünya lideri olan “Mentor Graphics” (Siemens) şirkətinin PCB “Technology Leadership Awards” (TLA)-2015 yarışmasında ən çətin kateqoriya olaraq ifadə edilən Müdafiə, Aviasiya və Kosmos kateqoriyasında dünya ikincisi olub.

2012-ci ildə ASELSAN İsrailin “IAI Elta” şirkətini keçərək Müdafiə, Aviasiya və Kosmos kateqoriyasında dünya birincisi olub. Əvvəlki illərdə bu kateqoriya üzrə birinci və ikincilər arasında NASA, “General Electric”, “Selex Galileo”, L-3 “Avionics Systems”, “General Dynamics”, BAE, DRS və “Astrium” kimi dünyanın aparıcı müdafiə sənayesi şirkətləri olub. ASELSAN-ın aldığı bu mükafatlar ASELSAN-ın beynəlxalq arenada elektron kart dizaynı sahəsində səriştəsini bir daha sübut edib.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   LN-39   F-16  


Bizi "telegram"da izləyin