İdarəolunan partlayıcı qurğular necə aşkar edilir?

2023/08/1692963409.jpg
Oxunub: 499     12:22     26 Avqust 2023    
Məlumdur ki, müharibələrdə döyüşən tərəflər düşmənin texnika və canlı qüvvəsini məhv etmək məqsədi ilə partlayıcı qurğulardan geniş istifadə edir. Partlayıcı qurğuların tətbiq sahəsini genişləndirmək və bu sahədə effektivliyi artırmaq üçün belə qurğular texnoloji yeniliklər əsasında daim təkmilləşdirilir.

Son 50 ildə dünyada terrorizmin yayılması partlayıcı qurğuların dinc əhaliyə qarşı istifadəsini çox genişləndirmişdir. Partlayıcı qurğulardan istifadə edən terroristlər hər il minlərlə günahsız insanı qətlə yetirirlər. Müxtəliftipli partlayıcı qurğular bəşəriyyət üçün qlobal təhlükə mənbəyi sayılır. Lokal müharibələr aparılan, o cümlədən terrorun hədəfinə çevrilmiş müxtəlif ölkələrin statistik məlumatlarına görə qeydə alınan qətl faktlarının yarıdan çoxu partlayıcı qurğuların payına düşür. Ona görə də bu tip qurğular terrorçular üçün yeganə və ən əhəmiyyətli silah hesab olunur.

Aparılan müxtəlif tipli döyüş əməliyyatlarında, o cümlədən terrora qarşı mübarizədə düşmənin (terroristin) quraşdırdığı partlayıcı qurğuların qabaqcadan aşkarlanması və məhv edilməsi (zərərsizləşdirilməsi) istiqamətində tutarlı nəticələrə nail olmaq dövrün ən aktual məsələlərindən biridir.

Müasir döyüş əməliyyatlarında, o cümlədən terrorçuluq fəaliyyətində təsiri daha effektiv olan naqil və ya radio ilə idarəolunan partlayıcı qurğulardan (İPQ) geniş istifadə olunur. Adətən, belə qurğular 100-400 m məsafədən idarə olunur. Bu tip İPQ-nin yaxın məsafədə idarə olunması təhlükəsizlik baxımdan məqsədəuyğun sayılmır. İPQ-ləri əvvəlcədən aşkar edib zərərsizləşdirmək istiqamətində müxtəlif üsullardan istifadə edilsə də, bu üsulların optimallaşdırılması istiqamətində axtarışlar davam edir. Təhlil zamanı nəzərdən keçirilən üsullardan biri qeyri-xətti radiolokasiya stansiyası (QXRLS) vasitəsilə İPQ-nin yerinin müəyyənn edilməsidir. Şəkil 1-də torpaqda quraşdırılmış radio ilə idarəolunan partlayıcı qurğunun aşkar edilməsi sxematik olaraq göstərilib.

Terroristlər tərəfindən istifadə olunan partlayıcı qurğularda qəlpə kimi, adətən, müxtəlif təyinatlı metal hissələrindən istifadə olunur. İPQ-nin həcmindən asılı olaraq onların tərkibində qəlpələrin ümumi çəkisi bir neçə qramdan bir neçə kioqrama qədər ola bilər.

İPQ konstruksiyalarında, adətən, elektron komponentlər (diod, tranzistor, triod, mikrosxem və s.) yerləşdirilir və bunlar radioidarəetmə dövrəsinin sxemində istifadə olunur. Bütün bu komponentlər qeyri-xətti elektromaqnit xassələrə (volt-amper, volt-farad və s.) malik olduğundan qeyri-xətti radarlarla axtarış obyektinin şüalandırılma yolu ilə ultrayüksək tezliklərin (desimetrik dalğaların) əks olunması hesabına aşkar olunmasına şərait yaradır.

İPQ elektrik sxemi dövrəsində tətbiq olunan elementin elektrik müqaviməti gərginlik və ya cərəyandan asılı deyilsə, bu element xətti element adlanır (şəkil 2).


Torpaqda quraşdırılmış radio ilə idarəolunan partladıcının aşkar edilməsinin prinsipial sxemi


Xətti və qeyri-xətti elementlərin volt-amper xarakteristikası (a) xətti, (b) qeyri-xətti)

Göstərilmiş xarakteristikalardan tgα = İ/U = 1/R0 kimi təyin olunur. Burada R0 statik müqavimət və yaxud sabit cərəyana qarşı olan müqavimətdir. Xətti dövrələrin çıxışındakı siqnalın spektri elə toplananlara malik olur ki, bunlar giriş siqnalında var, başqa sözlə, xətti dövrələrdən siqnal keçərkən yeni tezlik toplananları yaranmır. Dövrənin heç olmasa, bir elementinin parametrləri cərəyan və gərginlikdən asılı olub, zamandan asılı olmazsa, belə dövrə qeyri-xətti dövrə adlanır.

Qeyri-xətti sahədə effektiv səpmə (saçma) aşağıdakı düsturla müəyyən edilir:




Hazırda çoxlu sayda daşınan qeyri-xətti radarlar mövcuddur ki, bunlar, əsasən, gizli qurğuları (informasiya təhlükəsizliyi məqsədi ilə) müəyyən etmək üçün tətbiq olunur. Yalnız onlardan az bir hissəsi xüsusi olaraq partladıcı qurğuların axtarılması məqsədi ilə istehsal edilir. Belə texniki vasitələrdən ИНМ-М, «КАРШУН», “Циклон – М2Ч”, “Циклон М1А” (şəkil 3), Anker-4E və digərlərini göstərmək olar


Kiçikölçülü qeyri-xətti lokatorlar: a) “Циклон – М2Ч”; b) “Циклон М1А”

“Циклон – М2Ч” kiçikölçülü qeyri-xətti lokator olub, əsasən, GSM və NMT-450 diapazonlarında işləyir. “Циклон – М2Ч” binalarda, otaqlarda, aktiv və qeyri-aktiv şüalandırıcı vasitələri və elektron idarəetməyə malik olan partladıcıları 10 m məsafədə müəyyən etmək imkanına malikdir. Onun vasitəsi ilə qalınlığı 80 sm olan dəmir-beton divarlarda, 150 sm qalınlıqlı kərpic və taxta divarlarda, bütün növ döşəmə örtüklərində axtarış həyata keçirmək mümkündür.Cədvəl 1-də “Циклон – М2Ч” və “Циклон – М1А” tipli kiçikölçülü qeyri-xətti lokatorların əsas parametrləri verilib.

Cədvəl 1

Araşdırmalar nəticəsində belə qənaətə gəlmək olar ki, lokal müharibələrdə, maşın kolonları keçən yollarda və insanların toplaşdığı yerlərdə quraşdırılmış idarəolunan partlayıcıların müəyyən edilməsi üçün qeyri-xətti radiolokasiya stansiyaları ilə birlikdə müvafiq radiosusdurucuların tətbiq edilməsi də vacibdir. Radiosusdurucunun tətbiqinin qeyri-xətti radiolokasiya stansiyasının qəbuledicisinin işini əngəlləməməsi üçün mütləq qaydada tezlik spektrləri qabaqcadan razılaşdırılmalıdır. Radiosusdurucuların tətbiqi ilə partladıcının idarəetmə siqnalı əngəllənir və işə salınması qeyri-mümkün olur.

Maşın kolonlarının təhlükəsizliyini təmin etmək məqsədi ilə radiosusdurucunun təsir sahəsini nəzərə almaqla onları kolonların müvafiq yerlərində yerləşdirmək tələb olunur. Şəkil 4-də maşın kolonlarında radiosusdurucunun tətbiqi sxematik olaraq göstərilib. Radiosusdurucuların maşın kolonunda yerləşdirilməsi zamanı radiodalğaların yayılmasına mənfi təsir göstərə bilən amillər (sərt döngələr, binalar, körpülər, tunellər, meşə sahələri və s.) mütləq şəkildə nəzərə alınmalıdır.


Radiosusdurucuların maşın kolonunda tətbiqi

Nəticə

Tədqiqatların təhlili göstərir ki, idarəolunan partlayıcıların aşkar edilməsi üçün istifadə edilən üsulların içərisində ən effektivi qeyri-xətti radiolokasiya stansiyalarının tətbiqidir.Hazırda mövcud olan QXRLS aşkaretmə məsafəsinin 1–16 m olması, onun aşkaretmə məsafəsinin artırılmasını mühüm tədqiqat sahələrinə aid edir. Bununla yanaşı, təhlükəsizlik baxımından idarə olunan partlayıcıların aşkar edilməsi üzrə iş apararkən axtarılan ərazinin müvafiq tezlik diapazonunda tam susdurulması vacib hesab edilir. Həmçinin yoxlanılan ərazi, obyekt və ya sahədə radiosiqnalların yayılmasına mənfi təsir göstərə biləcək amillər (meşə sahəsi, yolun döngələri, binalar, tunellər və s.) mütləq qaydada nəzərə alınmalıdır.

Yuxarıda qeyd olunan məsələlərə əməl etməklə İPQ təsirini azaltmaq, neytrallaşdırmaq, qabaqcadan xəbər vermək və qarşısını almaq mümkündür.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-ordusu  


Bizi "telegram"da izləyin